Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2501/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli, 16 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 25332.10 Avro məbləğində vəsaiti 06 iyul 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 25332.10 Avro vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Nəticədə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Xəta 07 iyul 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilə əsasında xx.xx.2023-cü il tarixdə 25332.1 avro, xx.xx.2023-cü il tarixli müqavilə əsasında isə xx.xx.2023-cü il tarixdə 25332.13 avro vəsait köçürülmüş və 50664,26 avro dəyərində müvafiq mallar ölkəyə eyni vaxtda xx.xx.2023-cü il tarixli **********2561 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal edilmişdir. Lakin gömrük bəyannaməsində yanlışlıq olaraq yalnız xx.xx.2023-cü il tarixli müqavilə əsasında malların idxal olunduğu qeyd olunmuş, həmin bəyannamədə xx.xx.2023-cü il tarixli müqavilə barədə qeydiyyat aparılmamışdır. Bu barədə Dövlət Gömrük Komitəsinə müraciət edilmiş, hazırkı vaxtadək düzəlişin edilməsinə nail oluna bilməmişdir. Həqiqət dedikləri kimidir, ona görə də xahiş edir ki, bu hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyəti orqana lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli RB-02/2976 nömrəli məktubu və ona əlavə olunan cədvəldən görünür ki, Şəxs MMC-nin hesabından 06 iyul 2023-cü il tarixdə 25332.10 Avro ödəniş edilmiş, lakin gömrük bəyannaməsi təqdim edilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs MMC Almaniyanın “Walter Knoll” şirkətinə xx.xx.2023 tarixli (Gömrük kodu 2********) müqavilə əsasında xx.xx.2023-cü il tarixində 25332.1 avro və xx.xx.2023 tarixli (gömrük kodu 2********) müqavilə əsasında xx.xx.2023 tarixində 25332.13 avro vəsait köçürmüşdür. Gömrük rəsmiləşdirməsindən sonra Şəxs MMC banka xx.xx.2023-cü il tarixli **********2561 nömrəli 50664.26 avro dəyərində gömrük bəyannaməsi təqdim etmişdir. **********2561 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə əsasında 50664,26 avro dəyərində mallar ölkəyə idxal olunmuş, bəyannaməyə əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə malların ölkəyə idxal edilməsini müəyyən etmək mümkün deyildir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 06 iyul 2023-cü il tarixdə 25332.10 Avro məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin pul vəsaiti müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 2 (iki) il müddətində banka təqdim edilməmişdir. Hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş **********2561 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə əsasında 50664,26 avro dəyərində mallar ölkəyə idxal olunmuş, bəyannaməyə əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə malların ölkəyə idxal edilməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi Şəxs MMC-nin təqdim etdiyi gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixli avans ödənişi əsasında malların ölkəyə idxal olunması müəyyən olunmur. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında hüquqi şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin (25332.10 Avro) 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-ci maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Avronun olduğundan cərimənin məbləği dolların ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 25332.10 Avro valyuta vəsaiti məbləğinin 20%-i miqdarında, yəni 5.066,4 (avronun Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2501/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2501/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver