Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2570/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X7 xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən o, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1000 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Mövcud qanunvericiliyə əsasən qeyd olunan inzibati qərar üzrə icraata xitam verilməlidir. Barəsində məlum qərarın qəbul edilməsindən Qaradağ rayon icra şöbəsi vasitəsi ilə məlumatı olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar ona poçt vasitəsi ilə göndərilmiş, lakin ona çatmamışdır. Belə ki, onun barəsində tərtib edilmiş protokoldan xx.xx.2022 məlumatı olub, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən cərimələnmiş, lakin o, xx.xx.2021-ci il tarixində “X14” MMC-də olduğum vəzifədən istefa verərək işdən azad olunmuşdur. Qaradağ rayon icra şöbəsindən onu xx.xx.2022-ci il tarixdə yığıb bildirmişlər ki, cəriməsi var, həmin tarixdə icraata başlamaq haqqında qərar ona rəsmi qaydada təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 o, həmin vəzifədə xx.xx.2021-ci il tarixdən azad olunmağına baxmayaraq onun barəsində cərimə tətbiq edirlər. Ona bildirilmədən barəsində cərimə qərarı tərtib olunmuşdur. O, inzibati xəta lörətmədiyini əsaslandırsa da, buna dair sübutları ona təqdim etməmişlər. Bu səbəbdən hesab edir ki, inzibati xəta haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X7 xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, 08 iyul 2021-ci il tarixli ******* nömrəli protokola baxılaraq X5 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçisinin növbədənkənar Ümumi Yığıncağının xx.xx.2021-ci il tarixli protokolundan görünür ki, X4 ərizəsinə əsasən 02 iyul 2021-ci il tarixdən “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 09.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X3 inzibati xəta törədilməsinə aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Hazırki şəraitdə iş üzrə şikayət vermiş şəxsin izahatı və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, X8 “X14” MMC-nin dirketoru vəzifəsindən 02 iyul 2021-ci il tarixdə (MMC-nin Ümumi Yığıncağının həmin tarixli qərarı ilə) azad edilmişdir. Başqa sözlə, ehtimal olunan inzibati xətanın baş verdiyi tarixdə (08 iyul 2021-ci il) X8 faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini və ya sahibkarlıq fəaliyyətini həyata keçirməmişdir. Həmçinin, səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilsə də, inzibati orqan tərəfindən X3 inzibati xəta törədərkən həmin MMC-də rəhbər funksiyalarını həyata keçirdiyinə dair inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Belə olan təqdirdə, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab oluna bilməz. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, hüququn ədalətlilik, təqsirə görə məsuliyyət və təqsirsizlik prezumpsiyası prinsiplərini rəhbər tutaraq qeyd edir ki, fərd ancaq hüquqazidd əməlinə və onun şəxsiyyətə, cəmiyyətə və dövlətə ziyan vuran nəticəsinə müəyyən psixi münasibəti mövcud olduqda məsuliyyət daşıya bilər. Təqsirlə bağlı olmayan, yəni qəsd və ya ehtiyatsızlıqdan törədilməyən əmələ görə məsuliyyət yarana bilməz. Şəxs yol verdiyi əməlin ictimai təhlükəliliyini dərk etməmişdirsə və ya dərk etmək imkanından məhrum edilmişdirsə belə əməl onun üçün məsuliyyət yarada bilməz. Təqsirlə əhatə olunmayan əmələ görə məsuliyyətə cəlb etmə məsuliyyətə alma obyektiv təqsirləndirməyə gətirib çıxarardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2570/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2570/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver