Məhkəmə qərarları › İş №3(005)-2488/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2488/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2488/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsi tərəfindən 11 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:30-da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 18 iyul 2022-ci il tarixli, HK-1 N 801 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:13-də vət. X1 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, Reno markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mercedes markalı avtomobilin toqquşması və xəsarət alan olmuşdur. xx.xx.2022-ci il tarixli, 1/3712 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində etibarnamə ilə idarə etdiyi “X8” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat da 50-55 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, 4cü uzununa küçəsi ilə H.Əliyev prospekti istiqamətindən Voladarski küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan birinci zolaqla hərəkət edirmiş. O, idarə etdiyi avtomobil ilə düzünə hərəkətdə olan zaman sağdan 1-ci zolaqda dayanmış vəziyyətdə olan “Dacia Logan” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön sağ hissəsi yolun kənarında dayanmış vəziyyətdə olan avtomobilin arxa sol bufer qanad və təkər hissəsinə çırpılmışdır. Zərbənin təsirindən həmin avtomobil piyada qadına dəymiş və qadın müqavimətini saxlaya bilməyib yerə yıxılmışdır. Bundan sonra ətrafdan təsadüfi keçən YPX əməkdaşı və o həmin qadını avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Daha sonra isə o, Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Aparılan araşdırma zamanı X1 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində “Dacia Logan” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat da 50-55 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, 4-cü uzununa küçəsi ilə H.Əliyev prospekti istiqamətindən Voladarski küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan birinci zolaqla hərəkət edirmiş. O, idarə etdiyi avtomobil ilə BNA-nın dayanacağının əks istiqamətində olan zaman avtomobilini saxlamış və müştərilər avtomobildən çölə çıxmışlar. Bu zaman avtomobilə əyləşmiş xanım müştəri avtomobilin ön sol sürücü hissəsinə yaxınlaşaraq xırdalaması üçün pul verib, gözləməyə başlamışdır. Bu zaman onunla eyni zolaqda ondan arxada hərəkət edən “X8” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün ara məsafəsi saxlaya bilmədiyi üçün idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə onun dayanmış vəziyyətdə olan avtomobilin arxa sol qanad arxa sol təkər və bufer hissəsinə çırpılmışdır. Zərbənin təsirindən onun avtomobili qadın müştəriyə dəymiş və o asfaltın üzərinə yıxılmışdır. Bundan sonra ətrafdan təsadüfi keçən YPX əməkdaşı və o həmin qadını avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Həmin vaxt hadisə yerinə gələn Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamışdır. O, da həmin araşdırmada iştirak etmişdir. Aparılan araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi taksi avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, 4-cü uzununa küçəsi ilə H.Əliyev prospekti istiqamətindən Voladarski küçəsi istiqamətində 3 zolaqdan ibarət avtomobil yolunda sağdan birinci zolaqla hərəkət edirmişlər. O, 4-cü uzununa küçəsində taksiən düşən zaman o yol pulunu taksiyə verib, sürücü tərəfinə yəni avtomobilin ön sol tərəfində dayanıb, pulu gözləməyə başlamışdır. Bu zaman sağdan 1-ci zolaqla hərəkət edən “X8” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin ön hissəsi ilə onların dayanmış vəziyyətdə olan taksini vurmuşdur. Zərbənin təsirindən taksi ona dəymiş və o müqavimətini saxlaya bilməyib, yerə yıxılmışdır. Bu zaman ayağı təkərin altında qalmışdır. O, da xəstəxanada müayinədən keçdikdən sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 765 nömrəli ekspert rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər-sol aşıq baldır oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sıyrıqları, əzilmiş yarası, sağ aşıq baldır oynağının və pəncənin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar