Məhkəmə qərarları › İş №3(005)-2470/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2470/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2470/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi , Şikayət verən şəxs - X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29024396 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29024396 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, bildirir ki xx.xx.2025-ci il tarixində etibarnamə ilə idarə etdiyi **-MO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E-class” avtomobili ilə X4 küçəsində hərəkətdə olarkən Tofiq Bəhramov adına stadionu keçdiyi an Gənclik Mall-un parking ərazisinə girən yolun(zolağın) tıxac olduğunu müşahidə etmişdir. Ard-arda tıxacda gözləyən təxmini 20 avtomobilin sonuncusunun arxasında dayanmışdı. Sonra tıxacda gözləməyin və parkinqə qədər çatmağının hələ uzun müddət götürəcəyini yəqin etmişdi. Sərnişin qismində əyləşmiş anası maşınların tərpənmədiyinə və təhlükəsizliyə əmin olduqdan sonra qapını açaraq heç bir hərəkət iştirakçısına maneə yaratmadan maşından düşmüşdür. Bu hadisədən 12 gün keçdikdən sonra yəni xx.xx.2025 tarixində avtomobilimin texniki baxış vaxtını dəqiqlədirmək üçün “asanpay” saytına daxil olmuşdu. Ona tanış olmayan İnzibati xəta haqqında məlumatla rastlaşmış və dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə məxsus E-Polis tətbiqinə daxil olmuşdu və xx.xx.2025 tarixində qərarin elektron kabinetə yerləşdirildiyini öyrənmişdir. Bu məlumat həmin tıxacda barəsində İXM 346.4 maddəsi ilə cərimə olunduğunu göstərirdi. Odur ki, barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29024396 nömrəli elektron qərarın ləğv olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29024396 saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29024396 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:42-də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 80 (səksən) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Şəxsi kabinet məlumatının çıxarışından görünür ki, EQ 29024396 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.11-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346- 1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiynində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məhkəmə iclasındakı izahatını dinləyib, iş materiallarına əlavə edilmiş fotoşəkili tədqiq edərək və müvafiq qanunvericilik normalarını təhlil edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı bir hərəkətin inzibati xəta kimi tövsif edilməsi üçün onun obyektiv cəhətdən hüquqazidd olması ilə yanaşı, subyektiv cəhətdən, yəni şəxsin təqsiri ilə törədilməsi mütləqdir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən bilavasitə tədqiq edilmiş fotoşəkildən aydın şəkildə müəyyən olunur ki, X1 idarə etdiyi **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, hərəkətin ikinci cərgəsində öz istəyi və iradəsi ilə dayanmamışdır. Onun hərəkətsizliyi, "Gənclik Mall" ticarət mərkəzinin avtodayanacağına daxil olmaq üçün yaranmış və vizual olaraq müşahidə edilən nəqliyyat sıxlığının (tıxacın) məcburi nəticəsi olmuşdur. Şikayətçinin nəqliyyat vasitəsi digər avtomobillərin ardınca hərəkət axınına uyğun olaraq dayanmağa məcbur olmuşdur. İXM-in 346.4-cü maddəsinin dispozisiyası, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 29-cu və 30-cu bəndləri "dayanma" və "durma" anlayışlarına leqal izah verir. Hər iki anlayış özündə nəqliyyat vasitəsinin hərəkətinin qəsdən, sürücünün iradəsi ilə dayandırılmasını ehtiva edir. Lakin, yol hərəkəti şəraitindən (məsələn, svetoforun qadağanedici işarəsi, nizamlayıcının göstərişi və ya nəqliyyat axınındakı ləngimə) irəli gələn məcburi hərəkətsizlik, inzibati xətanın obyekti olan "dayanma" və ya "durma" kimi tövsif edilə bilməz. Belə hərəkətsizlik sürücünün iradəsindən kənar baş verən obyektiv zərurətdir və yol hərəkəti prosesinin ayrılmaz tərkib hissəsidir. Məhkəmə hesab edir ki, X1 hərəkətlərində yolun ikinci cərgəsində qanunsuz dayanmaq və ya durmaq niyyəti olmamışdır. Sərnişinin məhz bu məcburi dayanma zamanı nəqliyyat vasitəsindən düşməsi faktı, dayanmanın özünü qanunsuz etmir, çünki dayanmanın ilkin səbəbi sərnişin düşürmək deyil, qarşıdakı nəqliyyat sıxlığı olmuşdur. Sərnişinin düşməsi artıq yaranmış məcburi hərəkətsizlik vəziyyətinin bir nəticəsidir. İXM-in 8.3-cü maddəsi təqsirsizlik prezumpsiyasının tərkib hissəsi kimi in dubio pro reo (bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir) prinsipini təsbit edir. İnzibati məsuliyyətə cəlb edən orqan şəxsin təqsirini təkzibedilməz sübutlarla sübuta yetirməlidir. Təqdim edilmiş videogörüntü, X1 hərəkətlərində İXM-nin 346.4-cü maddəsinin tərkibinin olmasını sübut etmək əvəzinə, əksinə, onun hərəkətsizliyinin məcburi xarakter daşıması ilə bağlı ciddi və aradan qaldırılmayan şübhələr yaradır. Belə şübhələr isə qanunun tələbinə görə, barəsində icraat aparılan şəxsin xeyrinə yozulmalıdır. Beləliklə, məhkəmə müəyyən edir ki, X1 əməlində İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti, yəni yol hərəkəti qaydalarını pozaraq yolun ikinci cərgəsində qəsdən və iradi olaraq dayanma və ya durma faktı mövcud deyil. Xəta tərkibinin olmaması isə İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qeyd-şərtsiz əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29024396 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar