Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2448/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində icraat aparılan "xxxx" MMC-nin vəkili Nümayəndə iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-in 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 08 avqust 2022-ci il tarixdə, MN SERİYALİ ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMCyə məxsus klinikada planlı yoxlama zamanı sertifikatsız praktik tibb fəaliyyəti və lisenziyadan kənar tibb xidməti aşkar edildi. Məhkəmə iclasında barəsində icraat aparılan "xxxx" MMC-nin vəkili Nümayəndə etiraz təqdim etməklə izahatında göstərmişdir ki, 08 avqust 2022-cci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olması barədə protokol tərtib edilib ondan ötrü ki, sertifikatsız praktiki tibbi fəaliyyətlə əmək müqaviləsi ilə məşğul olaraq 05 may 2022-ci il tarixdə Qaralov Fərid neyrocərrah kimi işə qəbul edilmişdir. Bundan başqa, neyropatiya diaqnozu ilə nevroloji xəstəliklər stasionar qaydada müalicə olunması üçün lisenziya tələb edildiyi halda, lisenziyasız fəaliyyət göstərilmiş, eləcə də təcili tibbi yardım fəaliyyəti göstərilmişdir. Bu əsasla da hesab edilmişdir ki, inzibati xəta törədilmişdir. Protokola etiraz edərək bildirir ki, əvvəla Qaralov Fərid işə qəbul edilsə də onun əmək müqaviləsindən də görünür ki, o, razılaşma ilə əmək haqqı ödənilməklə və çağırışla işə çağırılmaqla 3 aylıq sınaq müddəti ilə işə qəbul olunsa da, bugünə kimi praktiki tibbi fəaliyyətlə məşğul olmasına dair hər hansı sübut işdə yoxdur. Əksinə məhkəməyə ona heç bir əmək haqqı ödəməməyi, qəbulunda xəstə olmaması, faktiki olaraq və rəsmi olaraq "xxxx" MMC-də (Semaşkoda) 8 saatlı iş norması ilə tam iş günü ilə şöbə rəisi vəzifəsində çalışması barədə iş yerindən arayış alaraq məhkəməyə təqdim edirlər. Bu sənədlə də müəyyən edilir ki, Fərid Qaralov praktiki tibbi fəaliyyətlə başqa xəstəxanada tam iş günü çalışır, Milana Medikalda isə yalnız çağırış olarsa, təcili ağır xəstə üzrə zərurət yaranarsa əmək haqqı razılaşma ilə gördüyü işə uyğun olaraq ödənilmək şərti ilə sınaq müddəti ilə işə qəbul edilmişdir. Fərid Qaralovun praktiki tibbi fəaliyyətlə bizim klinikada məşğul olmasına dair hər hansı bir sübut işdə yoxdur və həkim işdən 01 avqust 2022-ci il tarixdə azad olunmuşdur. Bundan başqa, Məmmədov Toğrulla bağlı stasionar kartadan çıxarışdan görünür ki, ümumiyyələ çıxarışda hansı həkimin xəstəsi olması, hansı dövrdə klinikada stasionar müalicə alması, müalicə müddəti, evə buraxılma müddəti və s. yerlər boş xanalardan ibarət olmaqla faktiki olaraq sənəd hesab edilmir. Həmin sənədin əldə edilmə mənbəyi məlum deyil, protokola iş materiallarında olan sənədlər neçə vərəqədə, hansı sənədlərdən ibarət olmaqla əlavə edilməsi barədə hər hansı bir qeyd yoxdur ki, bu da protokol tərtibinə qədər və tərtibində yol verilmiş ciddi prosessual pozuntulardır. İnzibati xəta varsa bu xətanın törədilmə müddəti müəyyən edilməlidir. Bundan başqa, "özəl tibbi fəaliyyət" haqqında Qanunda məhz 215.4-cü maddəyə istinadən özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyəti kimi anlayış verilmişdir. yəni praktik tibbi fəaliyyət məhz tibbi yardımın göstərilməsi üzrə fəaliyyət kimi qanunverici anlayış versə də, yoxlama zamanı Qaralov Fərid artıq klinikada işləmədiyi, hansı tibbi yardımı, kimlərə göstərməsi, tibbi yardım göstərdiyi xəstələrin epikrizi və ya hər hansı bir tibbi sənədi mövcud deyil. Hətta əmək haqqı belə almamışdır. (məlum qaydada razılaşma ilə əgər tibbi fəaliyyət göstərərdisə əmək haqqı formalaşardı) Bundan başqa, iş üzrə sürücü X2 da şahid qismində məhkəmədə izahatının alınmasını xahiş edir və o da təsdiq edə bilər ki, yeganə sürücü olaraq o, ambulans maşınında yalnız təchizat işləri ilə bağlı dərman preparatlarının daşınması ilə məşğul olub. Klinikanın təcili tibbi yardım xidməti göstərməsi barədə hər hansı bir reklamı, çağrı mərkəzi və ya ştat vahidi mövcud deyildir. Buna baxmayaraq protokolda 215.1-ci maddə ilə inzibati xətanı məhz hansı hərəkətlə törədilmə barədə də qeyd yoxdur, işə əlavə olunan sənədlərə və şəkil çıxarışlarına əsasən bu etirazı qeyd etmək məcburiyyətindədirlər. Protokol İXM-nin tələblərinə uyğun olmamaqla, sübutların əldə edilməsi, götürülməsi, araşdırılması, izahatın alınması və s. kimi hərəkətlər Məcəllənin tələblərinə uyğun deyildir. Odur ki, xahiş edir ki, materialları yenidən araşdırılması üçün təqdim etdikləri sübutlarla bağlı araşdırıma aparılması üçün materialların geri qaytarılmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2022-ci il tarixli, KY221753250 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın keçirilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 377 nömrəli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarının və baş direktorun iştirakları ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 377 saylı planlı (növbəti) yoxlama aktından görünür ki, həmin tarixdə ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən. bəzi tibb işçilərinin sertifikasiya imtahanından keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması, həmçinin lisenziyada göstərən xidmətlərdən kənar iş və fəaliyyət aşkarlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli, K/Ə- 58 nömrəli əmrindən görünür ki, X4 "xxxx" MMC-nin Milana Hospitalına xx.xx.2022-ci il tarixdən 0.5 ştat vahidi ilə həkim neyrocərrah vəzifəsinə qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə "xxxx" MMC arasında əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 xx.xx.2022-ci il tarixli, 1065 nömrəli arayışından görünür ki, X6 Azərbaycan Tibb Universitetinin əməkdaşı və tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi olduğu üçün sertifikasiyaya cəlb edilməmişdir. Xəstəxanaya işə qəbul edildikdən sonra “Neyrocərrahiyyə” ixtisası üzrə təkmilləşdirmə kurslarına yerlər gec açıldığı üçün kursa salınmamışdır. Həmin ixtisas üzrə kurslara yerlər açıldığında həkim kursa salınacaq. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarının tədqiq edilməsi zamanı tərtib edilmiş materialların natamam olması və işə baxılarkən tamamlamaq mümkün olmaması müəyyən edildiyindən inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məqsədəmüvafiqdir. Belə ki, iş üzrə toplanmış materiallar natamam olduğundan əmələ yekun hüquqi qiymət verilməsinə imkan vermir. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt göstərilməmiş, bununla da İXM-in 100.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak etmiş barəsində icraat aparılan "xxxx" MMC-nin vəkili Nümayəndə izahatından və məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, X6 ilə olan müqaviləyə müvafiq yoxlama aparılmamışdan və inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl xitam verilmişdir. Belə olan təqdirdə hazırki şəraitdə ehtimal olunan inzibati xətanın törədilmə vaxtı iş materiallarından müəyyən edilmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələbləri baxımından inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. X4 nə vaxt, hansı tarixlərdə həmin klinikada praktik tibbi fəaliyyət göstərməsi inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən araşdırılmamışdır. Bu isə özlüyündə iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etməyə imkan vermir. Bundan əlavə, məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən X1 cəlb edilməli olan şəxs olması aydınlaşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 xx.xx.2022-ci il tarixli, 1065 nömrəli arayışından görünür ki, X6 Azərbaycan Tibb Universitetinin əməkdaşı və tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi olduğu üçün sertifikasiyaya cəlb edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli qərarı təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydalarının 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. Lakin, X4 müvafiq elmi dərəcəyə malik olmasına dair məsələ inzibati orqan tərəfindən araşdırılmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalı və iş üzrə yenidən araşdırma aparılmalıdır. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109.1, 109.1.6 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın və iş üzrə yenidən araşdırma aparılsın. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2448/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2448/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver