Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2515/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs (VÖEN: 6********) olaraq sahibkarlıq fəailiyyəti ilə məşğul olur. Fəailiyyəti ilə əlaqədar 18 aprel 2022 - ci il tarixində “AYSAM ORTOPEDİ VE TİBBİ ALETLER SAN. VE TİC. LTD ŞTİ” ULİGAZİ MAH.İSTİKLAL CAD.M.KEFELİ ART NO:28/l/3 İLKADİM /SAMSUN/TÜRKİYƏ şirkəti arasında alqı-satqı müqaviləsi bağlamış və hər iki tərəfdən imzalanmış müqavilə əsasında tələb olunan malların Azərbaycan Respublikasına idxal edilməsi və alınmış malların dəyərinin bank vasitəsi ilə ödənilməsi onun tərəfindən hissə-hissə olmaqla "xxxx" ASC-nin Mərkəzi filialında «Sahibkarlığın cari USD hesabından həyata keçirilmişdir. “AYSAM ORTOPEDİ VE TİBBİ ALETLER SAN. VE TİC. LTD ŞTİ” ULİGAZİ MAH.İSTİKLAL CAD.M.KEFELİ ART NO:28/l/3 İLKADİM/SAMSUN/TÜRKİYƏ Şirkətinə müqavilə əsasında ümumilikdə 86 875.93 (səksən bir min səkkiz yüz yetmiş beş dollar doxsan səkkiz sent) ABŞ dolları məbləği köçürtmüşəm(ödəniş tapşırıqlarım ərizəyə əlavə edirəm) və onun müqabilində 83 048.77 (səksən üç min qırx səkkiz dollar yetmiş yeddi sent) ABŞ dolları dəyərində ölkəyə mal idxal etmişəm. İdxal etdiyim malların təsdiq sənədlərin hamısı Azərbaycan Dövlət Komitəsinin Bakı Yük Gömrük İdarəsində olmaqla X5 üzrə idxal əməliyyatları aparılmışdır.(YGB-lər məktuba əlavə olunur). Bank vasitəsilə köçürmə etdiyi xx.xx.2022 tarixli 24578.8 ABŞ dollarına dair aid bütün malların alışı haqqında sənədlər mövcuddur. Lakin buna baxmayaraq AR Mərkəzi Bankı tərəfindən onun barəsində inzibati tənbehvermə haqqında Qərar qəbul edilmiş və belə hesab edirəm ki,inzibati xəta tərkibi olmadığı üçün həmin inzibati qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X1 nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarından şikayət verilən şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə qərarından şikayət verilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, X1 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tənbeh tədbirinin tətbiq olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli, başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində 2457.88 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. **********6173, **********9481, **********3492, **********3766 və **********7836 nömrəli gömrük bəyannamələrindən görünür ki, X2 tərəfindən 26 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin qarşılığı olan mallar ölkəyə tam şəkildə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X2 tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 tərəfindən 24578.79 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından 26 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş vəsaitin hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. X1 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2515/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2515/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver