Məhkəmə qərarları › İş №3(005)-2540/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2540/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2540/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Bakı X1 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 16.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Bakı X1 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 16.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində 16.10.2021-ci il tarixində EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman o, həmin protokola dair etirazını bildirmişdir. 15.10.2021-ci il tarixində barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, səhəri günü, yəni 16.10.2021-ci il tarixində onun iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda tibbi qoruyucu maskadan daimi olaraq istifadə edir. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır, inzibati xətanın tərkib əlaməti olmadığı üçün həmin qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsi hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 133.2.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı X1 İTB-nin polis nəfəri X2 tərəfindən tərtib edilmiş EXP ******* nömrəli, 15 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda İXM-in 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı X1nin rəisi X5 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 16 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 15 oktyabr 2021-ci il tarixdə İXM-in 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər; “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafə gözlənilməli (insanlar arası məsafə 1,5-2 metr), tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) (tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə) istifadə edilməlidir. Məhkəmə qeyd edir ki, Bakı X1nin rəisi X5 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 16 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X3 15 oktyabr 2021-ci il tarixdə İXM-in 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, X4 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin hansı tələblərinin pozulması dəqiq göstərilməmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən bir gün sonra, yəni 16 oktyabr 2021-ci il tarixdə EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Belə ki, İXM-in 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən tələblərin X4 tərəfindən pozulması halı müəyyən olunmamışdır. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X3 barəsində hər hansı sübut olmadan İXM-in 211.3-cü maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X3 İXMin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı hansı hərəkətə yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 8-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, eyni zamanda inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan şəxsin təqsirli olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olduğu halda X4 tərəfindən İXM-in 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədib törətməməsini müəyyən etmək mümkün deyil. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu nəzərə alaraq, məhkəmə X3 təqsirliliyi sübuta yetmədiyindən şikayətin təmin edilməsini, yəni Azərbaycan Respublikası Bakı X1 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 16.10.2021-ci il tarixli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Bakı X1 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 16.10.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilsin. Azərbaycan Respublikası Bakı X1 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 16.10.2021-ci il tarixli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar