Məhkəmə qərarları › İş №3(005)-2470/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2470/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2470/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin polis sahə inspektoru polis baş kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli 15 oktyabr 2021-ci il tarixli protokola əsasən, Şəxs 12.08.2021-ci il tarixdə saat 20:20 radələrində ünvan 2 ünvanda 0.721 qram narkotik maddə aşkar edilmiş və 13.08.2021-ci il tarixdə sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticəsinə əsasən Şəxs sidiyində TCH aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin polis sahə inspektoru polis baş kapitanı X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi yaranması üçün narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 5 qram olması tələb olunur. Lakin Şəxs aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisi miqdarından azdır, yəni 0,721 qramdır. Belə olan halda onun əməlində cinayət tərkibi yaranmır, lakin onun əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi vardır. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün, onun barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə 18-ci PŞ-nə daxil olmuşdur. Daha sonra şəxsin izahatı alınmış və barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Özü də ifadəsində bildirmişdir ki, narkotik vasitədən istifadə edir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, 12.08.2021-ci il tarixdə “Tofiq Bəhrəmov” adına Respublika Stadionunda “Qarabağ” futbol klubunun oyununu izləmək üçün stadiona gəlmişdir. Həmin vaxt stadionun qarşısında dayanmış polis əməkdaşlarının qarşısından keçərkən, onu görüb saxlamışlar, özlərini təqdim edərək ondan da anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim edib futbol oyununu izləmək üçün gəldiyini demişdir. Bu zaman polis əməkdaşları ondan narkotik vasitə istifadə etməsindən şübhələnmişlər və bu barədə ondan soruşduqda, o, səmimi olaraq narkotik vasitə istifadə etdiyini demişdir. Polis əməkdaşları hal-hazırda ondan üzərində narkotik vasitə olub-olmadığını soruşanda, o, səmimi olaraq əynindəki şalvarının cibində bir büküm narkotik vasitə “nəşə” olmasını demişdir. Buna görə polis əməkdaşları onu 18-ci PŞ-nə gətirib təhvil vermişlər. Xidməti otaqların birində ona üzərində qanunla qadağa olunan hər hansı əşya vardırsa təqdim etməsi tələb edildikdə, o, əynindəki boz rəngli idman şalvarının sol yan cibindən siqaret qutusunun içərisində siqaretin kağızına bükülmüş bir bükümü təqdim etmişdir. O, polis əməkdaşlarının təklifi ilə bükülünü açdıqda, içərisində ot şəkilli kütlə aşkar olunmuşdur ki, həmin kütlənin narkotik vasitə olan “nəşə” olmasını, 07.08.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinin girişində üzdən tanıdığı, heç bir anket məlumatlarını bilmədiyi “Musa” adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını bildirmişdir. Özü də 2 aydır ki, narkotik vasitə “nəşə” istifadə edir. Son olaraq barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 12 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 12.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət törətməkdə şübhəli olan şəxsin azad edilməsi haqqında 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şəxs azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2021-ci il tarixli, № 7/781 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Turan Ə....” yazılar və imza olan kağız paketdəki 01 ədəd papirosun içərisində ümumi çəkisi 0,721 qram kütlə tütün hissəcikləri və cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləridir. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 2528 nömrəli 13.08.2021-ci il tarixli aktdan görünür ki, Şəxs götürülmüş sidiyin fiziki xassələrinin nəticəsinə görə onda THC aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 haqqında 21.08.2021-ci il tarixli 3012 nömrəli rəyindən görünür ki, Şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. 13.09.2021-ci i tarixli raportdan görünür ki, Şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan təmiz çəkisi 0.721 qram marixuana Nərimanov RPİ-nin Təminat Hissəsinin inspektoruna saxlanması üçün verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 15 oktyabr 2021-ci il tarixdən saat 16:20-dən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış və hazırda Bakı şəhəri Nərimanov RPİnin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalıq hissəsi- 0.721 qram çəkidə marexuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi gün) müddətində inzibati həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Həbsetmənin əvvəli 15 oktyabr 2021-ci il tarixdən saat 16:20-dən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalıq hissəsi- 0.721 qram çəkidə marexuana məhv edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar