Məhkəmə qərarları › İş №3(005)-2547/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2547/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2547/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X9 Şöbəsi tərəfindən 08 oktyabr 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı T.Məmmədovun 803 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun” 50-ci maddəsinin İ hissəsinin tələbini pozmuş, nəticədə idarəetməni itirdiyi üçün avtomobil beton səddə dəyərək aşmışdır. Hadisə zamanı avtomobilə maddi zərər dəymişdir. X1 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 30 avqust 2021-ci il tarixli, HK-1/742 sıra sayı ilə qeydə alınmış raportdan görünür ki, 30 avqust 2021-ci il tarixdə saat 14:00-da Travmatologiya İnstitutundan tibb bacısı Cavadova məlumat verərək Z.Bünyadov pr ilə Azadlıq Pr-nin kəsişməsində baş vermiş YHN zamanı 1978-ci il təvəllüdlü X2 dizin və sağ dirsəyin əzilmiş-sıyrılmış yarası xəsarəti ilə müraciət etməsini bildirmişdir. 30.08.2021-ci il tarixli, 2/24796 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 30.08.2021-ci il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 30.08.2021-ci il tarixdə saat 12:45 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Dong Feng S 30” minik markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə metronun Koroğlu stansiyası istiqamətindən metronun 20 Yanvar stansiyası istiqamətinə 2 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə 70-80 km sürətlə hərəkət etmişdir. Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində inşa edilmiş körpünün üzərində hərəkətini davam etdirdiyi zaman ondan arxada onunla eyni zolaqda hərəkətdə olan markasına və dövlət qeydiyyat nişanına baxmadığı avtomobilin sürücüsü avtomobilinin fara işıqları ilə ona işarə edərək, ona yol verməyi bildirmişdir. O da həmin avtomobilə yol vermək məqsədi ilə hərəkətdə olduğu zolaqdan sağ zolağa keçməyə başlamışdır. Həmin vaxt sağ zolaqdan hərəkətdə olan “VAZ 2107” markalı dövlət qeydiyyat nişaşına baxmadığı avtomobil olduğuna görə sürətini artırmışdır ki, onun sol yanından keçsin. Lakin bu zaman idarə etməni itirmiş və nəticə də idarə etdiyi avtomobil idarə etmədən çıxaraq yolun sağ tərəfində bərkidilmiş beton səddə dəyərək aşmışdır. Həmin vaxt idarə etdiyi avtomobildə sərnişin olan adını bilmədiyi və tanımadığı, təxminən 40-45 yaşlarında olan müştəri qismində metronun Neftçilər stansiyası yaxınlığından avtomobilinə əyləşmiş kişi bədən xəsarətləri almışdır. Hadisə görən və ətrafdan təsadüfi keçən şəxslər köməklik etmək üçün bizə yaxınlaşmışlar. Bundan sonra hadisə yerinə YPX əməkdaşı gəlmiş, araşdırma aparmağa başlamışdır. Aparılan araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, 30.08.2021-ci il tarixdə saat 12:45 radələrində müştəri qismində əyləşdiyi “Dong Feng S30” minik markalı **-PK- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə metronun Koroğlu stansiyası istiqamətindən metronun 20 Yanvar stansiyası istiqamətinə 2 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə saatda 90-100 km sürətlə düzünə hərəkət etmişlər. Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində inşa edilmiş körpünün üzərində hərəkətini davam etmişlər. Həmin vaxt adını bilmədiyi taksi sürücüsü bir neçə dəfə qaydaları pozaraq digər sürücülərə mane yaratmışdır. Düzünə hərəkətdə olduqları zaman 2 zolaqdan ibarət avtomobil yolunda qarşısında hər iki zolaqda avtomobil hərəkətdə olduğu halda idarə etdiyi ön hissəsinə daxil olub, ötmə əməliyyatını həyata keçirtmək istəmişdir. Həmin vaxt o güclü səs eşitmişdir. Bundan sonra taksinin sürücü idarə etməni itirmiş və nəticədə əyləşdiyi avtomobil sürüşüb aşmışdır. Bundan sonra isə yolun kənarında bərkidilmiş beton maneəyə dəyib, yenidən fırlanmışdır. O bundan sonra özü avtomobildən çölə çıxmışdır. Həmin vaxt ətrafdan keçən təsadüfi şəxslər hadisə olduğunu görüb kömək etmək üçün ona yaxınlaşmışlar. Aralarından tanımadığı bir şəxs onu müayinə olunması üçün üçün Travmatologiya İnstitutuna aparmışlar. Orada bədənini müayinə etdikdən sonra onu evə buraxmışlar. Bundan sonra Nərimanov RPİ-nin əməkdaşı onunla əlaqə saxlayaraq aparılan araşdırmada iştirak etməyini xahiş etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş 02.09.2021-ci il tarixli, 197 nömrəli ekspert rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər-sağ diz və dirsək oynaq nahiyyəsinin çoxsaylı əzilmiş yaraları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, 30.08.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şəxs İXM-in 327.1-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinə dair məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsinin dispozisiyasından göründüyü kimi, İXM-n 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsi ilə əhatə olunur. Belə olan halda, İXM-in 327.1-ci maddəsi ilə məhkəmə tərəfindən şəxsə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar