Məhkəmə qərarları › İş №3(005)-2468/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2468/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2468/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi və vəkili Abşeron Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında iş üzrə icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 15 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 12589.00 Avro məbləğində pul vəsaitini 04 iyul 2023-cü il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 12589.00 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta 05 iyul 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, 15 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, 12589 Avro məbləğində vəsait ölkədən yalnışlıqla “Prepayment”, yəni öncədən ödəniş təyinatı üzrə köçürülmüşdür. Halbuki bu ödəniş mallar ölkəyə idxal edildikdən sonra olunmuşdur. Ona görə də hazırda belə bir problem yaranmışdır. Bu faktı ödəniş tapşırıqları və gömrük bəyannamələri təsdiq edir. Qeyd olunanlar nəzərə alınaraq başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il KB-244/2-1592/2025 nömrəli sənədlərdən görünür ki, Şəxs MMC-nin hesabından 04 iyul 2023-cü il tarixdə qabaqcadan ödəniş edilmiş 12589.00 Avro məbləğində hissəsi bəyan edilməmişdir. Ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 12589.00 Avro qabaqcadan ödəniş edilməklə, daha sonra isə 16124.5 Avro, 11327.63 Avro, 20000 Avro, 15000 Avro və 10000 Avro olmaqla, ümumilikdə 85041,13 Avro məbləğində vəsait köçürülmüşdür. Gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 21327.63 Avro, 16124.50 Avro, 21424,29 Avro və 26164,82 Avro olmaqla, ümumilikdə 85041,24 Avro dəyərində mallar ölkəyə idxal olunmuşdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materialını tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 430.4cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib etdiyi inzibati inzibati xəta haqqında protokola əsasən MMC tərəfindən 12589.00 Avro məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş və 2 (iki) il müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmədə aparılan inzibati araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş 12589.00 Avro sonradan ödəniş təyinatı üzrə göndərilməli olduğu halda yalnışlıqla qabaqcadan ödəniş təyinatı üzrə göndərilmişdir. İşdə olan ödəniş tapşığına əsasən qeyd olunan müqavilə üzrə ümumilikdə 85041,13 Avro məbləğində pul vəsaiti xarici ölkəyə köçürülmüş və müqabilində 85041,24 Avro dəyərində mallar ölkəyə idxal olunmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən xaricə köçürülmüş pul vəsaiti müqabilində göndərilməli olan mallar qaydalara uyğun olaraq müəyyən olmuş 2 il ərzində ölkəyə idxal edildiyinə görə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.2, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar