Məhkəmə qərarları › İş №3(005)-2561/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2561/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2561/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-nin sahə inspektoru X1, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-də tərtib olunmuş iş materialları baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-nin sahə inspektoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X2 məxsus ayaqqabıları oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-nin sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, bir müddətdir ağ ciyər xərçəngi xəstəliyindən əziyyət çəkir və heç bir yerdə işləmir. Ağrıları olduğundan və dərman ala bilmədiyimdən hər hansı bir əşya oğurlayıb məbləğ əldə etmək üçün xx.xx.2022-ci il tarixdə günorta saatlarında Nərimanov rayonu F.Yusifov küçəsi 190 saylı binanın bloklarına daxil olmuş, pilləkənlərlə qalxıbdüşmüş və mənzillərin birinin giriş qapısının qarşısından 2 cüt ayaqqabı götürmüş və ayaqqabıları götürərək oradan getmişdir. O, həmin ayaqqabıları Sabunçu əşya bazarında 15 manata satmış və həmin pulu şəxsi istifadəsi üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə yenidən həmin ünvana gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq 17-ci PŞ-nə dəvət ediblər. O, həqiqətəndə etdiyi oğurluq hərəkətini səmimi etiraf etmişdir. Məhkəmə iclasında müdafiəçi X6 çıxış edərək Şəxs barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət təqibi olmadığından, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi, oğurluq etmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-nin rəisi Azər Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Baki şəhəri, ünvan 3 ünvanında yaşayan vətəndaş X5, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq, eyni zamanda, Nərimanov RPİ- nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək, qeyd edilən tarixdə yaşadığı evin giriş qapısının çöl hissəsində saxladığı ümumi dəyəri 78 manat olan 2 cüt ayaqqabıların naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Odur ki, vətəndaş X2 məxsus 2 cüt ayaqqabıları talayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Nərimanov RPİ-nin 17-ci PŞ-nin müvafiq əməkdaşına həvalə olunmasına dair göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, xx.xx.2022-ci il tarixdə törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar