Məhkəmə qərarları › İş №3(005)-2593/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2593/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2593/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İdarəsi 16-cı Bölməsinin polis sahə rəisi X2, Müdafiəçi- Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Rzaqulu qızının iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 60 ünvanında qeydiyyatda olan Şəxs Rzaqulu qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İdarəsi 16-cı Bölməsinin polis sahə rəisi X5 tərəfindən Şəxs Rzaqulu qızının barəsində 26 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 26 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş Şəxs Rzaqulu qızı narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İdarəsi 16-cı Bölməsinin polis sahə rəisi X5 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Rzaqulu qızı Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, təxminən 5 ildir ki, narkotik vasitə heroini istifadə edir. Belə ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu ərazisində Papanin adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 3 manata 1 ədəd bükümdə heroini alaraq əynindəki qara rəngli şalvarının sağ yan cibində öz istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanın qarşısında olarkən saat 18:40 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Xidməti otaqda iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif edilmişdir. O da əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. İçərisində narkotik vasitə olan 01 ədəd büküm qablaşdırmış, imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Rzaqulu qızının müdafiəçisi X8 çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutulma haqqında” 25 avqsut 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs Rzaqulu qızı 25 avqsut 2022-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2022-ci il tarixli, 6/4519 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 218” dairəvi möhür əski olan, “Şübhəli şəxs Şəxs” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,044 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 haqqında xx.xx.2022-ci il tarixli, 4751 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs Rzaqulu qızında Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, araşdırmalar zamanı barəsində inzibati icraat aparılan Şəxs Rzaqulu qızının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Rzaqulu qızı həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Rzaqulu qızının ilk dəfə inzibati xəta törətməsini, qadın olmasını inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs Rzaqulu qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə -iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə belə nəticəyə gəlir edir ki, Şəxs Rzaqulu qızının Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 (altmış beş) manat Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X8 xx.xx.2022-ci il tarixdə keçirilmiş 1 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Rzaqulu qızının müdafiəsi üçün 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Rzaqulu qızına göstərilmiş hüquqi xidmətə görə “Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Rzaqulu qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 (altmış beş) manatın ödənilməsi dövlət hesabına aid edilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Rzaqulu qızının hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar