Məhkəmə qərarları › İş №3(005)-2452/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2452/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2452/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, 13 oktyabr 2021-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* nömrəli 13 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 26.06.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr, 150A ünvanının qarşısında həyat yoldaşı X2 vuraraq ona xəsarət yetirmişdir. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokolda Şəxs tərəfindən zərərçəkmiş şəxsə hansı dərəcədə bədən xəsarətinin yetirilməsi qeyd edilməmişdir. Bundan başqa iş materiallarında zərərçəkmiş şəxsdə hansı dərəcədə xəsarətin olması ilə bağlı digər sübut yoxdur. Məhkəmə qeyd edir ki, İXM-in 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. RM 725/21 nömrəli materialdan göründüyü kimi, zərərçəkmiş şəxs X1 bədən xəsarətlərinin müəyyən edilməsi məqsədi ilə 26.06.2021-ci il tarixdə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul olunsa da, bunun nəticəsi əldə olunmadan Şəxs hərəkətlərində cinayət məsuıiyyətinin olmaması ilə bağlı nəticəyə gəlinmişdir ki, bu isə öz növbəsində yolverilməzdir. Belə ki, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilə bilər. Araşdırma orqanı zərərçəkmiş şəxs X1 ekspertizadan keçmək üçün qeydiyyatdan keçməməsini əsas gətirsə də, məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 444.2-ci maddəsinə əsasən cinayət təqibi orqanının tələbləri yerinə yetirilmədikdə, məhkəmənin qərarı əsasında, həmçinin şəxsin ekspertizadan keçirilməsi və ya tibb müəssisəsinə yerləşdirilməsi üçün onun tibb müəssisəsinə çatdırılması prosessual məcburiyyət tədbirləri tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, araşdırma orqanı ehtimallara əsasən zərərçəkmiş şəxsin xəsarətinə hüquqi qiymət vermişdir. Bu isə öz növbəsində Şəxs əməlinin İXM-in 157-ci maddəsinin tərkibini yaratmasını şübhə altında qoyur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə geri qaytarılmalıdır. Göstərilənləri rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə geri qaytarılsın. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar