Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2429/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" MMC-nin direktoru X6 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X12, şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, direktoru olduğu "xxxx" MMC artıq uzun müddətdir ki, tikinti fəaliyyəti ilə məşğuldur. Həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə bir çox dövlət və xüsusi layihələrin icrasını bütün standartlara uyğun və keyfiyyətlə yerinə yetirməkdə davam edir. Xüsusən də, ölkə rəhbərliyinin nəzarətində olan, dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olaraq, işğaldan azad edilmiş ərazilərdə nöqsansız tikinti işləri görülür. Bu müddət ərzində bütün işçilər ilə rəsmi əmək müqavilələri, subpodratçılarla isə xidməti müqavilələr bağlanılır. X2 xx.xx.2024-cü il tarixində "xxxx" MMC-yə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla göndərilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar həm prosessual, həm də maddi baxımdan əsassız və qeyri qanunidir. Azərbaycan Respublikası İXM-nin 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməli olan təqdirdə, X8 Xidmətinin əmək müfəttişi X9 tərəfindən tərtib olunan “inzibati xəta haqqında” protokolda onun icraatda iştirak etmədiyi qeyd edilmişdir. Halbuki, X3 xx.xx.2024-cü il tarixli məktubu yalnız xx.xx.2024-cü il tarixində "xxxx" MMC-yə daxil olmuş və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixinə, saat 14:30-a təyin edilən iclasda iştirak edilməmişdir. Buna baxmayaraq, məktub daxil olan günü həm “qaynar xətt” vasitəsilə, həm də cavab məktubu ilə iclasda iştirak edilməmənin səbəbi qeyd olunmuş, əmək müqaviləsi bildirişi sistemə daxil edilməmiş şəxslər haqqında məlumat verilməsi xahiş olunmuşdur. Bundan sonra “əmək və məşğulluq altsistemi” vasitəsilə (https://emas.sosial.gov.az/) xx.xx.2024-cü il tarixində daxil olan yeni məktubda inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixinə, saat 12:00-a təyin edilən iclasda iştirak edilməsi xahiş edilmişdir. X8 Xidmətindən "xxxx" MMCyə daxil olmuş məktuba əsasən şirkətin etibarnamə üzrə nümayəndəsi olan X10 xx.xx.2024-cü il tarixində X8 Xidmətinin dəvəti əsasında saat 12:00-da Xidmətdə olmuşdur. Əməkdaş Xidmətdə olarkən və Əvəz Səfərov tərəfindən qəbul edilərkən, Ə.Səfərova etibarnamə və işlə bağlı olan digər sənədlər təqdim edilmişdir. Bundan başqa əməkdaşları məsələnin tərəflərindən ətraflı araşdırılması məqsədilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə "xxxx" MMC tərəfindən icazə alındığı iddia edilən şəxslərin siyahısının verilməsi istənilsə də, Ə.Səfərov həmin adların onda olmadığını və dəqiq məlumata sahib olmadığını vurğulamışdır (halbuki Ə.Səfərov tərəfindən tərtib olunan inzibati xəta haqqında protokollarda üç şəxs barədə ətraflı məlumat verilmişdir). Həm yazılı, həm də şifahi formada X2 əmək müqaviləsi bildirişi sistemə daxil edilməmiş şəxslər haqqında məlumat verilməsi xahiş olunsa da, bugünədək bu barədə "xxxx" MMC-yə hər hansı rəsmi məlumat verilməmişdir. X8 Xidməti tərəfindən "xxxx" MMC-yə daxil olan bütün məktublarda işğaldan azad edilmiş ərazilərə “iş icazəsi” alındığı qeyd edilir, halbuki adından da göründüyü kimi (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi) bu sistemdə hər hansı “iş icazəsindən” söhbət belə getmir. X5 göndərilmiş cavab məktublarında dəfələrlə vurğulanmışdır ki, "xxxx" MMC öz işçilərinin hamısı ilə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlayır və onları müvafiq qaydada qeydiyyatdan keçirir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə müraciət üçün daxili qaydalara əsasən, həmin sistemə giriş hüququ yalnız iqtisadi rayonda müvafiq tikinti və digər işlər üzrə sifarişçi olan dövlət qurumlarına aiddir. Sifarişçi olan dövlət qurumlarına isə yalnız həmin dövlət qurumları ilə müqaviləsi olan baş podratçı şirkətlər öz adından müraciət edə bilər. Belə olan halda subpodratçı şirkətlərin əməkdaşlarının da əraziyə giriş üçün müraciətləri, baş podratçı tərəfindən həyata keçirilir. Bu həmin işçilərin "xxxx" MMCnin işçilərinin olması anlamına gəlmir. Üstəlik "xxxx" MMC ilə bütün subpodratçılar arasında bağlanan müqavilələrdə mütləq şəkildə vurğulanır ki, “işlərin görülməsi üçün cəlb etdiyi bütün işçilərlə əmək müqaviləsinin bağlanmasına zəmanət vermək, təmin etmək. Hər bir halda işçilərlə əmək müqaviləsinin bağlanmamasına görə tam maddi məsuliyyət daşımaq birbaşa podratçının öhdəliyindədir”. Buna baxmayaraq, Ə.Səfərov tərəfindən tərtib olunan yanlış “inzibati xəta haqqında” protokollarda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə istinad olunmuşdur. Bu maddəyə istinad edilməsi təkrarən sübut edir ki, "xxxx" MMC tərəfindən X5 göndərilmiş məktublara səthi yanaşılır, protokolda göstərilən şəxslər bizim şirkətin əməkdaşı olmadığı təqdirdə, həmin şəxslər şirkət tərəfindən hər hansı işə cəlb olunmadığı təqdirdə "xxxx" MMC-yə qeyd edilən şəxslərə münasibətdə “işəgötürən” deyilir və buna istinadən qanunsuz olaraq 192.1-ci maddəyə əsasən protokol tərtib olunur. Qeyd olunanların nəzərə alınaraq X8 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X12 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4, X11 və X7 xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, X8 Xidməti tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X6 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Bu isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X12 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X12 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X12 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin Xidmətə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2429/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2429/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver