Məhkəmə qərarları › İş №3(005)-2545/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2545/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2545/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs – X2 nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN1933482 saylı protokol və onun əsasında 07 avqust 2024-cü il tarixdə qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” MN ******* saylı qərar ilə o, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru X5 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 900 manat məbləğində cərimə edilmişdir. Qərarda göstərilir ki, vətəndaş X8 ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə 18 aprel 2024-cü il tarixli, K/M-42 saylı əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. Lakin əsassız olaraq son haqq-hesabın ödənilmədiyi qeyd edilmişdir. Aşağıda göstərilən səbəblərə görə hesab edir ki, göstərilən “İnzibati Protokol" və onun əsasında qəbul edilmiş “İnzibati tənbeh tətbiq etmə haqqında Qərar” qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, inzibati protokolun məzmunundan da görünür ki, protokol formal olaraq, onu tərtib edən vəzifəli şəxsin təxəyyülü və şəxsi mülahizəsi əsasında tərtib edilmiş və orada göstərilənlərin heç biri həqiqəti özündə əks etdirmir. Müvafiq dövlət orqanı inzibati işə baxarkən onun iştirakını qanunla müəyyən edilmiş qaydada təmin etməyib və onun inzibati icraatdan ümumiyyətlə xəbəri olmayıb. Belə ki, müvafiq orqanın 2024-cü il 07 avqust tarixində, saat 11:30-da inzibati işə baxılmaya dair məktubu ona 2024-cü il 09 avqust tarixində gəldiyi üçün o, obyektiv səbəbdən işə baxılmada iştirak edərək öz mülahizə və sübutlarını təqdim edə bilməmişdir. Müvafiq dövlət orqanı isə elə həmin tarixdə onun iştirakı olmadan işə baxaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, protokolun “Qeyd" qrafasında göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Lakin, protokolu tərtib edən dövlət orqanının nümayəndəsi bu tələbə əməl etməmiş, protokolun mətnindən göründüyü kimi nə onun tərəfindən imzalanmış, nə də ki, imzalamaqdan imtina etməyinə dair hər hansı bir müvafiq qeyd edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, müvafiq dövlət orqanının törədilməsi zənn etdiyi inzibati xətanın bir vəzifəli şəxs kimi ona və rəhbəri olduğu Peşə Təhsili üzrə Dövlət Agentliyinə heç bir aidiyyəti yoxdur və tərtib olunmuş inzibati xəta haqqında qərar tamamilə əsassızdır. Şikayət vermiş X2 nümayəndəsi verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X9 bildirmişdir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmuşdur və barəsində müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşçi aprel ayında Müfəttişliyə şikayət edərək əmək haqqının ödənilmədiyini bildirib və bank çıxarışlarından da aydın görünür ki, işçiyə sonuncu ödəniş mart ayında olub. Vətəndaş şikayət etdikdən sonra iyun ayında ona ödənişlər edilib. Müvafiq qaydada təsdiqedici sənədləri məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 900 manat məbləğində cərimə edilmişdir. 17 aprel 2024-cü il tarixli, K/M-42 nömrəli əmrdən görünür ki, işçi X8 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. "xxxx" ASC-dən əldə edilmiş çıxarışdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ödəniş edilib və daha sonra iyun ayından başalayarq ödənişlər olunub, X5 şikayətdə tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X8 18 aprel 2024-cü il tarixində işdən azad edilmişdir. Bank çıxarışlarından isə X1 ödəniş xx.xx.2024-cü il tarixdə, yəni işdən azad olunduqdan öncəki tarixdə edildiyi görünür. Bununla da məhkəmə iclasında X6 işdən azad edildikdən sonra son haqq-hesabının vaxtında ödənilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X5 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar