Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2456/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 354.0.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı Nəqliyyat Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Nəqliyyat Agentliyindən daxil olmuş MN seriyalı ******* nömrəli, 11 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında Şəxs MMC tərəfindən bilavasitə yola plastik borular və digər maneələr yerləşdirilərək nəqliyyat vasitələrinin sürücülərinə və orada nəqliyyat vasitələrinin saxlanılmasına maneə yaradılmışdır. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 354.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-in 64.3-cü maddəsinə müvafiq olaraq Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsinin məsləhətçisi X1 və Hüquq şöbəsinin məsləhətçisi X4 tərəfindən tərtib edilmiş 11 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, aparılan müşahidələr nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 50 C küçəsində yerləşən Şəxs MMC tərəfindən yola (təhkim zolağına) qanunsuz olaraq konus və digər maneələrin yığılması faktı aşkar edilmişdir. Qeyd olunan ərazidə nəqliyyat vasitəsini duracağa qoymaq istərkən, özünü Şəxs MMC-nin işçisi kimi təqdim edən şəxs, orada nəqliyyat vasitəsinin saxlanılmasına narazılığını bildirmiş və həmin yerdə yalnız Şəxs MMC-yə gələn müştərilər, yük maşınları və ya müəssisənin işçilərinin maşın saxlaya biləcəyini qeyd etmişdir; Fotoşəkillərdən aydın olur ki, üzərində Şəxs MMC yazılmış binanın qarşısındakı yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmışdır (plastik boru vasitəsi ilə). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmış və bununla da həmin MMC tərəfindən İXM-in 354.0.4-cü maddəsinin tələbləri pozulmuşdur. Hüquqi əsaslandırma: “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun: 34-1-ci maddəsinə əsasən avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaratmaq qadağandır; 47-ci maddəsinə əsasən Avtomobil yolları sahəsindəki fəaliyyətini həyata keçirərkən bu qanunun, habelə Azərbaycan Respublikasının digər aidiyyəti normativ hüquqi aktlarının pozulmasında təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-in 354.0.4-cü maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC 354.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2456/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2456/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver