Məhkəmə qərarları › İş №3(005)-2430/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2430/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2430/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22530018 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22530018 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ tərəfindən xx.xx.2024-cü il tarixində Bakı şəhəri, X5 prospekti 21 b, GPS 40,4005. 49.8528 ünvanında hərəkətdə olduğu zaman sürət həddinin aşılması əsas gətirilərək, onun barəsində protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli qərara əsasən 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, onun barəsində tərtib edilmiş protokol və qərar əsassızdır və qərar ləğv edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, idarə etdiyi “İnfiniti QX70” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sürət həddinin aşması (50 km yoxsa 100 km həddində) göstərilməmişdir. Hərəkətdə olduğu zaman sürət həddinin neçə km həcmində olduğu və sürət həddinin aşılması, həmçinin sürət həddini bildirən nişan, işarə inzibati xəta haqqında protokola və ya qərara əlavə edilməli idi. SMS vasitəsi ilə və Asan pay vasitəsi ilə məlumatlandırıldığında şəxsi kabinetdə həmin xətaya görə 2 bal əlavə olaraq tənbeh kimi qeyd edilmişdir. Lakin mübahisələndirilən qərarda ona bal növündə tənbeh qeyd edilmədiyi görünməkdədir. Qeyd etmək istəyir ki, həmin zaman idarə etdiyi avtomobildə sürət həddi protokolda və qərarda qeyd edilən həcmdə olmamışdır. Əlavə olaraq qeyd edir ki, AsanPay elektron sisteminə əlavə edilən videogörüntüdə sürət həddinin artması/azalması və ya ölçülməsi ilə bağlı göstəriş mövcud deyil, həmçinin BDYPİ-nin mərkəzi informasiya sistemində də mövcud deyildir. İnzibati iş üzrə materiallara əlavə etdiyi ASANPAY sistemindəki fotoşəkillərə diqqət edilsə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı tam şəkildə, düzgün qeyd edilməmişdir. Bu hal da onu ehtiva edir ki, DYP əməkdaşının istifadə etdiyi elektron cihaz nasazdır. İnzibati qanunvericiliyə əsasən inzibati xətanın törədilməsində istifadə olunan xüsusi texniki vasitənin növü, tipi, son dəfə müqayisəli dövlət yoxlamasından keçməsi ilə bağlı qeydlər olmalıdır. Göründüyü kimi xətanın aşkar edilməsində DYP əməkdaşının istifadə etdiyi texniki vasitə düzgün şəkildə işləməməsi inzibati xətanın törədilməsini şübhə altına alan məqamlardandır. X1 yol hərəkəti qaydalarının yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr inzibati tənbehvermə haqqında qərarda və ya protokolda öz əksini tapmalıdır. İnzibati xətanın baş verməsi tam şəkildə sübuta yetirilmədiyini qeyd edir. Yuxarıda qeyd etdiyi nüanslardan görünür ki, İXM-nin 328.2-ci maddəsi ilə inzibati xətanı törətdiyi iş materialları ilə tam şəkildə sübuta yetirilməmişdir. Qərardakı şübhəli məqamların aydınlaşdırılması üçün inzibati orqana DİN-nə elektron sistem və Asan pay portalı vasitəsi ilə şikayət ünvanlasa da, Asan Pay portalının şikayətlərə baxılması sisteminin mart ayından bəri işləmədiyi qaynar xətt vasitəsi ilə ona bildirilmişdir və bu səbəbdən şikayətinə baxılması və ya araşdırılması mümkün olmamışdır. Qərar və protokolun təqdim edilməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində qərarın surəti ona təqdim edilmişdir. Göründüyü kimi şəkillərdən, qərar, sənədlər və hadisə yerinə baxış zamanı əməlində inzibati xəta tərkibinin olmadığı açıq-aşkar görünməkdədir. Bu səbəbdən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd etdiklərini nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin EQ 22530018 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22530018 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 07:33-də “İNFİNİTİ QX 70” minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Təqdim olunmuş fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 07:33 radələrində 77-X-078 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən sürət həddi aşılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22530018 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarda X2 xx.xx.2024-cü il tarixdə saat 07:33-də “İNFİNİTİ QX 70” minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXMnin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi qeyd olunsa da, lakin məhkəmə iclasında tədqiq olunan fotoşəkillərdə isə xx.xx.2024-cü il tarixdə, saat 07:33 radələrində 77-X-078 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən sürət həddinin aşılması görsənir. Bununla da, inzibati xəta hadisəsinin iştirakçısı olmuş avtomobilin X2 idarə etdiyi “İNFİNİTİ QX 70” minik markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil olması şübhə doğurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 122.1-ci Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə də, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X3 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində EQ 22530018 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22530018 saylı, xx.xx.2024cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 22530018 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar