Məhkəmə qərarları › İş №3(005)-2607/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2607/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2607/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X3, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov rayon DYPŞ-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon DYPŞ-nin yol patrul inspektoru polis sıravisi X7 tərəfindən tərtib edilmiş İXP 548393 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən guya o, xx.xx.2023-cü il tarixdə saat 23:35 radələrində “CHEVROLET MALİBU” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də o, Nərimanov Rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında TP5897769 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə AR İXMnin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə “CHEVROLET MALİBU” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Nərimanov Rayon DYPŞ-nin əməkdaşı onu saxlamış və spirtli içki qəbul edib etməməyini soruşmuş və o da səmimi şəkildə spirtli içki qəbul etmədiyini, təxminən 2 saat əvvəl bir xanımla yemək yediyini, xanımın çaxır içdiyini, o isə avtomobil idarə edəcəyi üçün spirtli içki qəbul etmədiyini, “Red bul” içdiyini, süfrədə çaxır və redbuldan başqa “Coca Cola" olduğunu, söhbət əsnasında “Coca cola" içmək istəyərkən səhvən çaxır olan stəkanı götürdüyünü, içməyə başlayarkən çaxır dadını hiss edən kimi ağzındakı içkini qaytardığını bildirmişdir. Polis serjantı rütbəsində olan əməkdaş alkotester deyilən vasitəni üfürməyini tələb etmiş və o da polis maşını ilə öz maşınının ortasında 2 dəfə üfürmüşdür. Bundan sonra polis əməkdaşı ona gedə biləcəyini demişdir. O, öz nəqliyyat vasitəsinə əyləşmək istəyərkən polis onu yenidən geri çağırmış və polis maşınına əyləşməyini bildirmişdir. O, polis maşınına əyləşdikdən sonra təkrar üfürməyini tələb etmiş və təkrar üfürdükdən sonra polis maşınını idarə edən digər əməkdaş sərxoş olduğunu bildirmişdir. O, bunu qəbul etməmiş, hətta üfürən vaxtı alkotesterin rəqəmlərinin aşağı hissəsinin pozulduğunu, oradakı rəqəmlərin 2 yoxsa 7 olmasının belə dəqiq məlum olmadığını, həmin alkotesterin standartlara cavab verməməklə düzgün işləmədiyini bildirmişdir. Bundan sonra o, həmin polis əməkdaşlarına tibb müəssisəsində tibbi müayinədən keçməyə hazır olduğunu dedikdə, avtomobilini cərimə meydançasına yerləşdirəcəklərini bildirmişlər. Cərimə meydançasında çatdıqdan sonra polis əməkdaşı ona bildirmişdir ki, avtomobilin içərisində otur, heç kimə görünmə, reyd var. Reyddən sonra gəlib onu yola salacaqlar. Bundan təxminən 20 dəqiqə sonra o, telefonla dostu ilə danışmışdır və dostu özünün tibbi müayinədən keçməsini məsləhət görmüşdür. Bu məsləhət ona məntiqli gəldiyi üçün taksi ilə gedərək tibbi müayinədən keçmişdir. Bu müayinənin nəticəsində sərxoş olmadığı müəyyən olunmuşdur. Həmin müayinənin nəticəsini polis əməkdaşlarına göstərmişdir, onlar onun avtomobilini cərimə meydançasına çıxarmağına icazə vermişlər. Bundan sonra düşünmüşdür ki, barəsində inzibati tənbeh tətbiq olunmaz. Lakin xx.xx.2023-cü il tarixdə barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını bilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Şikayət vermiş X6 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 03:10-da müayinəyə getmiş və sərxoş olmadığı müəyyən edilmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov rayon DYPŞ-nin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə avtomobili sərxoş halda idarə etmiş və saat 23:31də keçirilmiş müayinədə onun sərxoş olması öz əksini tapmışdır. Bununla bağlı vətəndaş protokola özü şəxsən qeyd apararaq spirtli içki qəbul etdiyini etiraf etmişdir. Müvafiq sənədləri məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə 400 manat məbləğində cərimə edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 548938 nömrəli protokoldan görünür ki, müayinə nəticəsində X1 içki qəbul etməsi müəyyən olunmuşdur. İN 642620 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X4 alkoqolun miqdarı 0,343 % olması müəyyən edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X6 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində “Chevrolet Malibu” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Belə ki, X4 xx.xx.2023-cü il tarixdə saat 23:31-də polis əməkdaşları tərəfindən keçirilmiş müayinə zamanı alkoqolun miqdarı 0,343 % olması müəyyən edilmişdir. Həmçinin “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 548938 nömrəli protokolda X6 qeyd etmişdir ki, spirtli içki qəbul etməsini etiraf edir. Testin nəticəsi ilə razıdır və etirazı yoxdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 tərəfindən təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2023-cü il tarixli, 2/14641 nömrəli akta münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, sərxoşluq faktı xx.xx.2023-cü il tarixdə, saat 23:31-də yerində aşkar edilərkən alkoqolun miqdarının 0,343 % olması müəyyən edilmiş, X6 isə xx.xx.2023-cü il tarixdə saat 03:10-da tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqinə, yəni 4 saat ərzində təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına və sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. Bununla da məhkəmə iclasında iş materiallarının qarşılıqlı tədqiqi zamanı X6 xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində “Chevrolet Malibu” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməsi öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Bakı şəhər Nərimanov rayon X11 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar