Məhkəmə qərarları › İş №3(005)-2492/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2492/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2492/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Şikayət vermiş şəxs X3 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-BE-*** dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsi ilə Heydər Əliyev prospekti ilə hərətdə olarkən İbrahimov Rəşad adlı DYP (**-YP-***) əməkdaşı tərəfindən saxlanıldı. Saxlanılan zaman DYP əməkdaşı ona bildirdi ki, **-YP-*** dövlət qeydiyyat nişanlı DYP avtomobilini idarə edən Dilbazi adlı tağım komandiri ona onun avtomobilinin saxlanılmasına dair əmr verib. Saxlama səbəbi barədə məlumat almaq istədikdə isə, İbrahimov Rəşad ona bildirmişdir ki, guya ki nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdırıldığından avtomobili cərimə meydança yerləşdirilmədir, özü isə məsələnin həlli üçün Bakı şəhər Baş X7 idarəsinə yaxınlaşmalıdır. Beləliklə, avtomobili xx.xx.2022-ci il tarixdə duracağa yerləşdirildi və bugünədək orada qalmaqdadır. Təbii ki, Bakı şəhər Baş X7 İdarəsinə yaxınlaşan zaman ona məsələni qeyri-qanuni yollarla həll etməyi təklif etsələr də, o, hər hansı inzibati xəta törətmədiyini nəzərə alaraq avtomobilinə dair buraxılış vərəqəsinin verilməsini xahiş etmişdir. 5 və 17-ci otaqlar arasında iki gün ərzində dəfələrlə növbə gözləsə də, polis əməkdaşları ümumiyyətlə tərəfindən verilən izahatları qəbul etməyərək idarəni tərk etməyini xahiş etdilər. Bir neçə gün sonra isə barəsində guya ki, AR İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozduğuna görə İXP ******* saylı, köhnə xx.xx.2022-ci il tarixli protokol tərtib etdilər. Uzun mübahisələrdən sonra Azərbaycan Respublikasında qanun normalarına öz baxış bucağından qiymət verən **-YP-*** dövlət qeydiyyat nişanlı polis avtomobilini idarə edən Dilbazi adlı tağına komandirinin avtomobilində hansı qüsurlar gördüyü barədə məlumat ala bilmişdir. Belə ki, ilk öncə ona bildirdilər ki, avtomobilinin üzərində olan təkərlər istehsalçı zavod tərəfindən quraşdırılmış tələblərə uyğun deyil. Bu da nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsidir. Və ya barəsində AR İXM-nin 342.5-ci maddəsinin tələblərini pozduğuma görə protokol tərtib edilə bilər, O da xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə tətbiq edilə bilər. Lakin o, nə oxlar üzrə paylanma qaydasını pozmuşdur, nə avtomobilin ağırlıq mərkəzini dəyişmişdir, nə də ki təkərləri nasazdır. Yəni təkərlə bağlı hər hansı bır qanun pozuntusuna yol verməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 və onun nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 (yüz əlli) manat miqdarında cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2492/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardan görünür ki, X2 şikayəti təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2530/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, inzibati xətaya dair qərar qəbull etmiş səlahiyyətli orqan Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin rəisi Rəşid Priyev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətin təmin edilməsində dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2492/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı inzibati xətaya dair qərar qəbul etmiş səlahiyyətli orqan Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin İdarəsinin rəisi Rəşid Priyev tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və işə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan, konkret sübut qeyd etmədən X3 barəsində xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokola baxaraq qərar qəbul edərkən X2 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-in 342.2.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli protokola əsasən tərtib olunan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Bakı şəhəri X6 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-in 342.2.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar