Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2597/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 333-1.1 və 342.6-cı maddələri ilə Bakı şəhər DYPİ-dən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 333-1.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında “BYD Destroyer 05 Plug İn hibrid” minik markalı, **-QJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və sərxoşluq vəziyyəti müayinə edilmiş, guya müəyyən edilmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Lakin o, heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Həmin gün “Medicare” adlı tibb müəsissəsinə gedərək narkotik vasitə və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinədən keçmişdir. 153 nömrəli aktın nəticəsindən də göründüyü kimi yoxlama zamanı onun narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyi aşkar olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-narkoloji ekspertizasından keçirilmiş və ekspertizanın rəyinə əsasən də onun narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyi müəyyən olunmuşdurş Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:34-də **-QJ-*** dövlət qeydiyyat nişanlı, “BYD Destroyer 05 PLUG-İN Hibrid” minik markalı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333-1.1, 342.6-cı maddələri ilə protokol tərtib edilmiş, protokolda inzibati xətanın mahiyyəti və törədildiyi yer göstərilməmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/1014 №-li xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Şəxs psixotrop maddənin istehlakı nəticəsində yaranmış sərxoş vəziyyəti (MET+) aşkar edilmişdir. Respublika Narkoloji Mərkəzi X1 16 sentyabr 2025-ci il tarixli, 5782 nömrəli rəyindən görünür ki, Şəxs sidik nümunəsində BZO(-), OPİ(-), THC(-), AMP(-), COC(-) aşkar edilmədi. Müayinə zamanı narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və fiziki asılılıq yoxdur. Bununla da müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nəticənin əsasları: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, məhkəmə narkoloji ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunan maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün həmin Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmalıdır. Lakin hazırki halda Respublika Narkoloji Mərkəzi X1 16 sentyabr 2025-ci il tarixli, 5782 nömrəli rəyinə əsasən müəyyən olunur ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyil və Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsinə aid hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 və 342.6-cı maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olduğuna görə Şəxs barəsində həmin maddələrlə məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1 və 342.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1, 333-1.1 və 342.6-cı maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 333-1.1-ci maddəsinə aid hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İXM-in 327.1 və 342.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2597/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2597/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver