Məhkəmə qərarları › İş №3(005)-2568/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2568/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2568/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə sənədi icra edilməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki? protokolda qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 56/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu ödənişlər etmişdir, lakin tam şəkildə icra etməmişdir. Hazırda 419058 manat borcu qalmışdır. Qeyd etmişdir ki, digər borclular barəsində icra sənədləri Nərimanov rayon İcra şöbəsinin icraatında deyildir və bu səbəbdən görülmüş tədbirlər barəsində məlumatı yoxdur. Borclunun təqaüdünün hazırda çox hissəsi aliment ödənişinə yönəldilmişdir. Bundan əlavə, inkasso sərəncamı üzrə ödənişlər tutulmuşdur. Məhkəmədən borclu barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qeyd etdi ki, hazırda borclunun kifayət qədər borcu var. Digər icra qurumlarında da qalan borclular barəsində icraat aparılır. Lakin, hüquqi şəxslər formal olduqları üçün heç bir əmlakları yoxdur. Digər borclu hazırda axtarışdadır. Xanım borclu barəsində isə xanım olması səbəbindən tədbir görülə bilmir. Bu səbəbdən borclunun inzibati həbs edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından boyun qaçırmamışdır. Gömrük orqanlarında işləyib oradan pensiyaya çıxıb, hazırda aliment ödəyir, gəlirinin 60 faizi aliment ödəyir. Ərizə təqdim edərək hissə-hissə ödəyəcəyini bildirmişdir. Keçən ay da 500 yüz manat ödəniş etmişdir, bu ay da 1000 manat ödəniş etdiyin bildirdi. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, borclular "xxxx" MMC, "xxxx" MMC, X5, X2 və Şəxs müştərək qaydada cəmi 422466,46 manat məbləğində pul vəsaiti, həmçinin 400 manat mediasiya xərci, 313,23 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, "xxxx" MMC, "xxxx" MMC, X5, X2 və Şəxs ekspertiza xərci olan 200 manat, Şəxs ekspertiza xərci olan 110 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-56/2024 saylı, xx.xx.2024-cüb il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, icra sənədini, tərəflərin məhkəmə iclasında verdiyi izahatları və təqdim etdiyi sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib elementləri mövcuddur. İşin materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-56/2024 saylı, 31 iyul 2024-cü il tarixli icra sənədi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi imperativ qaydada təsbit edir ki, məhkəmə qərarlarının icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Şəxs, digər müştərək borclularla birgə, "xxxx" ASC-yə qarşı külli miqdarda borc öhdəliyinin icrasından tam həcmdə yayınmışdır. İcra məmuru tərəfindən borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilsə də, icra sənədində göstərilən tələb bu günədək tam icra olunmamışdır. Bu hərəkətsizlik, öz növbəsində, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini təşkil edir. Məhkəmə, borclu Şəxs icra sənədinin icrasından tam boyun qaçırmadığını, pensiyasının böyük bir hissəsinin başqa bir məhkəmə qərarı əsasında aliment ödənişlərinə tutulduğunu və son aylar ərzində qismən ödənişlər etdiyini nəzərə alır. Lakin, qeyd olunan hallar onu inzibati məsuliyyətdən azad etmir. Belə ki, icra sənədinin qismən icrası və ya gələcəkdə hissə-hissə icra ediləcəyinə dair vəd verilməsi, şəxsi qanunla müəyyən edilmiş icra öhdəliyindən azad etmir. "İcra haqqında" Qanun borcluya məhkəmə qərarının icrasının təxirə salınması və ya hissə-hissə icra edilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ verir. Borclunun bu hüquqdan istifadə etməsi, lakin məhkəmə tərəfindən həmin ərizənin təmin edilməməsi faktı, onun üzərində olan tam icra öhdəliyinin qüvvədə qaldığını bir daha təsdiq edir. Belə olan halda, borclunun icra sənədini icra etməməsi üzrsüz səbəbdən baş vermiş hesab edilməlidir. Tələbkar nümayəndəsinin digər müştərək borcluların borcu ödəməkdən yayınması və ya axtarışda olması səbəbindən Şəxs barəsində ən sərt tənbeh növü olan inzibati həbsin tətbiq edilməsi barədə vəsatəti məhkəmə tərəfindən əsaslı hesab edilmir. İnzibati məsuliyyət fərdi xarakter daşıyır və hər bir şəxs yalnız özünün törətdiyi xətaya görə cavabdehlik daşıyır. Digər borcluların hərəkətləri (və ya hərəkətsizliyi), o cümlədən borcu ödəməkdən yayınmaları səbəbindən, ödəmə imkanı olan yeganə şəxs Şəxs həbs edilməsi üçün əsas ola bilməz. Məhkəmə qərarlarının icrası bütün borcluların müştərək vəzifəsidir və bir borclunun məsuliyyəti digərlərinin hərəkətsizliyi ilə ağırlaşdırıla bilməz. İnzibati tənbehin növünü və həddini təyin edərkən məhkəmə, İXM-in 9.1-ci və 31-ci maddələrində təsbit olunmuş ədalətlilik, qanunçuluq və mütənasiblik prinsiplərini rəhbər tutur. Məhkəmə bir tərəfdən törədilmiş xətanın ictimai təhlükəliliyini, məhkəmə qərarlarının icrasının dövlətin ədalət mühakiməsi sisteminin nüfuzu üçün əhəmiyyətini, digər tərəfdən isə barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun qismən də olsa ödənişlər etməsini, pensiyaçı olmasını və gəlirlərinin əhəmiyyətli hissəsinin digər məhkəmə qərarı (aliment) üzrə tutulmasını nəzərə alır. Bundan əlavə, məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 4 saylı Protokolunun 1-ci maddəsinə (borca görə azadlıqdan məhrum etmənin qadağan olunması) dair formalaşdırdığı presedent hüququnu nəzərə alır. Həmin hüquqa görə, şəxsin sırf müqavilə öhdəliyini yerinə yetirə bilməməsi səbəbindən azadlıqdan məhrum edilməsi yolverilməzdir. İnzibati həbs tədbiri yalnız o halda tətbiq edilə bilər ki, borclunun ödəmə qabiliyyəti olduğu halda, qəsdən və inadla məhkəmə qərarının icrasından boyun qaçırdığı təkzibedilməz sübutlarla müəyyən edilsin və məsuliyyəti ağırlaşdıran kifayət qədər hallar olsun. Hazırkı işdə Şəxs qismən ödənişlər etməsi onun borcu ödəməkdən tamamilə imtina etmədiyini göstərir və bu, inzibati həbs kimi ultima ratio (son vasitə) tədbirinin tətbiqini qeyri-mütənasib edir. Lakin bu, onun inzibati məsuliyyətdən azad edilməli olması mənasına gəlmir və tam şəkildə üzrlü hal kimi qiymətləndirilmir. Belə ki, məhkəmə iş üzrə borclunun gəlirlərini təhlil edərək müəyyən edir ki, bütün qanuni tutulmalardan sonra onun sərəncamında qalan aylıq vəsait (təxminən 1500-2000 manat) borcun qismən ödənilməsindən daha artıq məbləğdə icraya yönəldilməsinə imkan verir. Bu isə onun əməlində inzibati xəta tərkibinin olmasını bir daha sübut edir. Eyni zamanda, məhkəmə qərarının uzun müddət icra olunmaması və borcun böyük məbləği inzibati məsuliyyətin tətbiqini zəruri edir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbehin məqsədi təkcə cəzalandırmaq deyil, həm də şəxsi gələcəkdə qanunlara əməl etmək ruhunda tərbiyələndirmək və yeni xətaların qarşısını almaqdır. Bütün bu halların məcmusunu qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin minimum həddə tətbiq edilməsi ədalətli, qanuni və törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsinə mütənasib olacaqdır. Bu tənbeh bir tərəfdən borcluya məhkəmə qərarlarının icrasının məcburiliyi barədə ciddi xəbərdarlıq olacaq, digər tərəfdən isə onun maliyyə vəziyyətini daha da ağırlaşdıraraq borcun gələcək icrasını mümkünsüz etməyəcəkdir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar