Məhkəmə qərarları › İş №3(005)-2593/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2593/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2593/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbaslı Pərvanə Etibar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1-1 və 342.9-cu maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 342.9cu maddələri ilə İXP seriyalı ******* nömrəli, 02 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İXP seriyalı ******* nömrəli, 02 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən predmetdən istifadə etməsi müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 342.9-cu maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs çıxış edərək bildirmişdir ki, o, yük avtomobili idarə edir. Hadisə günü avtomobili saxlamış və qarşıda olan "xxxx" şirkətinə yük boşaltmışdır. Daha sonra isə həmin şirkətdən götürdüyü yükləri avtomobilə yükləmək üçün geri qayıdarkən polis əməkdaşlarını görmüşdür. Həmin vaxt nömrənin üstünü bort örtdüyündən ona qəsdən nömrəni gizlətməsi əsası ilə inzibati cərimə tətbiq edilmişdir. Halbuki, nömrəni gizlətmək niyyəti olmamış, məqsədi yükləri boşaltdıqdan sonra yeni yük doldurmaq olmuşdur. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İXP seriyalı ******* nömrəli, 02 iyul 2025-ci il tarixli inizbati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 327.1-1 və 342.9-cu maddələrində qeyd edilən inzibati xətanı törətməsi qeyd edilir. İnzibati xətanın videogörüntülərini əks etdirən “CD” diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi yük avtomobilinin bortu açıq olduğundan dövlət qeydiyyat nişanını görmək mümkün deyildir. xx.xx.2025-ci il tarixli sifariş sənədindən görünür ki, həmin günü saat 11:30-da 8 adda mallar təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli sifariş sənədindən görünür ki, həmin günü saat 11:30-də 8 adda məhsul "xxxx" MMC-yə sifariş verilmişdir. xx.xx.2025-ci il tarixli sifariş sənədindən görünür ki, həmin günü saat 10:28-də 2 adda mallar "xxxx" MMC tərəfindən geri təhvil alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, (............) 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işə dair təqdim edilmiş materialları, o cümlədən İXP seriyalı ******* nömrəli, 02 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolu, işə əlavə edilmiş videogörüntünü və sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasındakı izahatını hərtərəfli, tam və obyektiv tədqiq edərək, Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə uyğun olaraq sübutları öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilməmişdir və iş üzrə icraata xitam verilməlidir. İXM-nin 342.9-cu maddəsi üzrə hüquqi təhlil: İXM-nin 342.9-cu maddəsi, digər əməllərlə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bu inzibati xətanın hüquqi tərkibinin (corpus delicti) mövcudluğunun müəyyən edilməsi üçün onun həm obyektiv, həm də subyektiv cəhətlərinin təhlili zəruridir. Məhkəmə tərəfindən tədqiq edilən videogörüntüdən aydın olur ki, faktiki olaraq yük avtomobilinin arxa bortunun aşağı vəziyyətdə olması nəticəsində dövlət qeydiyyat nişanı görünməz olmuşdur. Formal olaraq, avtomobilin bortu bu halda nişanın görünüşünü çətinləşdirən bir "qurğu" kimi çıxış edir. Lakin bu, xəta tərkibinin mövcudluğunu müəyyən etmək üçün kifayət deyil. Məhz bu element hazırkı işin həlli üçün həlledici əhəmiyyət kəsb edir. İXM-nin 342.9-cu maddəsinin dispozisiyasında istifadə olunan "istifadə etmə" feli, aktiv, şüurlu və məqsədyönlü bir hərəkəti nəzərdə tutur. Yəni, şəxsin niyyəti bilavasitə dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirməyə və ya onu gizlətməyə yönəlməlidir. Bu, təsadüfi və ya obyektiv zərurətdən irəli gələn halları deyil, məhz qəsdən törədilən əməlləri əhatə edir. Barəsində icraat aparılan şəxs Şəxs ardıcıl olaraq bildirmişdir ki, onun nömrəni gizlətmək niyyəti olmamış, bortun açıq qalması onun peşə fəaliyyəti, yəni yükün boşaldılması və yeni yükün qəbulu prosesi ilə birbaşa əlaqədar olmuşdur. Bu dəlil təkcə onun subyektiv iddiası ilə deyil, həm də iş materiallarına əlavə edilmiş obyektiv sübutlarla möhkəmləndirilir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş sifariş sənədləri təsdiq edir ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi 02 iyul 2025-ci il, saat 10:37-dən cəmi 9 dəqiqə əvvəl, saat 10:28-də həqiqətən də malların təhvil-təslimi əməliyyatı həyata keçirilmişdir. Bu sənədlər Şəxs izahatının həqiqətə uyğun olduğunu və onun həqiqətən də yük əməliyyatları ilə məşğul olduğunu sübut edir. Həmin sənədinin mötəbərliyi iş materiallarında olan videogörüntülərlə də sübut olunur. Belə ki, videogörüntülərdə nəqliyyat vasitəsinin saxlanıldığı yerin "xxxx" MMC-nin inzibati binası qarşısı olması açıq aşkar görünür. Belə olan halda, avtomobilin bortunun açıq qalması dövlət qeydiyyat nişanını gizlətmək məqsədi daşıyan qəsdən bir hərəkət kimi deyil, qanuni təsərrüfat fəaliyyətinin (yük əməliyyatlarının) həyata keçirilməsinin müvəqqəti və zəruri nəticəsi kimi qiymətləndirilməlidir. İXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və onun təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir (in dubio pro reo). İnzibati orqan, Şəxs hərəkətlərinin məhz nömrəni qəsdən gizlətmək niyyəti ilə törədildiyini sübut edən heç bir dəlil təqdim etməmişdir. Əksinə, barəsində icraat aparılan şəxs tərəfindən təqdim edilən sənədlər onun hərəkətlərinin başqa, qanuni bir səbəbdən irəli gəldiyinə dair güclü və ağlabatan şübhə yaradır. Bu şübhə isə qanunun aliliyi prinsipinə əsasən onun xeyrinə yozulmalıdır. Belə ki, qeyd olunan yer ümumi istifadədə olan yol olmaqla, ətrafda çoxsaylı müşahidə kameraları mövcuddur. Bundan əlavə, nəqliyyat vasitəsinin arxa nömrəsinin görünməməsinə baxmayaraq, ön tərəfdəki nömrənin açıq vəziyyətdə və görünür formada olması təqsirin istisna edilməsini təsdiq edən mümkün sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, İXM-nin 342.9-cu maddəsi ilə məsuliyyətin yaranması üçün tələb olunan qəsdin (niyyətin) mövcudluğu sübuta yetirilmədiyindən, Şəxs əməlində bu inzibati xətanın tərkibi mövcud deyildir. İXM-nin 327.1-1-ci maddəsi üzrə hüquqi təhlil: İnzibati xəta haqqında protokolda Şəxs əməli həm də İXM-nin 327.1-1-ci maddəsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmə) ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 43-cü maddəsinə əsasən, bu maddədə nəzərdə tutulan inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aiddir. Məhkəmə öz yurisdiksiyasına aid olmayan məsələ üzrə mahiyyəti üzrə qərar qəbul edə bilməz. Bu səbəbdən, inzibati xəta haqqında protokolun bu hissəsi üzrə məsuliyyət məsələsinə hüquqi qiymət verilməsi üçün materiallar aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməsi kimi əməllər törədilmədiyindən onun İXM-in 342.9-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməli, İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 02 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata əməllərində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Şəxs İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinə göndərilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar