Məhkəmə qərarları › İş №3(005)-2595/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2595/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2595/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16ciı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Yasaml Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin 3(004)-4033/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X2 şikayəti aiddiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizindən görünür ki, xx.xx.2021 tarixində ictimai nəqliyyatda olduğu zaman qoruyucu tibbi maskadan istifadə etmədiyi üçün DİN-nin əməkdaşı tərəfindən haqqında protokol (protokolun seriya və nömrəsi EXP 1092048) tərtib olunmuşdur. xx.xx.2021 tarixli, EPQ № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edib. Həmin cərimə məbləği barədə məlumatı olmamışdır, heç bir qayda pozuntusu da törətməmişdir. Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə 1 may 2022-ci il tarixindən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edildi. Eyni zamanda xüsusi karantin rejimində maska tələbi artıq bir neçə il əvvəl - xx.xx.2022-ci il tarixindən etibarən Nazirlər Kabinetinin qərarı ilə ləğv edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmədə şikayət ərizəsinə uyğun ifadə verərək barəsində şikayətinin təmin edilməsini xahiş eti. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati protokol əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərara əsasən X2 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli X1 İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli protokol əsasına qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafə gözlənilməli (insanlar arası məsafə 1,5-2 metr), tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) (tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə) istifadə edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, xx.xx.2021-ci il tarixli, EPQ ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Belə ki, İXM-in 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən tələblərin X2 tərəfindən pozulması halı müəyyən olunmamışdır. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X1 barəsində hər hansı sübut olmadan İXM-nin 211.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X1 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı hansı hərəkətə yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 8-ci maddəsinə (təqsirsizlik prezumpsiyası) əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, eyni zamanda inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan şəxsin təqsirli olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olduğu halda X2 tərəfindən İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədib törətməməsini müəyyən etmək mümkün deyil. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu nəzərə alaraq, məhkəmə X1 təqsirliliyi sübuta yetmədiyindən şikayətin təmin edilməsini, yəni Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, EPQ ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar