Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2471/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi , Şikayət verən şəxs- X1 iştirakı ilə, X1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, bildirir ki xx.xx.2025-ci il tarixində Bakı şəhəri, F.X.Xoyski pr-ti 39 ünvanında, özümə məxsus olan ** TU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəmi park edərək, həmin ərazidən uzaqlaşmışdır. Təxminən saat 12:50-13:00 radələrində avtomobili yerləşən əraziyə yaxınlaşaraq, orada olan ağacın altında dayanıb, telefonunun ekranına baxdığı zaman, qəfil ona mülki geyimdə bir şəxs yaxınlaşaraq, özünü 16 PB-nin əməkdaşı kimi təqdim etmiş və ona tütün məmulatından istifadə etdiyini bildirərək, ondan sənədlərini təqdim etməyi tələb etmişdir. Bu zaman ona bildirdi ki, o heç bir tütün məmulatından istifadə etməmişdi, dayanıb sadəcə telefonda olan mesajlara baxır. O isə, öz növbəsində onun üzərimə gedərək, barəsində tütün məlumatlarından istifadə edib yerə atdığına görə, inzibati protokolun tərtib ediləcəyini və mənə 300 manat məbləğində cərimə yazacağını bildirdi. Bildirir ki, o, həmin şəxsin bu hərəkətlərinə etiraz edərək, tütün məlumatından istifadə etməsinə dair sübutun, foto və ya video çəkilişinin ondan təqdim edilməsini tələb etdi və bildirdi ki, onun bu qanunsuz hərəkətlərindən, şər və böhtan atmasından DİN-nin 102 xidmətinə şikayət edəcək. Həmin şəxs ona kobud cavab verərək, “get hara istəyirsən şikayət et” kimi ifadələr işlətməklə, oradan uzaqlaşdı. Bundan sonra o, saat 13:08-də DİN-nin 102 xidmətinə zəng edərək, olanları həmin xidmətin əməkdaşına bildirdi və həmin şəxsin hərəkətlərindən, onun şər və böhtanından şikayət etdi. Növbəti gün xx.xx.2025-ci il tarixində mən 16-cı PB-nə yaxınlaşaraq, barəsində protokolun tərtib edildiyini bildirdi və ona həmin bölmənin əməkdaşı, tərtib edilmiş protokolu və qəbul edilmiş qərarı çap edərək təqdim etdi. O təqdim edilmiş sənədlərlə tanış olduğu zaman, məlum oldu ki, barəsində xx.xx.2025-ci il tarixli EXP №1729889 saylı protokolu tərtib edən sahə inspektorunun ad və soyadı X2r. Həmin protokolla tanış olduğu zaman, ona məlum oldu ki, barəsində İXM-nin 212.4-cü maddəsi ilə protokol və qərar tərtib edilməklə, o, 300 manat məbləğində cərimə olunmuşdur. ilk növbədə bildirir ki, adı çəkilən protokol tərtib edilərkən, bu protokol ona təqdim edilməmiş və onun etirazları tərtib edilmiş protokolda öz əksini tapmamışdır. Digər tərəfdən protokolun əsaslandırıcı hissəsində, tütün məlumatından istifadə etməsinə dair faktın hansı sübutlar əsasında təsdiq edilməsi də öz əksini tapmır. Göründüyü kimi, polis inspektorunun qanunsuz bu hərəkətləri onu göstərir ki, bu əməkdaş istənilən vətəndaşa yaxınlaşmaqla, ona şər və böhtan ataraq, vətəndaş barəsində protokol tərtib edib onu cərimənin ödənilməsinə məcbur edə bilər ki, bu hərəkətlərə də sadəcə özbaşınalıq və vəzifə səlahiyyətlərinin aşması adı vermək olar. Bildirir ki, o, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EXP №1729889 saylı protokolu və bunun əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında 15 iyul 2025-ci il tarixli EPQ № ******* saylı qərarı əsassız və qanunsuz hesab edirəm. Həmin qərar polis əməkdaşı tərəfindən, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, mən heç bır inzibati xətaya yol verməmişəm. Ona görə də, mən hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş və protokolun, protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:56-da X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat (6-12) Bakı şəhəri, X7 pr 39 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 212.4-cü maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məhkəmə iclasındakı ətraflı izahatını dinləyib, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin fundamental prinsiplərindən biri təqsirsizlik prezumpsiyasıdır. İXM-in 8-ci maddəsində təsbit olunmuş bu prinsipə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikcə o, təqsirsiz hesab edilir. Həmin maddənin 8.2-ci bəndi imperativ qaydada müəyyən edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İttihamın sübuta yetirilməsi vəzifəsi (onus probandi) tam həcmdə inzibati xəta haqqında protokol tərtib etmiş və qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Bundan əlavə, İXM-in 8.3-cü maddəsinə görə, şəxsin təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir (in dubio pro reo). Hazırkı işdə, X3 ona İXM-nin 212.4-cü maddəsi ilə irəli sürülmüş ittihamı ardıcıl olaraq rədd etmiş, nəinki tütün məmulatı tullantısını yerə atması, ümumiyyətlə hadisə anında tütün məmulatından istifadə etməməsi barədə israrlı mövqe nümayiş etdirmişdir. O, öz mövqeyini gücləndirmək üçün hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək polis əməkdaşının hərəkətlərindən şikayət etdiyini bildirmişdir ki, bu da onun hadisəyə ilkin reaksiyasının məhz öz hüquqlarının müdafiəsinə yönəldiyini göstərir. Bunun müqabilində, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi – məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmiş, X1 təqsirini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İXM-in 76.1-ci maddəsi inzibati xəta haqqında işlər üzrə sübutların dairəsini müəyyən edir ki, bunlara maddi sübutlar, şahid ifadələri, foto və ya video materiallar, ekspert rəyi və digər sənədlər daxildir. Lakin inzibati orqan tərəfindən tərtib edilmiş protokoldan və qərardan başqa, ittihamı təsdiq edə biləcək heç bir obyektiv sübut (məsələn, hadisəni təsdiq edən kənar şahidlərin izahatları, hadisə yerindən foto və ya video çəkiliş, iddia edilən tütün məmulatı tullantısının maddi sübut kimi sənədləşdirilməsi və s.) mövcud deyil. Məhkəmə hesab edir ki, yalnız inzibati xəta haqqında protokol tərtib etmiş polis əməkdaşının subyektiv mülahizəsinə əsaslanan və heç bir obyektiv sübutla möhkəmləndirilməyən inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı sayıla bilməz. Təqsirsizlik prezumpsiyası prinsipi tələb edir ki, məhkəmə yalnız şübhələrə deyil, təkzibedilməz sübutların məcmusuna əsaslanaraq qərar qəbul etsin. Barəsində icraat aparılan şəxsin ardıcıl inkaredici izahatı ilə inzibati orqanın sübutsuz ittihamı arasında yaranan ziddiyyət və şübhə, qanunun tələbinə uyğun olaraq, X1 xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmənin daxili inamına görə, X1 İXM-nin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqsirliliyi sübuta yetirilməmişdir. Bu isə, İXM-nin 53.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2471/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2471/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver