Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2447/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, səhər saat 08:30 radələrində özünə məxsus “Toyota Camry” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Heydər Əliyev prospekti, üzü şəhər istiqamətində hərəkətdə olarkən ikinci dərəcəli yoldakı sıxlığı nəzərə alaraq, birinci dərəcəli yolda hərəkəti davam etdirmişdir. H.Əliyev Mərkəzinin yaxınlığında yolun ən sağ hissəsində xidmət aparan **-YP-*** dövlət nömrə nişanlı X5 əməkdaşları ona avtomobili saxla işarəsi vermişlər. Lakin o, yolun ən sol zolağında hərəkət etdiyindən yol təhlükəsizliyini nəzərə alaraq 100 metr irəlidə yolun təhlükəsiz hissəsində avtomobilini dayandırmışdır. Ona yaxınlaşan **-YP-***-nömrəli maşının ekipajı “Polis haqqında” Qanununu və “X3” haqqında Qanunun tələblərini kobudcasına pozaraq onunla yüksək tonda danışmağa başlamışdır. Törətdiyi qayda pozuntusu haqqında ona məlumat verməyini və barəsində inzibati protokolun tərtib etməsini tələb etdikdə **-AP-*** qeydiyyat nömrəli maşında xidmət aparan BDYPİ-nin Alay Komandirinin müavini Nizami Məmmədovun şəxsi göstərişi olduğunu və nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmalı olduğunu bildirmişlər. Daha sonra hadisə yerinə Nizami Məmmədov yaxınlaşaraq onunla yüksək tonla, kobudcasına danışaraq polisə tabe olmadığını və avtomobilin cərimə meydançasına gedəcəyini bildirmişdir. O, “Yol hərəkəti haqında” qanunda belə bir halın nəzərdə tutulmadığını bildirərək işə gecikdiyini və inzibati protokolun yerində tərtib edilməsini bildirmişdir. Daha sonra ona Nizami Məmmədov iş yerinə xidməti məktub yazacağı ilə hədə qorxu gəlmişdir. Bununla kifayətlənməyən Nizami Məmmədov YPX əməkdaşlarına avtomobilində qanunsuz axtarış keçirtmək və onun içkili testindən keçirilməsini göstəriş vermişdir. Bütün bu hərəkətlər və şifahi göstərişlə onu saxlatmağının qanunsuz olduğunu bir daha nəzərinə çatdırmışdır. Lakin işə gecikdiyi üçün bütün bu hallara göz yumaraq tabe olmuşdur. YPX əməkdaşları heç bir protokol tərtib etmədən avtomobilini cərimə meydançasına aparmışlar, ona bu barədə heç bir protokol və bildiriş təqdim edilməmişdir. BDYP-nin 5ci otağına yaxınlaşmış, lakin oradakı polis kapitanı Arzumanlı Arzuman ona Nizami Məmmədovun şəxsən göstərişi olduğundan onun icazəsi olmadan maşının cərimə meydançasından buraxılmayacağını bildirmişdir. 06 gün əmlakı qanunsuz olaraq müsadirə edilmişdir. Bununla bağlı heç bir prosedur və qanunun tələbləri yerinə yetirilməmişdir. Dünən xx.xx.2022-ci il tarixdə yenidən BDYPİ-də 5-ci otağa yaxınlaşmış və avtomobilinin cərimə meydançasında 06 gün qanunsuz olaraq saxlanılmasına baxmayaraq xx.xx.2022-ci il tarixinə inzibati xəta haqqında protokol tərtib etmişlər. Keçmiş tarixə protokol tərtib edilməsinin də qanun pozuntusu olduğunu bildirdikdə isə ona bildirmişlər ki, guya xx.xx.2022-ci il tarixdə protokol tərtib edilibmiş, ancaq qərarsız olduğu üçün “Asanpay” portalına düşməyib. Barəsində tərtib edilmiş TP ******* nömrəli qərardan narazıdır. Narazı olduğunu da protokola qeyd etməyinə baxmayaraq qərar vurulmuşdur. Odur ki, barəsində tərtib edilmiş qanunsuz qərarın ləğv edilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş X2 şikayətdə göstərilənlərlə eyni məzmunda izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-ci maddəsinə görə, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər BPİ-nin X6 İdarəsi tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 80 manat məbləğində cərimə edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı X1 həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının işdəki hansı mötəbər sübutlarla sübut olunması aydınlaşdırılmamış, işin halları ətraflı araşdırılmamış və ona obyektiv hüquqi qiymət verilməmiş, bu sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, X1 idarə etdiyi avtomobil ilə onun tərəfindən AR İXM-nin 327.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Bakı şəhər BPİ-nin X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi hissəsində təmin edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2447/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2447/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver