Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2430/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X7 nümayəndəsi X4 iştirakı ilə, Şikayət vermiş şəxs X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 2 iyul 2025-ci il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 2 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhəri 193 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Şahid xx.xx.2025-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət almış və bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün tərəfindən X9 Xidmətinə məlumat verilmədiyi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta, yəni “İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi” inzibati xətası törədildiyi qeyd olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən X9 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmamışdır. Bakı şəhəri 193 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Şahid və yaxud hadisəyə şahidlik etmiş şəxslər tərəfindən baş vermiş hadisə ilə bağlı nə Bakı şəhəri 193 nömrəli körpələr evi-uşaq bağçasının tabe olduğu quruma - Bakı şəhəri üzrə təhsil idarəsinə, nə də şəxsən ona rəsmi və ya qeyri-rəsmi şəkildə heç bir məlumat verilməmişdir. X9 Xidmətinin Bakı şəhər idarəsində işə baxılarkən bu kimi hallar araşdırılmamış, formal olaraq bədbəxt hadisə barədə məlumatın hadisə baş verən günü verilməməsi ilə barəsində ədalətsiz şəkildə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi qərarda qeyd olunan əməlin törədilməsində təqsiri olmamış, əməlin törədilməsi onun öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə bağlı olmamışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 nümayəndəsi X8 verilən şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri 193 nömrəli körpələr eviuşaq bağçasının müdiri Şahid və yaxud hadisəyə şahidlik etmiş digər şəxslər tərəfindən baş vermiş hadisə ilə bağlı həmin gün rəsmi və ya qeyri-rəsmi şəkildə heç bir məlumat verilməmişdir. Eşqi Bağırov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorudur. Tabeliyində çox sayda bağça və məktəblər vardır. O ayrıca inzibati binada xidmət göstərir və müxtəlif inzibati binalarda baş vermiş hadisələr barədə yalnız məlumat verildikdə xəbəri ola bilər. 193 saylı Körpələr evi - uşaq bağçasının müdiri Şahid xx.xx.2025-ci il tarixdə xidməti otağında X2 tərəfindən döyülərək xəsarət almışdır. Şahid bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə həmin gün məlumat verməmişdir. Ona görə də Eşqi Bağırov tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə aidiyyəti üzrə məlumat verilməsi təmin edilməmişdir. X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən formal olaraq məlumatın hadisə baş verən günü verilməməsi ilə Bağırov Eşqi barəsində ədalətsiz şəkildə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qərarından şikayət verilmiş səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 2 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri 193 saylı körpələr evi uşaq baöçasının müdiri Şahid xx.xx.2025-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət almış, işəgötürən X10 tərəfindən X9 Xidmətinə hadisə baş verən gün məlumat verilməmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Bakı şəhəri 193 saylı Körpələr evi-uşaq bağçasının müdiri Şahid tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovaya ünvanlanan xx.xx.2025-ci il tarixli məlumatın məzmunundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə həmin bağçanın işçisi X1 Məmmədzadə tərəfindən ona xəsarət yetirilmiş, bu hadisədən sonra onun səhhətində problemlər yaranmış və müalicə almışdır. 1 həftə sonra məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşı Günay Əhmədovaya məlumat vermişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun məzmunundan müəyyən olunur ki, Şahid bədbəxt hadisə nəticəsində xəsarət alması faktı təhqiqi məqsədilə təhqiqat komissiyası yaradılmış və komissiyanın üzvləri barədə həmin İdarəyə məlumat verilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin çıxışını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, şikayətin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli, X7 Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 2 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 125-ci maddəsinin Vİİ-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə – min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 217-ci maddəsinin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü. 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X9 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X9 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Məhkəmə ilkin olaraq Bakı şəhəri 193 saylı Körpələr evi - uşaq bağçasında xx.xx.2025-ci il tarixdə baş vermiş hadisəyə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, döyülmə hadisəsi istehsalatda baş vermiş bədbəxt hadisə deyil, qanunla hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı olan cinayət xarakterli hadisə hesab olunur. Belə ki, məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin öz xidməti otağında şəxsi münasibətlər zəmnində digər şəxs tərəfindən döyülməsi istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Bundan başqa qeyd edilməlidir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş işəgötürən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hadisənin baş verdiyi inzibati binada deyil, başqa bir inzibati binada xidmət göstərir və hadisə barəsində ona həmin vaxt məlumatın verilmədiyi halda o, təbii ki, hər hansı quruma aidiyyəti üzrə məlumat verə bilməzdi. Müəyyən edilir ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan Bakı şəhəri 193 saylı körpələr evi-uşaq bağçasının müdiri Şahid xx.xx.2025-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət almış olması ilə bağlı həmin gün işəgötürən Eşqi Bağırov məlumatlı olmamışdır. Belə ki, hadisənin baş verdiyi qeyd olunan tarixdə işçi Şahid tərəfindən işəgötürənə məlumat verilmədiyi faktı onun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərdiyi xx.xx.2025-ci il tarixli məktubla təsdiq edilir. Bu məlumatdan sonra da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov tərəfindən hadisənin təhqiqi ilə bağlı tədbirlər görülmüş, o, işəgötürən kimi vəzifəsinin icrasından boyun qaçırmamışdır. Göründüyü kimi, E.Bağırov hadisə barədə məlumatlı olmaması səbəbindən həmin gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə bu barədə məlumat verə bilməmiş, bu səbəbdən ona istinad olunan inzibati xətanın törədilməsində təqsiri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 2 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2430/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2430/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver