Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2544/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, DİN BDYPİ X2 xx.xx.2025-ci il tarixli EQ 29015272 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və xeyrinə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə elektron kabinetinə AR İXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində cərimə olunmağıyla bağlı bildiriş gəlmişdir. Elektron kabinetdə yerləşdirilmiş şəkillərdən görünür ki, BYD Destroyer markalı avtomobil Nərimanov rayonu, H.Əliyev prospekti yaxınlığında, Təbriz küçəsində dayanarkən onun şəkli çəkilmiş, lakin həmin şəkillərdən avtomobilin dövlət qeydiyyat nişanı görünməmişdir. Ayrıca olaraq çəkilmiş şəkildə **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu görünür. Lakin nömrəsi düşən şəkildə avtomobilin yerləşdiyi yer aydın deyildir. Burdan o qənaətə gəlmək olur ki, qayda pozuntusu törətməsi ehtimal edilən avtomobilin ona aid olub-olmaması şübhəlidir, bəlli deyildir. İkinci halda, əgər həmin avtomobilin ona aid olduğunu qəbul etmiş olsa belə, əməldə inzibati xəta hadisəsinin olması sübuta yetmir. Belə ki, inzibati xəta törətməsi ehtimal edilən şəkildən görünür ki, yolun kənarında avtomobillərin saxlanması üçün yer ayrılmışdır və orada çoxsaylı avtomobillər dayanmışdır. Orada dayanmış BYD markalı avtomobilin dayandığı yer avtomobil dayanacağının bilavasitə qarşısı olduğu üçün yolun hərəkət hissəsi hesab edilməməlidir. Bundan başqa yolun kənarında heç bir qadağanedici və ya məlumatverici yol hərəkət nişanının olması da protokola əlavə edilmiş şəkillərdən görünmür. Başqa sözlə, inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş fotoşəkillərdən inzibati xəta hadisəsinin baş verməsi, eləcə də baş verdiyi təqdirdə inzibati xətanın onun tərəfindən idarə olunan **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun tərəfindən törədilməsi öz təsdiqini tapmır. Kirayə götürdüyü maşınla taksi fəaliyyəti ilə məşğul olur, xərcləri çıxdıqdan sonra hər gün 15-20 manat qazancı olur. Bütün günü yollarda olur deyə onsuz da ay ərzində xeyli inzibati cərimə ödəyir. İndi də bu qeyri-müəyyən əmələ görə inzibati xəta hadisəsinin olub-olmadığı dəqiq bəlli olmadan, orada olan avtomobilin idarə etdiyi maşın olduğunu dəqiqləşdirmədən 80 manat cərimənin onun adına qeyd edilməsi hesab edir ki, düzgün deyildir. Çünki o, gün ərzində yollarda olur və nə vaxt haradan keçdiyini dəqiq xatırlamır. Törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi yerdən keçib-keçmədiyi bəlli deyildir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin edilməsi, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN BDYPİ-nin X2 xx.xx.2025-ci il tarixli EQ 29015272 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 13:08-də Nərimanov rayonu, Təbriz küçəsi ərazisində idarə etdiyi “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, M.İsmayılov tərəfindən inzibati xətanın törədilmədiyi bildirilsə də, şəxs bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materiallarında olan fotoşəkilə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X4 istifadəsində olan “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 13:08-də Bakı şəhəri, Təbriz küçəsi ərazisində yolun hərəkət hissəsinin kənarında - ikinci cərgədə saxlamış və avtomobilin arxa sağ qapısı açıq vəziyyətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmamasını nəzərə alaraq nəticəyə gəlir ki, X3 şikayəti təmin edilməməli, DİN BDYPİ X2 xx.xx.2025-ci il tarixli EQ 29015272 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. DİN BDYPİ X2 xx.xx.2025-ci il tarixli EQ 29015272 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2544/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2544/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver