Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2616/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29157912 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29157912 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və xeyrinə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, EQ 29157912 saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi (yolayrıcını keçmə qaydalarının pozulması) ilə tənbeh tətbiq edilərək 100 manat məbləğində cərimə edilmişəm. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, inzibati xəta haqqında tərtib edilmiş protokolun və digər prosessual sənədlərin elektron kabinetə düzgün və tam şəkildə yerləşdirilməməsi, habelə təqdim olunmuş video materialda sözügedən inzibati xətanın baş vermə vaxtının dəqiq göstərilməməsi (faktı təsdiq edən müvafiq sənəd əlavə edilir) həmin sübutun etibarlılığını və hüquqi qüvvəsini istisna edir. Bu səbəbdən, sübut kimi təqdim edilmiş video materialın inzibati icraat çərçivəsində hüquqi qüvvəyə malik olması mümkün deyil. Hesab edirəm ki, barəsində qəbul edilmiş inzibati qərar ciddi qanun pozuntuları və prosessual uyğunsuzluqlar şəraitində qəbul olunmuş, inzibati xətanın törədilməsinə dair hüquqi cəhətdən əsaslandırılmış, qəti və etibarlı sübutlar təqdim edilməmişdir. Protokolda əks olunan və guya tərəfindən törədilmiş inzibati xətanın baş verməsi ilə bağlı iddialar əsassızdır və bu əslində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşının subyektiv yanaşmasının nəticəsidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29157912 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Ə.Hüseynli tərəfindən inzibati xətanın törədilmədiyi bildirilsə də, şəxs bu barədə məhkəməyə əsaslı dəlil təqdim edə bilməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən: 11) yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; 12) nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır; 13) nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır; 59-cu maddəsinə əsasən: İ. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). 75-ci maddəsinə əsasən: İ. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. 76-cı maddəsinə əsasən: İ. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 şikayət ərizəsində inzibati xəta törətmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən fotoşəkilə əsasən müəyyən edilmişdir ki, X1 xx.xx.2025ci il tarixdə idarə etdiyi **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron – Masazır gölü ərazisində hərəkətdə olarkən kəsişən yolayrıcında yol hərəkəti qaydalarını pozmaqla ona istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29157912 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29157912 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2616/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2616/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver