Məhkəmə qərarları › İş №3(005)-2459/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2459/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2459/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri X8 və Qanuni nümayəndə, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (Agentlik) tərəfindən X6 barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Agentlik tərəfindən qeyd edilən protokola baxılaraq xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Həmin qərarın məzmununa əsasən fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmış, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsində (kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması) nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin qərara əsasən, mən İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vurulmuş ziyanın 754,48 (yeddi yüz əlli dörd manat 48 qəpik) manatın 2 (iki) misli, yəni 1 508,96 (bir min beş yüz səkkiz manat 96 qəpik) manat məbləğində cərimə edilmişəm. Hesab edirəm ki, qərar tamamilə əsassızdır, işdə olan sənədlər geniş araşdırılmamış, agentliyin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən hallar sübuta yetirilməmiş, maddi və prosessual hüquq normaları ciddi şəkildə pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırıram ki, ciddi qanun pozuntusu inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsidir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə tərtib edilməli idi. Təəssüf ki, qanunun bu vacib tələbi təmin olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çoxsaylı hüquqları pozulmuşdur. Eyni zamanda nəzərinizə çatdırıram ki, ******* nömrəli protokol xx.xx.2023-cü il tarixdə tərtib edilməsinə baxmayaraq Agentlik tərəfindən mənə bu barədə məlumat verilməmişdir. Protokolun mənim barəmdə tərtib edilməsinə dair məlumatı yalnız Agentliyin mənə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-22- 2/2-M-16-642/2023 nömrəli məktubu ilə mənə məlum olmuşdur. Qeyd edilən məktubda mənə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixədək Agentliyin bank hesabına 754,48 (yeddi yüz əlli dörd manat 48 qəpik) manat məbləğində pul vəsaitinin tərəfimfən ödənilmədiyi təqdirdə həmin məbləğin 2 misli miqdarında cərimə olunacam. Lakin məktubun mənə ünvanlanmasına baxmayaraq Agentliyə qanunveriliklə nəzərdə tutulmuş qaydada izahat vermək üçün dəvət edilməmişəm. Xüsusilə nəzərinizə çatdırıram ki, qeyd edilən məktub xx.xx.2023-cü il tarixdə, yəni protokol tərtib edildikdən sonra 12 (on iki) gün sonra qərarın qəbul edilmə tarixinə isə 4 (dörd) gün əvvəl poçt rabitəsi vasitəsilə mənə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmunu ilə eyni məzmunlu izahat verərək, X10 İnkişaf Mərkəzi əməkdaşları tərəfindən keçirilmiş monitorinq barəsində məlumatlı olmadığını, ona bildirişin gec çatmasını, bu barədə məlumatı olsaydı əgər vurulmuş yaranmış ziyanı ödəməyə hazır olduğunu qeyd edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri çıxış edərək bildirmişlər ki, əkin subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-inədək “Subsidiya” informasiya sistemində proqnozlaşdırılan və aparılan əkin sahələri barədə elektron bəyannamə ilə müraciət edirlər. Agentlik tərəfindən həmin məlumatlar dekabr ayının 10-dək təsdiqlənir. SİS təsdiqlədikdən sonra vəsait fermerin subsidiya ödənişi həmin ayın sonunadək onun hesabına köçürülür. Subsidiya müxanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda Agentlik tərəfindən monitorinq aparılır. Elektron bəyənnamədəki məlumatlar üzləşdirilir. Monitorinq nəticəsində bəyənnamədə göstərilənlərdən fərqli hallar müəyyən edildikdə fermerə SMS və poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra 15 gün müddətində fermer etiraz etdikdə fermerin iştirakı ilə yerində müşahidə aparılaraq araşdırılır. X3 bəyanına əsasən X10 İnkişaf Mərkəzi əməkdaşları tərəfindən monitorinq keçirilmiş və inzibati protokol tərtib olunmuşdur. Xətanın nəticəsində vurulmuş 745,48 manat məbləğındə ziyan ödəndiyi halda heç bir cərimə nəzərədə tutulmaması barədə məktubda qeyd edilmişdir. Ödənilmədiyi üçün inzibati qərar qəbul edilərək həmin məbləğin iki misli miqdarında cərimə edilmişdir. Bununla bağlı şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 24 iyul 2023-cü il tarixli 3-22-2/2-M-16-642/20 saylı məktubdan və poçt göndərişindən aydın olur ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 ünvanına göndərilmiş məktub xx.xx.2023-cü il tarixdə Emin Musaqulova çatdırılmışdır. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarından görünür ki, X2 Xətalar Məcəlləsinin 411-2-ci maddəsində nəzərdə tutulan inzibati xətanə törətməsi ilə bağlı vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 misli miqarında cərimə mövündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı X6 tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması ilə bağlı halın aşkar edilməsinə əsaslanaraq protokol tərtib edilmiş və müvafiq qərar qəbul olunmuşdur. Lakin, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan X6 barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. “Elektron kənd təsərrüfatı” informasiya sisteminindən əldə edilmiş 09 avqust 2023-cü il tarixli çıxarışdan görünür ki, X6 tərəfindən 3.0179 ha torpaq sahəsinə 2000 ədəd ağac əkilməsi barədə bəyan daxil edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli X5 ünvanlanmış məktubdan görünür ki, ona xx.xx.2023-cü il tarixədək xəta nəticəsində vurulmuş 754,48 məbləğində ziyanın geri qaytarılması barədə bildiriş göndərilmiş, X6 tərəfindəndə həmin bildiriş xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materialarındanda göründüyü kimi X6 məlumat verərək 3,01 ha torpaq sahəsində əkilən ağaclarla bağlı “Elektron kənd təsərrüfatı” informasiya sisteminə hava şəraitini nəzərə almadan ümumi şəkildə əkilmiş bütün ağacları bəyan etmiş, lakin daha sonra hava şəraiti ilə bağlı bəyan edilən ağacların bir hissəsi qurumuş və yararsız vəziyyətə düşmüşdür. Bu barədə elektorun sistemə məlumat daxil edilməsə də, bəyan edilən yararsız vəziyyətə düşən ağaclarda əkin sahəsində hal-hazırda qalmaqdadır. Lakin bu halla bağlı agentliyin əməkdaşları heç bir monitorinqlər apamadan, çoxillik əkmələr müəyyən edilərək elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi olmadan, həmçinin monitoriq nəticəsində fermerə heç bir məlumat verilmədən yoxlama keçirmişdir. Bununla da X6 vurulmuş ziyanla bağlı ödəniş ödəmək imkanı olduğu halda məlumat verilmədiyindən həyata keçirə bilməmişdir. Bundan başqa yararlı vəziyyətdə qalan 450 ədəd gilas ağacları da X3 hesabına köçürülmüş subsidiya məbləği ilə zəruri tədbirlər görülməsi üçün istİfadə edilmişdir. Bununla da görünür ki, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hal yəni fermerin elektron sistemə əkilmiş ağacların bilərəkdən yalnış məlumat verilməsi halı X3 əməlində mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulması Fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə – xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5-ci maddəsinə əsasən Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır, 5.1.1-ci bəndinə əsasən yerüstü müşahidə - peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi həyata keçirilir. Həmin fərmanın 5.2-ci bədinə əsasən Bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası verilir. Həmin fərmanın 5.4–cü bədinə əsasən Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. Azərbayçan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən vəya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Qeyd olunan Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, barəsində icraat aparılan və zərərçəkmiş şəxslərin, şahidlərin izahatları və digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertizanın rəyi ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir İXM-nin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta mövcud olmadığından inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəlləsinin müəyyən edilmiş tələbləri üzrə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan qərar qəbul edilmişdir. Göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarından verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar