Məhkəmə qərarları › İş №3(005)-2434/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2434/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2434/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X1, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 22.00 -22.10 radələrində Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən qara rəngli “Chevrolet Cruse” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sol tərəfindən gələrək dönmə hərəkəti etmək istəmiş və nəticədə onun idarə etdiyi **-HT-*** dövlət qeydiyyat nişanlı, VOLVO FH 500 yük maşını ilə toqquşmuşdur. Həmin vaxt oraya gələn yol polisi inspektorları “Chevrolet Cruse'’ markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığına görə protokol tərtib etmiş və qərar verilmişdir. Həmin qərar əsasında dəymiş ziyana görə icbari sığorta haqqı “Ata Sığorta” Sığorta şirkəti tərəfindən **-HT-*** dövlət qeydiyyat nişanlı, VOLVO FH 500 yük maşınının təmiri üçün ayrılmış və zərər aradan qalxmışdır. xx.xx.2023-cü il tarixdə heç bir rəsmi bildiriş verilmədən telefon vasitəsilə onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinə çağıraraq eyni hadisəyə görə yenidən ona protokol tərtib edilmiş və TP5863678 saylı, xx.xx.2023-cü il tarixli qərarla 40 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Hesab edir ki, TP5863678 saylı xx.xx.2023-cü il tarixli qərar tam qanunsuz və əsassızdır. Şikayət vermiş X3 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hərəkətdə olan avtomobili görməmişdir. Həmin avtomobil sağdan dönərək geri qayıtmaq istəmiş və nəticədə onun avtomobilinə arxadan dəymişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hadisə ilə bağlı müvafiq olaraq ekspertiza keçirilmiş və rəy əldə edilmişdir. Ekspert rəyində də X1 yol hərəkəti qaydasını pozması öz əksini tapmışdır. Müvafiq sənədləri məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/1996 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan şəraitdə Volvo FH 500 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Volvo FH 500” yük markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Beləliklə də o, yol nişanlarının tələblərinə riayət etməmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Eyni zamanda keçirilmiş ekspertiza zamanı X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən nəqliyyat vasitələri şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar