Məhkəmə qərarları › İş №3(005)-2572/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2572/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2572/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi – X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə MN 10949424 nömrəli, 12 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı yoxlama zamanı sertifikatsız praktik tibb fəaiyyəti və lisenziyadan kənar iş və fəaliyyət mama-ginekoloji, mikrobiologiya-mikrobioloji (yaxma, əkilmə) aşkar edildi. Bununla da MMC tərəfindən İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X10 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, sertifikasiyadan keçməyən həkimlərin sertifikatının müddəti iyun ayında bitmişdir və həmin dövrdən bu günə qədər sertifikasiya komissiyasının məzuniyyətdə olmasından dolayı sertifikasiya imtahanını verə bilməmişdir və həmin hal baş verən zaman işçini işdən çıxartmaq zərurəti olduğunu bilməmişlər. Ginekoloji otaqla bağlı məsələ ilə əlaqədar isə bildirmişdir ki, həmin otaq hazırda fəaliyyət göstərmir. Həmin sahə üzrə lisenziya aldıqdan sonra fəaliyyət göstərəcəkdir. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 651 nömrəli qərarla Şəxs MMC-də planlı (növbəti) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X15 Müəssisəsinin 397 nömrəli, 12 avqust 2022-ci il tarixli planlı (növbəti) yoxlamanın aktına əsasən, yoxlama sualları üzrə müəssisədə tibbi sənədləşmələrin aparılması haqqında təsdiqedici sənədlər (ambulator kartalar, həkimlərin gündəlik qeydiyyat sənədləri) və tibbi statistika hesabatları yoxlamaya təqdim edilməmişdir. Müəssisədə çalışan X5 (pediatr) sertifikasiyadan (növbəti) keçmədən tibbi praktiki fəaliyyəti aşkar edilmişdir. Müəssisəyə cari planlı yoxlama barəsində bildiriş məktubu daxil olduqdan sonra X7 tibb bacısı vəzifəsi dəyişdirilərək qeydiyyatçı kimi rəsmiləşdirilmişdir. Müəssisədə lisenziyadan kənar iş və fəaliyyət: mamaginekologiya-ginekoloji, mikrobiologiya-mikrobioloji (yaxma, əkilmə, disbakterioz müayinə nəticələrinin təsdiqedici sənədləri) aşkar edildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda hüquqi şəxs Şəxs barəsində tərtib olunmuş yuxarıda göstərilən məlum inzibati xəta haqqında protokolda həmin MMC-də lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildiyi göstərilsə də, məhz hansı fəaliyyətin, hansı şəkildə, üsulda və qaydada, kimlərə münasibətdə həyata keçirildiyi göstərilməmişdir. Bundan başqa, protokola əlavə olunmuş plandan kənar yoxlama aktında həmin tibb müəssisəsində yoxlama zamanı lisenziyadan kənar mama-ginekologiya-ginekoloji, mikrobiologiyamikrobioloji fəaliyyət xidmətinin aşkar olunması göstərilsə də, həmin xidmətin vasitəsi ilə konkret olaraq hansı şəxslər üzərində tibb fəaliyyətinin həyata keçirildiyi, həmin fəaliyyətlə bağlı həmin tibb müəssisəsinə hər hansı pasiyentlərin müraciət etməsi, bununla da, orada praktiki olaraq tibb fəaliyyətinin həyata keçirilməsi faktının konkret olaraq nədə ifadə olunduğu müəyyən edilməmiş, bu barədə inzibati xəta haqqında protokolda göstərilməmişdir. Həmçinin, lisenziyadan kənar hər hansı xidmətin göstərilməsi ilə bağlı konkret şəxslərin (xəstələrin və digər şəxslərin) izahatları alınmamışdır. Ona görə də, Şəxs ona istinad olunan həmin xətanı törətməsi barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən məhkəməyə gəlməklə aradan qaldırılmamış və bu səbəbdən də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs xeyrinə həll edilməli, həmin hüquqi şəxs ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Həmçinin məhkəmə həkim-pediatr vəzifəsində çalışan X1 keçmədən tibbi praktiki fəaliyyətinin aşkar edilməsi ilə bağlı qeyd edir ki, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.4-cü bəndinə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49- 1-ci maddəsinə əsasən, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH № 025149 nömrəli sertifikasiya şəhadətnaməsinə əsasən 05 iyun 2017-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində pediatriya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir və 05 il ərzində, yəni 05 iyun 2022-ci il tarixədək sertifikasiyadan keçmirlər. Digər tərəfdən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinə əsasən, 06 ay müddətində iş yerinin saxlanılmaqla onun təkrar sertifikasiya olunmaq üçün müraciət edib-etməməsi müəyyənləşdirilməmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən əlavə öyrənilməli və yoxlanılma tələb edən hallar araşdırılmadan, həmçinin işin obyektiv, hərtərəfli baxılmasını təmin etmədən, Şəxs barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar