Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2573/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Medistyle” Hospitalında giriş hissədə nalayiq ifadələr işlətmişdir. Bununla da Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə görə rayon (şəhər) məhkəmələri bu Məcəllənin digər maddələri ilə yanaşı həmçinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə də baxırlar. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Bu Fərmanın 6-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ bu Fərmanla həmçinin səlahiyyətli orqanlara aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud olsun. Lakin nə məhkəməyə göndərilmiş protokoldan, nə də ki həmin protokola əlavə edilmiş iş materiallarından yuxarıda qeyd edilən normada göstərilmiş halların mövcudluğu görünmür, bu barədə protokolda və ya iş materiallarında hər hansı əsaslandırma aparılmayıb. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqana (vəzifəli şəxsə) bununla bağlı diskresion səlahiyyət müəyyən etmir və İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində göstərilən mütləq tələblərə riayət edilməsini şərtləndirir. Başqa sözlə, həmin maddədə göstərilən meyarların olmamasına baxmayaraq inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi inzibati xətalar qanunvericiliyinin tələblərinə ziddir. Həmçinin qeyd olunanlarla yanaşı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4, 100.1.6 və 100.1.9-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Bu Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2573/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2573/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver