Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2485/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Vəfa qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X4, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil – X3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Qazax rayonu, Kirovkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağstafa rayonu, Həsənsu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsindən daxil olmuş 15 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs vətəndaş X2 nalayiq sözlərlə təhqir etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X6 protokola uyğun izahat verib bildirmişdir ki, Şəxs vətəndaş X2 nalayiq sözlərlə təhqir etmişdir Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birgə yaşayır. Evdar qadındır. Heç bir yerdə işləmir. Qurbanlı Əfsanə onun bacısı Səkinənin ərinin qohumudur. X8 500 ABŞ dolları, onun qaynanası Elnurə Əfsanəyə 6.000 ABŞ dolları pul verib ki, hansısa şəbəkəyə qoşaraq pul qazanacaqdır. O da onların sözü ilə Əfsanə ilə 2021-ci ilin sentyabr ayında “Gənclik” metrostansiyasının yaxınlığında “ABU Arena”nın qarşısında görüşərək 1.700 ABŞ dolları ona pul vermişdir. Əfsanə bildirdi ki, həmin pula görə hər ay 250 manat pul verəcəkdir. O da inanmışdır ki, hər ay 250 manat pul alıb övladlarının təhsil haqqını ödəyər. Sonradan pul gəlməyəndə Əfsanədən pulunu geri tələb etdikdə Əfsanə pulu qaytarmamaq üçün onu təhqir etməyə başlamışdır. O da əsəbiləşib Əfsanəyə “özünü mənimlə bir tutma, sən onun-bunun pulunu yeyirsən, mən isə ərimin pulunu” deyə cavab vermişdir. Bundan sonra Əfsanə onun həyat yoldaşı Elşəni də təhqir etmiş, ağzına gələn sözləri ona da demişdir. Bütün bunlar bəs deyilmiş kimi anasını öldürəcəyi ilə hədələmişdir. Həmçinin qızını da təhqir etmişdir. Öz elədiklərini heçə sayaraq guya onu təhqir etməyi ilə bağlı hələ polisə də şikayət etmişdir. Halbuki, o, Əfsanəni təhqir etməmiş, sadəcə onun sözlərinə cavab qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs “Whatsapp” sosial şəbəkəsində paylaşdığı şəkilləri həmin sosial şəbəkədə yerləşən qrupda paylaşaraq altından təhqiredici və böhtan xarakterli ifadələr yazmışdır. Onu anasının qəbrini sındırmaqla təhdid etmişdir. Şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs vətəndaş X2 nalayiq sözlərlə təhqir etmişdir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə, yəni fiziki şəxslər üzərində zor tətbiq olunması ilə; zorun tətbiq edilməsi hədəsi ilə; dövlətin və vətəndaşların əmlaklarının məhv edilməməsi; əmlakın zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsi ilə törədilir. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2485/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2485/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver