Məhkəmə qərarları › İş №3(005)-244/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-244/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-244/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi X1 iştirakı ilə, Şəxs barəsində Bakı şəhəri Qaradağ rayon prokuroru Zəfər Əhmədov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1 və 192.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon prokuroru Zəfər Əhmədov 30 dekabr 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində İXM-in 192.1 və 192.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq araşdırma aparılmışdır. Göstərilən qərardan görünür ki, hüquqi şəxs Şəxs (VÖEN: **********)- onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan qanuni təmsilçisi X3 (FİN: 20XSE2Z) tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Qaradağ rayonu, “Günəş panelləri” layihəsi həyata keçirilən yerdə aparılan tikinti işlərində fiziki şəxslər Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində iş icraçısı kimi, Zərərçəkmiş şəxs1 isə xx.xx.2023-cü il tarixdən 2023-cü ilin noyabr ayınadək olan müddət ərzində ustabaşı kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bundan başqa Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında işlədiyi müddətdə ümumilikdə 2920 manat məbləğində əmək haqqını verməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi X2 izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron portalından əldə edilmiş məlumata əsasən, Şəxs MMC ünvan 1 ünvanında yerləşir və X3 həmin MMC-nin qanuni təmsilçisidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 rayon prokurorluğuna daxil olmuş müraciətləri, əsas isə həmin müraciətlər əsasında aparılmış araşdırma zamanı Azərbaycan Respublikası İXM-nin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulan xətaların əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Yekunda məhkəmədən hüquqi şəxsin barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən Şəxs MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində aparılan tikintidə iş icraçısı kimi işləməyə başlamış, Fuad Fətəliyev adlı şəxs onu işə götürmüş, günü 48 manat əmək haqqı ödənilməsi barədə onunla razılaşmış, həmin vaxt onun işə götürülməsi ilə bağlı heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlanılmamış, sonradan o tələb etdiyinə görə xx.xx.2023-cü il tarixdən MMC ilə onun arasında əmək müqaviləsi bağlanılmışdır. 2023-cü ilin noyabr ayının axırı işi təhvil versə də ona verilməli olan əmək haqqından 2920 manat məbləğində pul bu günə qədər verilməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən Şəxs MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində aparılan tikintidə ustabaşı kimi işləməyə başlamış, Fuad Fətəliyev adlı şəxs onu işə götürmüş, günü 48 manat əmək haqqı ödənilməsi barədə onunla razılaşmış, həmin vaxt onun işə götürülməsi ilə bağlı heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlanılmamışdır. 2023-cü ilin noyabr ayının axırı işi təhvil versə də, ona verilməli olan əmək haqqından 756 manat məbləğində pul bu günə qədər verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən İXM-in 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Qaradağ rayon prokurorluğunda toplanmış material üzrə sənədləri məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: Şəxs (VÖEN: **********)- onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan qanuni təmsilçisi X3 (FİN: 20XSE2Z) tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Qaradağ rayonu, “Günəş panelləri” layihəsi həyata keçirilən yerdə aparılan tikinti işlərində fiziki şəxslər Zərərçəkmiş şəxs2 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində iş icraçısı kimi, Zərərçəkmiş şəxs1 isə xx.xx.2023-cü il tarixdən 2023-cü ilin noyabr ayınadək olan müddət ərzində ustabaşı kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bundan başqa Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında işlədiyi müddətdə ümumilikdə 2920 manat məbləğində əmək haqqını verməmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 192.1 və 192.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərarın baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı və əmək haqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməməsi öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış orqan Şəxs tərəfindən işçini əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilmədən əmək fəaliyyətinə cəlb etməsi və əmək haqqı qanunvericlikdə nəzərdə tutulmuş qaydada ödənilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar