Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2459/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs “X4” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan “X4” MMC-nin verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X4” MMC, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində Bakı şəhər DYPİ YPX inspektoru tərəfindən şirkətin mülkiyyətində olan “İSUZU NKR55L” yük markalı 90JM353 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni əsaslarla idarə edən sürücü X2 barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. Ona görə ki, guya o, idarə etdiyi həmin nəqliyyat vasitəsinə qurğu dəyişikliyi etməklə normadan artıq yük daşıdığı xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur və o .Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmişdir. Əvvəla qeyd edir ki, onlara məxsus həmin nəqliyyat vasitəsinə heç bir əlavə avadanlıq quraşdırılmamış və ya dəyişdirilməmiş, həmçinin avtomaşınla normadan artıq yük daşınmamış və sürücü P.Mirzəyev tərəfindən həmin inzibati xətalara yol verilməmişdir. Avtomaşın Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində xx.xx.2021-ci il tarixdə saat 10:20-də saxlanılıb duracağa aparılaraq saat 10:53-dən orada saxlanmasına baxmayaraq yuxarıda qeyd olunan protokol bundan xeyli sonra, yalnız saat 12:35-də tərtib edilmişdir. Nəqliyyat vasitəsinin saxlanılıb duracağa qoyulma səbəbləri kimi qurğu dəyişikliyi etməklə normadan artıq yük daşıdığı əsas gətirilsə də, bunların sübut edilməsi üçün lazımi ekspertiza keçirilməmiş və mübahisəli hallar sübuta yetirilməmişdir. Məsələ ilə bağlı xx.xx.2021-ci il tarixində ilkin olaraq və xx.xx.2021-ci il tarixdə təkrar olaraq Azərbaycan Respublikası DİN-ə elektron müraciətlər edilmiş, araşdırmanın nəticəsi barədə onlara məlumat veriləcəyi barədə məktub göndərilmişdir. Lakin araşdırmanın nəticəsi barədə hər-hansı məlumat verilməmiş və nəqliyyat vasitəsinin də duracaqdan çıxarılmasına icazə verilməmişdir. Bununla əlaqədar, avtomaşının duracaqdan çıxarılması vəzifəsinin və iddiaçı “X4“ MMC-nin müraciətlərinin aidiyyəti üzrə baxılması vəzifəsinin BDYPİ üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə məcburetmə haqqında iddia ilə müraciət edilmişdir. Məhkəmə araşdırması dövründə dəfələrlə sorğu göndərilməsinə baxmayaraq, cavabdeh BDYPİ struktur idarələrindən xx.xx.2022 tarixli 016-32500-1222 və xx.xx.2022-ci il tarixli 016-63275-1223 nömrəli cavab məktublarında qeyd olunmuşdur ki, İSUZU NKR55L yük markalı 90 JM353 dövlət qeydiyyat nişanlı avtomaşın barədə BDYPİnin “Siqnal” İLİ idarəsinə aidiyyəti olan avtomobil dayanacaqlarının qeydiyyat kitabında rast gəlinməmişdir. Tərəflərindən avtomaşının saxlanıldığı məkan müəyyən edilərək məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən nəqliyyat vasitəsinin saxlanıldığı yerdə yerli baxış keçirilmiş, xx.xx.2022-ci il tarixdə mümkünlük iclasının keçiriləcəyi ilə bağlı tərəflərə bildiriş göndərilmiş, yalnız bundan sonra, avtomaşının həqiqətən də BDYPİ-nin "Siqnal” İLİ-nin 17 saylı mühafizə olunan duracağında saxlanılması, bu arada da xx.xx.2022-ci il tarixdə qeyd olunan maddələrə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar (avtomaşın saxlanılandan 7 ay 20 gün keçdikdən sonra) qəbul edilməsi barədə Bakı şəhər BPİ DYPİ-dən məhkəməyə xx.xx.2022-ci il tarixli 046-28419 nömrəli məktub göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsində məcburetmə iddiasına baxılması mümkün sayılmayaraq qeyd edilmişdir ki, ilkin olaraq inzibati xəta haqqında qərar mübahisələndirilməli, həmin qərarın qanunsuz və əsassız olmasına dair Rayon Məhkəməsinə müraciət edilməli, məhkəmə tərəfindən qərarın əsassız olması barədə qəbul olunmuş qərar icra olunmasa, yalnız o zaman məcburetmə iddiası ilə İnzibati Məhkəməyə müraciət oluna bilər. Bundan sonra sürücü P.Mirzəyev barəsində tərtib olunmuş qərarın surətini almaq üçün dəfələrlə həmin Bakı şəhəri BPİ-nin DYPİ-nə müraciət etsə də, müxtəlif bəhanələr gətirilərək qərar ona rəsmi təqdim edilməmişdir. Yalnız 6 avqust 2022-ci ildə saat 11:44-də sürücü Pərviz Mirzəyevin istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefona ***-***-**-** nömrəli telefondan DYPİ-nin adını bildirməyən əməkdaşı zəng edərək bildirmişdir ki, qeyd olunan protokolun və qərarın surətləri onun ünvanına artıq göndərilmişdir. Bir neçə gün gözlədikdən sonra sənədin ünvanına gəlmədiyinə əmin olan P.Mirzəyev 9 avqust 2022-ci il tarixdə saat 14:45-də Bakı şəhəri BPİ DYPİ-nin dəftərxanasında qərarın ona rəsmi təqdim olunmasını tələb etsə də. protokol və qərar ona heç bir yerə imzalatdırılmadan və təqdim olunma tarixi qeyd edilmədən verilmişdir. Odur ki, o, həmin sənədləri alıb avtomobilin mülkiyyət sahibi olan şirkətə gətirmişdir. Qərardan bəlli oldu ki, avtomaşın 8 aya yaxın müddət duracaqda saxlandıqdan sonra sürücü P.Mirzəyevin guya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi və buna görə 150 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Qərarla tanış olduqdan sonra, DYPİ sistemində bir pillə yuxarı orqan sayılan Baş DYPİ-nin də bu işə qərəzli münasibətini bildikləri üçün ora müraciət etmək fikrindən vaz keçmişlər. Qeyd edilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs “X4” MMC-nin nümayəndəsi X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixdə verilmiş AD seriyalı 358574 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”-dən görünür ki, **-JM-*** dövlət qeydiyyat nişanlı, “İSUZU NKR55L” yük markarlı nəqliyyat vasitəsinin sahibi “X4” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1 və 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri X7 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən şikayət vermiş şəxs barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də şikayət vermiş şəxsin izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, şikayət vermiş şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati tənbeh vermə haqqında qərarda şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, şikayət vermiş şəxs barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla şikayət vermiş şəxs barəsində xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də şikayət vermiş şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 342.2.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də ilə Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2459/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2459/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver