Məhkəmə qərarları › İş №3(005)-2524/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2524/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2524/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X1, Qərarından şikayət verilən orqan – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin nümayəndəsi, inspektor, daxili xidmət kapitanı X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 5,5A, 5B ünvanda yerləşən trenajor zalı işlədir, xx.xx.2022-ci il tarixdə sahibi olduğu həmin trenajor zalına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin 3-cü X6 İdarəsinin əməkdaşı heç bir sənəd təqdim etmədən, onun iştirakı olmadan qanunsuz olaraq protokol tərtib etmiş və sonradan həmin protokol əsasında xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərar qəbul edərək Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə 130 manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin 3-cü X6 İdarəsinin əməkdaşı İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərini pozaraq barəsində protokol tərtib edərkən iştirakını təmin etməmiş, ona istinad etdikləri inzibati xəta haqqında mülahizəsini dinləməmiş, protokola öz qeydlərini və mülahizələrini daxil etmə hüququnu gözləməmişdir. X4 Məcəlləsinin 61-ci maddəsinə əsasən hüquq və vəzifələri izah edilməmişdir. Yəni, birtərəfli və qərəzli qaydada barəsində faktiki olaraq heç bir yoxlama aparılmadan inzibati xəta haqqında protokol tərtib etmişlər. Həmçinin tərtib edilmiş qərarda sadəcə ümumi formada göstərilmişdir ki, guya YTQ N03.2002, b-32, 3.19-un tələblərini pozmuşdur. Ancaq İXM-nin 518.1-ci maddəsinin pozulması barədə heç bir əsas göstərilməmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərar və inzibati xəta haqqında protokol ona təqdim edilməmiş, daha sonra Nərimanov Rayon İcra Şöbəsində ona 12 avqust 2022-ci il tarixdə təqdim olunmuşdur. Qərara hansı tarixdə baxılacağı barədə məlumatı olmamışdır. O, xx.xx.2022-ci ildə işə baxılması vaxtı və yeri barədə də xəbərdar edilməmişdir. Çoxsaylı qanun pozuntularına yol verən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin 3-cü X6 İdarəsi əməllərini davam etdirərək barəsində qəbul etdikləri xx.xx.2022-ci il MN № ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarla onu Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilərək barəsində 130 manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin 3-cü X6 İdarəsi əməkdaşları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsi barədə sənəd poçt vasitəsi ilə göndərilməyib və təqdim edilməyib. Ona görə də keçirilmiş yoxlama hüquqi nəticə yaratmadığından həmin yoxlama nəticəsində tərtib edilmiş bütün aktlar etibarsız hesab edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunun; 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2- ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1,4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin fərmanın 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra 'keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin fərmanın 1.7-ci bəndinə əsasən Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Həmin fərmanın 1.8-ci bəndə əsasən Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasmı, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və mühafizəsini təmin edir. Yuxarıda göstərilən səbəblərdən hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi yoxdur, ona görə də inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3.hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4.inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5.tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1 ,-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin 3-cü X6 İdarəsi 16 iyun 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş X3 şikayətdə göstərilənlərlə eyni məzmunda izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, protokol tərtib edən inspektoru ümumiyyətlə həmin zaman görməmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin nümayəndəsi, inspektor, daxili xidmət kapitanı X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, yoxlanış aparılacağına dair xəbərdarlıq verilmiş, sonradan yoxlama aparılmışdır. Yoxlama zamanı qarşısına bir neçə şəxs çıxaraq özünü məkanın sahibi kimi təqdim etmişdir. O isə oranın sahibini dəqiq tanımadığından son olaraq Əhmədov Mustafa barəsində protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 130 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 3-cü ərazi X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün həmin orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3–540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir (116.3-cü maddə); Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Sadalanan maddi hüququ normalarından müəyyən olunur ki, vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə müvafiq olaraq inzibati tənbeh tədbiri tətbiq edilməzdən öncə səlahiyyətli orqan həmin şəxsə münasibətdə (eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalıdır. Göründüyü kimi qanunverici bu halı dispozitiv deyil, məhz imperativ qaydada müəyyən etmişdir. Yəni başqa sözlə desək, səlahiyyətli orqan İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinin tələblərinə əməl etmədən vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz və inzibati qaydada tənbeh edə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar