Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2596/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş X6, onun vəkili – “Alyans” Vəkil Bürosunun vəkili X7, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X24 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X24 İdarəsinin 15 iyul 2022-ci il tarixli, İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X24 İdarəsinin 15 iyul 2022-ci il tarixli, İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, həmçinin Bakı şəhər Baş Polis İdarəsinin X23 İdarəsinin X2 baş inspektoru, polis mayoru X8 tərəfindən məhkəmənin qərarı nəzərə alınmadan İXM-nin tələblərinin kobud surətdə pozulması ilə əsassız qərar qəbul edildiyindən barəsində xüsusi qərar çıxarılmasıтж xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 23:36 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində idarə etdiyi “X15” şirkətinə məxsus “Mercedes-Benz Sprinter” markalı, **- JO-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təcili yardım avtomobili ilə “Land Cruiser” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Həmin hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin X23 İdarəsinin yol nəqliyyat hadisəsi inspektoru polis baş leytenantı X11 (bundan sonra – “1-ci İnspektor”) tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 327.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra – “İnzibati protokol”) tərtib edilmişdir. İnzibati protokol əsasında İXM-in 327.2-ci maddəsini törətməkdə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla (bundan sonra – “1-ci İnzibati Qərar”) barəsində 60 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə,saat 23:36 radəsində Bakı Şəhəri Nərimanov Rayonu, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində “X15” şirkətinə məxsus “Mercedes-Benz Sprinter” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təcili yardım avtomobili idarə edərkən svetoforun və nizamlayıcısının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. 1-ci İnzibati Qərardan tərəfindən Nərimanov Rayon Məhkəməsinə şikayət verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-249/2022 nömrəli qərarı ilə şikayət təmin edilmiş, 1-ci İnzibati Qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər Baş Polis İdarəsinin X23 İdarəsinə tapşırılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, o, hadisə zamanı üstün keçid hüququna malik nəqliyyat vasitəsini idarə etmişdir. Bundan sonra, Bakı şəhər Baş Polis İdarəsinin X23 İdarəsinin Yol X3 baş inspektoru polis mayoru X5 (bundan sonra – “2-ci İnspektor”) tərəfindən xx.xx.2022-ci il tarixli TP4789/88 nömrəli inzibati tənbeh vermə haqqında qərar (bundan sonra – “2-ci İnzibati Qərar”) qəbul edilmişdir. 2-ci İnzibati Qərarla İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. 2-ci inzibati Qərar onunla əsaslandırılmışdır ki, “X16” Qanunun 60-cı maddəsinin İİ hissəsinin tələblərini pozaraq svetoforun qadağanedici siqnalı verilərkən hərəkəti davam etdirmişdir və nəticədə yol nəqliyyat hadisəsi törətmişdir. Qanunun həmin maddəsinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini yolayrıclarında kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin 4cü hissəsini nəzərə almaqla) dayanmalıdırlar. 2-ci inzibati Qərardan da tərəfindən Nərimanov Rayon Məhkəməsinə şikayət verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(005)-1210/2022 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, 2ci inzibati qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər Baş Polis İdarəsinin X23 İdarəsinə tapşırılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, o, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü kimi yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə “X16” Qanunun tələblərindən kənara çıxa bilmək hüququna malikdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs işin bu hallarına qiymət vermədən qanunsuz olaraq inzibati xəta törətdiyim barədə nəticəyə gəlmişdir. Bundan sonra, Bakı şəhər Baş Polis İdarəsinin X23 İdarəsinin Yol X3 baş inspektoru polis mayoru X8 (bundan sonra – “3-cü İnspektor”) tərəfindən xx.xx.2022-ci il tarixli, İQ4384537 nömrəli inzibati tənbeh vermə haqqında qərar (bundan sonra – “3-cü İnzibati Qərar”) qəbul edilmişdir. 3-cü İnzibati Qərarla da İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərar ona xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. 3-cü İnzibati Qərar onunla əsaslandırılmışdır ki, “X16” Qanunun 60-cı maddəsinin tələbini pozaraq svetoforun qadağanedici siqnalı verilərkən hərəkətini davam etdirdiyinə görə yol nəqliyyat hadisəsi törətmişdir. Qanunun həmin maddəsinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini yolayrıclarında kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin 4-cü hissəsini nəzərə almaqla) dayanmalıdırlar. Aşağıdakı səbəblərə görə hesab edir ki, 3-cü İnzibati Qərar qanunsuz və əsassızdır. Hadisə zamanı o, “Mercedes-Benz Sprinter” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili xüsusi səs siqnalı və sayrışan işıq siqnalı ilə idarə etmişdir və belə olan təqdirdə idarə etdiyi operativ nəqliyyat vasitəsi üstün keçid hüququna malik olmuşdur. Belə ki, “X16” Qanunun 74-cü maddəsinin 1-ci hissəsinə əsasən üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. Həmin maddənin 2-ci hissəsinə əsasən hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Göründüyü kimi, o, hadisə zamanı “Mercedes-Benz Sprinter” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsini xüsusi səs siqnalı və sayrışan işıq siqnalı ilə idarə etdiyindən həmin nəqliyyat vasitəsi üstün keçid hüququna malik olmuşdur. İdarə etdiyi avtomobilə yol verildiyini yəqin edərək üstünlükdən istifadə etmiş və svetoforun və nizamlayıcısının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Həmin faktlara baxmayaraq, 3-cü İnspektor da mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, məhkəmənin qərarında 2-ci İnzibati Qərarın ləğvi əsası kimi istinad etdiyi hüquqi mövqeyini nəzərə almadan işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq aşkar surətdə qanunsuz 3-cü İnzibati Qərar qəbul etmişdir. Halbuki, İXM-in 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aiddir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 3-cü İnspektor işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirsəydi, hadisə zamanı idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı ilə hərəkətdə olmasına görə həmin nəqliyyat vasitəsinin üstün keçid hüququna malik olduğu nəticəsinə asanlıqla gələrdi. Yalnız bütün bunlardan sonra qanuni qərarın qəbul edilməsi mümkün olardı və sözsüz ki, o, inzibati məsuliyyətə cəlb edilməzdi. Çünki onun İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsinə aidiyyətinin olmadığı aşkar şəkildə işin halları ilə təsdiq edilir. Bu halda isə 3cü İnspektor bunları etməmiş və nəticədə aşkar surətdə qanunsuz qərar qəbul etmişdir. Əslində hadisənin baş verməsinin səbəbi “Land Cruiser” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətləri olmuşdur. Belə ki, İXM-in 331-ci maddəsinə əsasən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda təsvir etdiyi faktlardan göründüyü kimi, onun idarə etdiyi operativ nəqliyyat vasitəsi üstün keçid hüququna malik olmuşdur və belə olan halda, yol hərəkətinin digər iştirakçıları kimi “Land Cruiser” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil keçid üstünlüyü hüququna malik olan “Mercedes-Benz Sprinter” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təcili yardım avtomobilinə yol verməli olduğu halda, bunu etməmişdir. 3-cü İnspektor 3-cü İnzibati Qərarı qəbul edərkən toplanmış sübutları olduğu kimi qəbul etməməli, əvvəlcə onları obyektiv surətdə təhlil etməli, bir biri ilə müqayisə etməli, sübutların mümkünlüyü və mötəbərliliyi baxımından qiymətləndirməli idi. Yalnız bütün bunlardan sonra qanuni 3-cü inzibati Qərar qəbul edilməsi mümkün olardı. Lakin bu halda 3-cü İnspektor bunları etməmiş və nəticədə aşkar surətdə qanunsuz 3- cü İnzibati Qərar qəbul etmişdir. 3-cü İnspektor məhkəmə tərəfindən iki dəfə inzibati tənbeh etmə haqqında qərarların ləğv edilməsinə baxmayaraq, məhkəmənin qərarlarında İnzibati Qərarların ləğvi əsası kimi istinad edilən hüquqi mövqeləri nəzərə almamış, yenidən işin bütün faktiki hallarını araşdırmadan və İXM- nin tələblərini kobud surətdə pozaraq qanunsuz və əsassız 3-cü İnzibati Qərar qəbul etmişdir. İXM-də həmin Məcəllənin tələblərinin pozulmasına yol verilməsi ilə əlaqədar olaraq məhkəmə tərəfindən xüsusi qərar çıxarılması birbaşa tənzim edilmədiyindən Cinayət-Prosessual Məcəllənin inzibati xətalara dair işlərə analogiya üzrə tətbiqi nəticəsində məhkəmə tərəfindən xüsusi qərar çıxarılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXMin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin (İXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərar) CPM-in 355-ci maddəsinə əsasən məhkəməyədək icraat üzrə CPM-in tələblərinin pozulmasına yol verilməsi məhkəmə tərəfindən xüsusi qərar çıxarılması üçün əsasdır. Odur ki, 3-cü X1 3-cü İnzibati Qərarı qəbul edərkən İXM- in tələblərini pozmuşdur və buna görə də onun barəsində xüsusi qərar qəbul edilməlidir. İXM-in 128.2.3-cü maddəsinə əsasən vəzifəli şəxsin qərarından məhkəməyə şikayət verilir. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilər şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən vəzifəli şəxsə qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə vəzifəli şəxs tərəfindən şəxsən verilir. İXM-in 57.5-ci maddəsinə əsasən 57.2-ci maddədə nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 134.1.3-cü maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X24 İdarəsinin 15 iyul 2022-ci il tarixli, İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, həmçinin Bakı şəhər Baş Polis İdarəsinin X23 İdarəsinin X2 baş inspektoru, polis mayoru X8 tərəfindən məhkəmənin qərarı nəzərə alınmadan İXM-nin tələblərinin kobud surətdə pozulması ilə əsassız qərar qəbul edildiyindən barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş X10 və onun vəkili X14 şikayətdə göstərilənlərlə eyni məzmunda izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X24 İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 74-cü maddəsinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. X4 tərəfindən buna əməl edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X24 İdarəsinin 15 iyul 2022-ci il tarixli, İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında videogörüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, X12 31 dekabr 2021-ci il tarixdə idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində hərəkətdə olarkən “X16” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin tələbini pozaraq svetoforun qadağanedici işarəsi verilərkən ona yol verildiyini yəqin etməyərək hərəkətini davam etdirmiş və nəticədə yol ayrıcının keçmə qaydasını pozmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X23 İdarəsinin 15 iyul 2022-ci il tarixli İQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. “X16” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “X16” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 1-ci bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. “X16” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. “X16” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin 1-ci bəndinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Hər bir vəziyyətdə o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. “X16” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin 2-ci bəndinə əsasən, hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X12 31 dekabr 2021-ci il tarixdə idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən ona yol verildiyini yəqin etməyərək hərəkətini davam etdirmiş və nəticədə yol ayrıcının keçmə qaydasını pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X24 İdarəsinin 15 iyul 2022-ci il tarixli, İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2596/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2596/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver