Məhkəmə qərarları › İş №3(005)-2435/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2435/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2435/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rafiq Ağaləyevin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov RPİ tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində idarə etdiyi “HAOUJE” markalı moped ilə piyada Zərərçəkmiş şəxs Əlihüseyn qızına vuraraq yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında protokola uyğun izahat verərək, inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, idarə etdiyi mopedlə xx xxxxxx 2020-ci il tarixdə, təxminən 19:30 radələrində idarə etdiyi, “HAOUJE” markalı mopedlə saat da 30-40 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə, Z. Bünyadov prospekti istiqamətindən Ak. H. Əliyev küçəsi istiqamətinə avtomobil yolunun hərəkət istiqamətlərini ayıran bütöv qoşa xəttin üzəri ilə hərəkət edirmiş. Azadlıq prospekti 145 saylı ünvanda yerləşən “Bravo” marketin qarşısına çatanda idarə etdiyi mopedin ön hissəsi hərəkət istiqamətlərini ayıran qoşa xəttin üzərində dayanmış, təxminən 36-38 yaşlarında olan qadına dəyərək yerə yıxmışdır. Hadisədən sonra tanımadığı piyada qadını yoldan keçən avtomobilə əyləşdirib Bakı Sağlamlıq Mərkəzinə aparmışdır. Xəstəxanada həkimlər onu müayinə edib tibbi yardım göstərib evə göndərmişlər. Xəstəxanada olduğu zaman ora polis əməkdaşı gəlib hadisəni araşdırmaya başlamışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs Əlihüseyn qızı ilə aralarında razılıq əldə etdiklərini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etməklə barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqana və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxx 2020-ci il tarixli, 2/5439 nömrəli aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 606 nömrəli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Əlihüseyn qızında aşkar edilmiş xəsarətlər- sol baldırın sıyrıqları, sol baldırın sol mil-bilək oynağının bayır səthinin qanşırları, sol aşıq baldır oynağının bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2020-ci il tarixdə mopedlə vurulması nəticəsində əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmişdir. AR Əmək və X1 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı X3 Komissiyasının xx.xx.2016-cı il tarixli məlumatından görünür ki, Şəxs İİ qrup əlildir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin qeyd olunan yol-nəqliyyatı hadisəsi sürücü Şəxs ehtiyatsızlığı nəticəsində əmələ gəldiyindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, Zərərçəkmiş şəxs Əlihüseyn qızının RM-732 nömrəli rədd materialında olan izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 338.7-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə barəsində inzibati icraat aparılan şəxsin məhkəmə iclasında vermiş olduğu izahatını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar