Məhkəmə qərarları › İş №3(005)-2570/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2570/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2570/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi-Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 598.1.3-cü maddəsi ilə tərtib edilmiş 20 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 598.1.3-cü maddəsi ilə tərtib edilmiş 20 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, G. Qədirbəyova küçəsi 10, 2-ci mərtəbə, Qapı 1 ünvanda Şəxsnə aid sənədlər yoxlanılmış və “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən AR İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, həmin MMC-də auditor fəaliyyəti, mühasibat uçotu və vergilər üzrə məsləhətlər verilməsi xidməti göstərdiyindən, həmin MMC “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna əsasən monitorinqdə iştirak edən digər şəxslər hesab edilir. Bu fakt Vergilər Nazirliyinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlamasına dair” 20.10.2021-ci il tarixli **********762800 saylı Aktla təsdiq edilmişdir. Lakin həmin MMC tərəfindən qeyd edilən Qanunun 12-ci maddəsində müəyyən edilmiş monitorinq iştirakçılarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sisteminin tətbiqinə dair tələblərin pozulması aşkar edilmişdir. Bununla yanaşı hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, hüquqi şəxsin fəaliyyət istiqaməti bazar araşdırılması, biznes planların tərtibi, müştəri üçün bizneslərin genişləndirilməsinə dair tövsiyələrin verilməsindən ibarət olmuşdur. Buna baxmayaraq yoxlama zamanı yoxlamanın əhatə etdiyi dövr ərzində nəzarət olunan subyekt vergi orqanında mövcud olan baza məlumatlarına əsasən 69201 kodlu (mühasibat uçotu və vergi məsləhətləri sahəsində fəaliyyət) fəaliyyət növünü seçdiyi müəyyən edilmişdir. Digər tərəfdən nümayəndə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılan yoxlama reyestrində qeydiyyata alınmadığı üçün həmin yoxlamanın hüquqi nəticəsinin olmadığını bildirsə də, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarda qeyd edilən sahənin yoxlanılması nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi X10 məhkəmə iclasında çıxış edərək ilkin olaraq bildirmişdir ki, tərtib edilmiş protokol tamamilə əsassızdır. Birincisi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-ci bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sözügedən Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunan normalara baxmayaraq, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən cəmiyyətə təqdim edilən yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlamanın növü kimi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılan yoxlama deyil, yalnız növbəti səyyar vergi yoxlaması göstərilmişdir ki, bu da cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamasına və bununla da həmin yoxlamanın qanunsuz aparılmasına dəlalət etmişdir. Belə olan halda, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılan yoxlama reyestrində qeydiyyata alınmadığı üçün həmin yoxlamanın hüquqi nəticəsi yoxdur. Digər tərəfdən MMC-nin direktorunun 28.10.2021-ci il tarixli əmri ilə X3 28.10.2021-ci il tarixdən MMC-nin maliyyə monitorinqi üzrə məsul şəxs olaraq təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair 20.10.2021-ci il tarixli **********762800 nömrəli aktdan görünür ki, vergi ödəyicisi tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq daxili nəzarət sisteminin yaradılmadığı, məsul şəxsin təyin edilmədiyi, Maliyyə monitorinq xidmətinə məlumat verilmədiyi müəyyən edilmişdir. Belə ki, cəmiyyətin rəhbəri X8 cəmiyyətin yaradıldığı 13.08.2018-ci il tarixdə müəssisə tərəfindən o cümlədən “Mühasibat uçotu və vergilər üzrə məsləhətlər“ fəaliyyət növü üzrə xidmət göstərilməsi nəzərdə tutularaq vergi orqanında həmin fəaliyyət üzrə kod alınsa da, həmin fəaliyyət növü üzrə xidmət göstermədiklərini, özünün sonradan, yeni 02.03.2020-ci il tarixdə müəssisənin rəhbəri təyin olunduğunu bildirmişdir. X8 rəhbər təyin olunduqdan sonra da fəaliyyət kodunu dəyişdirməsə də cəmiyyət tərəfindən “Mühasibat uçotu və vergilər üzrə məsləhətlər” sahəsində faktiki xidmət göstərmədiklərini, bu səbəbdən də daxili nəzarət sisteminin yaradılmadığını, məsul şəxs təyin edilmədiyini, Maliyyə monitorinqi xidmətinə heç bir məlumat verilmədiyini və buna zərurət olmadığını bildirmişdir. Bununla müəssisə tərəfindən aidiyyəti qanunun tələblərinin pozulduğu müəyyən edilmişdir. «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinə əsasən monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsini nəzərdə tutmuşdur. Həmin Qanununun 5.4-cü maddəsinə görə monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********150297 nömrəli 04.10.2021-ci il tarixli qərardan görünür ki, Şəxs üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. 05.10.2021-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən görünür ki, Şəxsndə 05.10.2021-ci il tarixdən 17.11.2021-ci il tarixədək dövrdə Vergi qanunvericiliyinə əməl olunması məqsədi ilə növbədən kənar səyyar vergi yoxlanılmanın aparılması qeyd edilmişdir. Şəxs direktoru Elnur Osmanlı tərəfindən verilmiş 28.10.2021-ci il tarixli, 022/a nömrəli əmrdən görünür ki, X3 28.10.2021-ci il tarixdən MMC-nin maliyyə monitorinqi üzrə məsul şəxs olaraq təyin edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə eyni zamanda hüquqi şəxsin nümayəndəsinin MMC-nin barəsində tərtib edilmiş protokolun qanunsuz və əsassız olduğuna dair çıxışına münasibət bildirmək istəyir. Belə ki, hüquqi şəxsin nümayəndəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılan yoxlama reyestrində qeydiyyata alınmadığı üçün həmin yoxlamanın hüquqi nəticəsinin olmamasını dair çıxışına münasibətdə qeyd edir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarda qeyd edilən sahənin yoxlanılması nəzərdə tutulmuş və qərarla vergi ödəyicisi qanunvericiliklə müəyyən edilmiş müddətdə yoxlamanın başlanılmasından əvvəl məlumatlandırılmışdır. (çıxarışda MMC-nin direktoru Ş.Osmanlının Qeyd olunan çıxarışla tanış olduğunu təsdiq edən möhür əksi vardır) Digər tərəfdən həm hüquqi şəxsin direktoru E. Osmanlının 15.10.2021-ci il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vermiş olduğu izahatında, bundan əlavə hüquqi şəxsin nümayəndəsi isə məhkəmə iclasında Şəxs MMC-nin fəaliyyət istiqamətinin bazar araşdırmalarının təşkil etdiyini bildirməsinə baxmayaraq, MMC-nin direktoru 28.10.2021-ci il tarixdə əmr verərək (Səlahiyyətli orqan tərəfindən 20.10.2021-ci il tarixdə protokol tərtib edildikdən 8 gün sonra) S.Kazımova MMC-nin maliyyə monitorinqi üzrə məsul şəxs olaraq təyin etmişdir. Yuxarıda göstərilən xüsusatlar özü-özlüyündə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan tərəfin qeyd olunan inzibati xətanı etiraf etməsi və inzibati pozuntuya yol verməsini dolayı olaraq təsdiq edən etirafedici sübutudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun; 12.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır: 12.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanması; 12.1.1-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması üçün tədbirlərin görülməsi; 12.1.2. müştərilərin, onların adından çıxış edən səlahiyyətli nümayəndələrin, benefisiar mülkiyyətçilərin əməliyyatların eyniləşdirilməsinə və verifikasiyasına, müştərinin və benefisiar mülkiyyətçinin xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə imkan verən daxili, mərkəzləşdirilmiş arxivin yaradılması; 12.1.3. məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydaların hazırlanması; 12.1.4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi; 12.1.5. monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi; 12.1.6. əməliyyatın həyata keçirilməsinin dayandırılması ilə əlaqədar meydana çıxa biləcək problemlərin həlli istiqamətində tədbirlər; 12.1.7. bu Qanunla tələb olunan qaydaların monitorinq iştirakçıları tərəfindən tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi; 12.1.8. hüquqi şəxs olan monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi; 12.1.9. fəaliyyət xüsusiyyətindən asılı olaraq, işə qəbul və işçilərin yoxlanması mexanizmlərinin, habelə xarakteri şübhə doğuran hər hansı əməliyyatın aşkarlanması, qarşısının alınması və lazımi məlumatların bu Qanunun 11-ci maddəsinə əsasən maliyyə monitorinqi orqanına təqdim olunması üzrə digər mexanizm və qaydaların hazırlanması. 12.2-ci maddəsinə əsasən monitorinq iştirakçılarının strukturu daxilində bu Qanunun 12.1.8-ci maddəsində qeyd olunmuş məsul şəxs yalnız hüquqi şəxsin rəhbərliyinə hesabat verməlidir. 12.3-cü maddəsinə əsasən monitorinq iştirakçıları daxili nəzarət sistemlərini maliyyə monitorinqi orqanının tələblərinə uyğun olaraq hazırlamalıdırlar. 12.4-cü maddəsinə əsasən daxili nəzarət sistemi çərçivəsində tətbiq olunan tədbirlərin növü və həddi monitorinq iştirakçılarının fəaliyyətinin xarakterinə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələblərini pozmuş, bununla da, Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar