Məhkəmə qərarları › İş №3(005)-2499/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2499/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2499/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında iş üzrə icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 16 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 113618.87 Avro məbləğində pul vəsaitini 19 iyun 2023-cü il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 113618.87 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta 20 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixlii, EP ******* saylı inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, hadisəylə bağlı bütün materiallar mövcuddur. "xxxx" MMC şirkətində xx.xx.2023-cü ildə üçtərəfli müqavilə imzalamış, Aling Conel doo (Serbiya Respublikası) satıcı qismində, Şəxs MMC (Azərbaycan Respublikası) ödəniş edən tərəf qismində və Navigator şirkəti (Rusiya Federasiyası) alıcı qismində müqavilənin tərəfi olmuşdur. "xxxx" şirkəti Şəxs şirkətinə müqavilə əsasında ödəniş etmişdir və Navigator şirkəti tərəfindən həmin vəsaiti özlərinin “Aling Conel do” şirkətinə köçürülməsi barədə tapşırıq verilmişdir. Ödənişlər tam şəklində uğurla yekunlaşandan sonra, Satıcı “Aling Conel do” şirkəti malı tranzitlə Latviya Respublikasından Rusiya Federasiyasına, Sankt-Peterburq şəhərinə yollamışdır. Şəxs MMC-nin statusu müqaviləyə görə alıcının tapşırığına əsasən ödəniş edən bir tərəfdir. Belə olan halda, Şəxs MMC şirkəti barəsində tərtib olunan protokol qanuna ziddir. Ona görə ki, Şəxs MMC ölkəyə mal idxal etməmiş və ödənişi üçtərəfli müqaviləyə əsasən satıcının tapşırığı ilə həmin əməliyyatı aparmışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin hesabından 19 iyun 2023-cü il tarixdə ********* avans kodu ilə qabaqcadan ödəniş edilmiş 113618.87 Avro vəsait bəyan edilməmişdir. 27 aprel 2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC, “Aling Conel do” şirkəti və "xxxx" MMC arasında müqavilə üzrə pul vəsaitlərinin köçürülməsinə dair tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən müqavilə üzrə malların dəyəri Alıcı "xxxx" MMC-nin maraqları çərçivəsində fəaliyyət göstərən ödəyici Şəxs MMC tərəfindən ödənilir. "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" şirkəti tərəfindən "Unityfood LTD” MMC-nin Bank VTB (Azərbaycan) ASC-də olan AZ88Vİ BA**********9471RUB001 saylı hesabına 27 aprel 2023-cü il tarixli 36 nömrəli müqaviləyə əsasən 10.713.336.03 RUB (on milyon yeddi yüz on üç min üç yüz otuz altı rubl 03 qəpik) daxil olmuşdur. "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" şirkəti tərəfindən "Unityfood LTD” MMC-nin Bank VTB (Azərbaycan) ASC-də olan AZ88Vİ BA**********9471RUB001 saylı hesabına 27 aprel 2023-cü il tarixli 36 nömrəli müqaviləyə əsasən 10.713.336.03 RUB (on milyon yeddi yüz on üç min üç yüz otuz altı rubl 03 qəpik) daxil olmuşdur. "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" şirkəti tərəfindən "Unityfood LTD” MMC-nin Bank VTB (Azərbaycan) ASC-də olan AZ88Vİ BA**********9471RUB001 saylı hesabına 27 aprel 2023-cü il tarixli 36 nömrəli müqaviləyə əsasən 10.713.336.03 RUB (on milyon yeddi yüz on üç min üç yüz otuz altı rubl 03 qəpik) daxil olmuş vəsait konvertasiya olunaraq 215000.000 AZN (iki yüz on beş min manat) məbləğində xx.xx.2023-cü il tarixdə "Unityfood LTD” MMC-nin Rabitə Bankdakı cari hesabına göndərilmişdir. "xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə “Aling Conel D.O.O“ (Serbia) şirkətinin bank hesabına 113618.87 Avro pul vəsaiti köçürülmüşdür. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Qeyd edilən maddə hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Bununla yanaşı, Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyrirezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməlidir. Beləliklə, bu yarımbənd məhz vasitəçiliklə bağlı maliyyə əməliyyatlarının aparılması qaydalarını, köçürülən məbləğlərə dair müvafiq məhdudiyyətləri, lazımi sənədləri və müəyyən şərtlərə əməl edilmədikdə atılmalı olan addımları müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 30 sentyabr 2024-cü il tarixli Qərardadında qeyd olunur ki; Vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri) rəsmiləşdirilir. Belə müqavilələr əsasında bir tərəf muzd (haqq) müqabilində digər tərəf qarşısında malların alınması və ya satılması sahəsində, habelə malların müəyyən bazarda yerləşdirilməsinə yönələn öhdəlikləri öz üzərinə götürür. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Odur ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materialını tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 430.4cü maddəsində nəzərədə tutulan inzibati xətanın tərkibi olmadığına görə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda inzibati məsuliyyətə cəlb etmə səbəbi kimi göstərilmişdir ki, Şəxs MMC tərəfindən 113618.87 Avro məbləğində vəsaiti 19 iyun 2023-cü il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə qeyd edir ki, 27 aprel 2023-cü il tarixində ödəyici Şəxs MMC, Rusiya Federasiyasında qeydiyyatdan keçmiş alıcı "xxxx" MMC və Satıcı “Aling Conel doo" şirkətləri arasında üçtərəfli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərində qeyd edilmişdir ki, Satıcı Müqavilənin ayrılmaz hissəsini təşkil edən Spesifikasiyaya müvafiq olaraq elektrik mallarını və aksessuarlarını (bundan sonra "Mallar" adlandırılacaq) təmin etməyi, Alıcı isə onları almağı öhdəsinə götürür. Göründüyü kimi, müqavilənin şərtlərində malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə maliyyə vəsaitlərinin köçürülmə ardıcıllığı və hərəkətindən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" şirkəti tərəfindən "Unityfood LTD” MMC-nin Bank VTB (Azərbaycan) ASC-də olan hesabına 27 aprel 2023-cü il tarixli 36 nömrəli müqaviləyə əsasən 10.713.336.03 RUB (həmin dövr üçün 114000 avro dəyərində) daxil olmuş pul vəsaiti konvertasiya olunaraq 215000.000 AZN (iki yüz on beş min manat) məbləğində xx.xx.2023-cü il tarixdə "Unityfood LTD” MMC-nin Rabitə Bankdakı cari hesabına göndərilmiş və xx.xx.2023-cü il tarixdə “Aling Conel D.O.O“ (Serbia) şirkətinin bank hesabına 113618.87 Avro pul vəsaiti köçürülmüş, müvafiq mallar da tapşırıq müqaviləsinin şərtlərinə uyğun olaraq Rusiya Federasiyasına, Sankt Peterburq şəhərinə idxal olunmuşdur. Belə nəticəyə gəlinir ki, "Unityfood LTD” MMC sözügedən müqavilə üzrə həqiqi vasitəçilik fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.2, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar