Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2590/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs, Müdafiəçi – Bakı şəhəri 12 Saylı Vəkil Bürosunun vəkili Vəkil, xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 26 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə X2 dələduzluqla ələ keçirdiyi pulu “Nərimanov” metrostansiyasının çıxışında nağdlaşdırmış, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə dələduzluqla ələ keçirdiyi 40 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının çıxışında olan bankomatda nağdlaşdırıb ələ keçirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı X8 protokola uyğun çıxış edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan Şəxs özünə məxsus olan saxta “qusqusquz” adlı “İnstaqram” profilində xx.xx.2022-ci il tarixdə X5 məxsus “zehra_xanlarova_” adlı profildən “İnstaqram” plus və “Postegro” proqramları vasitəsi ilə götürdüyü şəkilləri nalayiq sözlər və şəkillərlə birlikdə paylaşaraq silinməsi üçün sonuncudan həmin tarixdə 12 ABŞ dolları pulu özünə məxsus **********826928 nömrəli “Leo Bank” kartına yollatmış, növbəti dəfə isə xx.xx.2022-ci il tarixdə eyni qaydada şəkillərin silinməsi üçün 25 manat pulu özünə məxsus kartına yollatmış, xx.xx.2022-ci il tarixdə isə X1 məxsus “aytekinbagirova" adlı profildən “İnstaqram” plus və “Postegro” proqramları vasitəsi ilə götürdüyü şəkilləri nalayiq sözlər və şəkillərlə birlikdə paylaşaraq silinməsi üçün sonuncudan həmin tarixdə 25 manat pulu özünə məxsus 5213 6751 6139 9416 saylı plastik bank kartına yollatmış, Aytəkin Bağırova isə 25 manat pulu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət mərkəzində “Milli Ön” terminalı ilə plastik bank kartına göndərmiş, Şəxs isə həmin pulu Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının qarşısında olan bankomatdan çıxarmışdır. Ona görə də Şəxs vətəndaşlara məxsus müxtəlif məbləğdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi faktı öz təsdiqini tapmışdır. X7 Məcəlləsinin 227-ci maddəsinə əsasən talanmış əmlakın dəyəri 500 (beş yüz) manatdan yuxarı olmadıqda, bu xırda talama hesab edilir. Daha sonra törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirmişdir ki, maddi durumu zəif olduğu üçün müxtəlif şəxslərin pulunu ələ keçirmək qərarına gəlmişdir. Buna görə “İnstagram” sosial şəbəkəsində hazırda adını xatırlamadığı hesablar yaratmışdır. Bundan sonra “İnstagram plus” və “Postegro” proqramları ilə “İnstagram” sosial şəbəkəsində tanımadığı qızların baxış üçün bağlı olan profillərinə icazələri olmadan daxil olub oradan şəkillərini özünə məxsus telefona köçürmüşdür. Şəkilləri götürdükdən sonra özü “İnstagram” sosial şəbəkəsində yaratdığı saxta profillərdə həmin şəkili və həmin şəkillə bərabər internet səhifələrindən götürdüyü başqa alt paltarında olan qızların şəkillərini paylaşmışdır. Alt paltarında olan şəkili elə bir formada paylaşırmış ki, şəxsin üzü düşməsin. Daha sonra həmin yaratdığı profildən özünə məxsus adını xatırlamadığı profilə söyüşlər yazmışdır. Həmin yazıları mobil telefon vasitəsi ilə “screen” edərək yazıları profilin real sahibinə, yəni şəkillərini yerləşdirdiyi şəxsə göndərərək hansı məqsədlə ona bu cür yazılar yazmağını soruşurmuş. Həmin şəxslər ona bildirirmişdilər ki, yaradılmış profil onlara məxsus deyil və onlar ona bu cür yazılar yazmayıblar. Bundan əlavə həmin qadınlar profildə alt paltarında olan şəkillərin də onlara məxsus olmadığını bildirirdilər. Yaratdığı saxta profillərdə qadınların özlərinə məxsus olan şəkillərlə bərabər alt paltarında digər şəxslərin şəkillərini ona görə paylaşmışdır ki, profil sahibləri yayılmış şəkillərdən utanıb vəziyyətdən çıxış yolu axtarsınlar. Qadınlar ona profilin onlara məxsus olmadığını bildirdikdən sonra o, onlara tanıdığı proqramistin olduğunu və həmin profili müəyyən pul əvəzində bağlatdıra biləcəyini söyləyirmiş. Həmin şəxslərin böyük əksəriyyəti dərhal razılaşaraq bunun üçün nə etmək lazım olduğunu soruşurmuş. Həmin vaxt o, özünə məxsus bank kartının nömrəsini göndərərək həmin karta 30 manat atmaqlarını istəmişdir. Tanımadığı qadınlar ona pul göndərdikdən sonra yaratdığı saxta profili bağlayırmış. Gözəl Adilovanı şəxsən tanımasa da, onun “İnstagram” profilini “İnstagram plus” proqramı ilə açaraq üzünün olduğu şəkili götürmüşdür. Daha sonra internet səhifələrindən alt paltarında olan tanımadığı qadın şəkili taparaq üz hissəsini kəsib Gözəl Adilovanın şəkili ilə bərabər yaratdığı saxta profildə paylaşmışdır. Həmin profildən özünün xatırlamadığı profilinə söyüşlər yazmış və həmin yazıları “screen” edərək Gözəl Adilovanın öz profilinə göndərmişdir. Ardı ilə sual vermişdir ki, hansı məqsədlə ona başqa profildən söyüşlər yazır. Gözəl Adilova həmin yazıları gördükdən sonra profilin ona məxsus olmadığını bildirib şəkili ilə bərabər alt paltarında şəkilin olmasından və rüsvay olacağından narahat olmuşdur. O, Gözəl Adilovaya bildirmişdir ki, 30 manat pul müqabilində tanışı olan proqramist həmin profili bağlaya bilər. Gözəl Adilova da onunla razılaşmış və buna görə də özünə məxsus bank kartını göndərərək pulu köçürməsini istəmişdir. Pulu göndərdikdən sonra həmin yaratdığı saxta profili bağlamışdır. Daha sonra Gözəl Adilova hadisə barədə polisə şikayət edəciyini bildirmişdir. Bu yol ilə vətəndaşları aldadaraq ələ keçirdiyi pulları şəxsi tələbatlarına xərcləmişdir. Aytəkin Bağırovanı da şəxsən tanımasa da onun “aytekin_bagırova” “İnstagram” profili təsadüfən rastına çıxmışdır. Bundan sonra həmin profili “İnstagram plus” proqramı ilə açaraq Aytəkin Bağırovanın öz şəkilini götürmüşdür. Daha sonra internet səhifələrindən alt paltarında olan tanımadığı qadın şəkili taparaq üz hissəsini kəsib Aytəkin Bağırovanın şəkili ilə bərabər yaratdığı “cindirbala888” saxta profildə paylaşdım. Həmin profildən özünün açdığı başqa saxta “kerimli_sehla_” profilə söyüşlər yazmış və həmin yazıları “screen” edərək Aytəkin Bağırovanın öz profilinə göndərmişdir. Ardı ilə sual vermişdir ki, hansı məqsədlə ona başqa profildən söyüşlər yazır. Aytəkin Bağırova həmin yazıları gördükdən sonra profilin ona məxsus olmadığını bildirib şəkili ilə bərabər alt paltarında şəkilin olmasından və rüsvay olacağından narahat oldu. O, Aytəkin Bağırovaya bildirmişdir ki, 40 manat pul müqabilində tanışı olan proqramist həmin profili bağlaya bilər. Aytəkin Bağırova onunla razılaşmış və buna görə də ona razılaşması üçün atası X3 adına olmaqla onun istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsini vermişdir. Aytəkin Bağırova onunla əlaqə saxlamış və o, pulun ödənilməsi üçün ona özünə məxsus 5213 6751 6139 9416 nömrəli “AzərTürk Bank” a məxsus plastik kartın nömrəsini göndərmişdir. Daha sonra Ayətkin Bağırova onun kartına 40 manat pul göndərmişdir. Pul gəldikdən sonra o, özü açdığım saxta profili bağlamışdır. Növbəti gün yenidən Aytəkin Bağırovanın mobil telefon nömrəsinə yazaraq 40 manat pul tələb etmiş və bildirmişdir ki, pul verilməsə, profil yenidən açılacaq. Aytəkin Bağırova ilkin olaraq pul göndərəcəyini bildirsə də, sonradan ondan xəbər olmamışdır. Daha sonra polis tərəfindən çağırılan zaman ona məlum olmuşdur ki, o, barəsində şikayət etmişdir. Qeyd etmişdir ki, bu yol ilə o, ümumilikdə təxminən 30-40 nəfər şəxsi aldadaraq pullarını ələ keçirmişdir, lakin həmin şəxslərin anket məlumatları ona məlum deyil və profillərini xatırlamır. Bu yol ilə vətəndaşları aldadaraq ələ keçirdiyi pulları şəxsi tələbatlarına xərcləmişdir. Hazırda əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 avqust 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.. “İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında” 25 avqust.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 25 avqust 2022-ci il tarixdə saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə cinayət işinin rədd edilməsi haqqında qərarı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx.xx.2022-ci il tarixdə, saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 25 avqust 2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2590/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2590/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver