Məhkəmə qərarları › İş №3(005)-2624/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2624/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2624/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirir ki, o yuxarıda qeyd etdiyi ünvanda yaşayır. xx.xx.2025-ci il tarixində Xətai rayonu, Babək prospekti, 34 ünvanında idarə etdiyi “X6” markalı ** YR *** nömrəli qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkət edən zaman YPX avtomobili ona «saxla» əmri vermişdir. O, qanuna əsasən, onun «saxla» əmrinə riayət etmiş, avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış qeyri qanuni olaraq onu əlində telefon saxlamaqla ittiham etmişdir. Polis əməkdaşına cavab olaraq bildirmişdir ki, əlində telefon tutmamış və heç bir telefonla danışmamışdır. Buna baxmayaraq, inspektor onun barəsində İXM-nin 342.6. maddəsinin "Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə" əsasən cərimə etmişdir. Həmin qərara əsasən o, əsassız olaraq 50 manat cərimə almışdır. Halbuki, əlində telefon saxlamamış və pozuntu etməmişdir. Hesab edir ki, YPX əməkdaşının onun barəsində tərtib edilən inzibati tənbeh etmə haqqında qərar əsassız olmaqla ləğv olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 1120/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək və işə yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilmişdir. Həmin qərardan şikayət verilməmiş və ya protest edilməmişdir. Bundan sonra, DYPİ-nin Bakı şəhər Baş Yol Polisi İdarəsindən onun mailto:arabov.sanan@vandex.ruElektron ünvan ünvanına xx.xx.2025-ci il tarixində məktub daxil olmuşdur. Məktuba əsasən, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-1120/2025 saylı qərar üzrə inzibati xəta haqqında işə yenidən baxılmış və əsassız olaraq müəyyən edilmişdir ki, guya o, inzibati xətanı həqiqətən törətmişdir. Bunun əsasında, yenidən xx.xx.2025-ci il tarixli ******* saylı inzibati tənbeh etmə haqqında Qərar qəbul olunmuşdur. Hesab edir ki, DYPİ-nin Bakı şəhər Baş Yol Polisi İdarəsinin qanunsuz xx.xx.2025- ci il tarixli ******* saylı inzibati tənbeh etmə haqqında qərarı tamamilə ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən onun əlində telefon saxlanılması faktının sübuta yetirilməsi üçün videogörüntü təqdim edilməmişdir, fotoda əlində telefon saxlaması barədə fotonu sübut kimi qəbul etmir, müxtəlif vaxtlarda çəkilə biləcəyini, əlində saxladığı telefonun “iPhone” markalı olduğunu və onun smartfon olmadığını bildirdi. Yekunda məhkəmədən vermiş olduğu şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhər X8 İdarəsi tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, **-YR-*** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini idarə edərkən əlində mobil telefon istifadə etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə qeyd edir ki, qeyd olunan inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdir, bu halın şübhə altına alınması üçün hər hansı əsas yoxdur, X3 irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilir və nəzərə alınmır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə -əlli manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasındakı izahatını dinləyib, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, protokolu, fotoşəkili və digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət hüquqi və faktiki əsaslardan məhrum olduğundan təmin edilməməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. X1 inzibati xətanı törətmədiyini iddia etsə də, onun bu subyektiv mülahizələri iş materiallarında olan obyektiv sübutların məcmusu ilə təkzib edilir. Məhkəmənin hüquqi mövqeyi aşağıdakı fundamental prinsiplərə və maddi-prosessual normaların təhlilinə əsaslanır: Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsi inzibati xətalar haqqında işlər üzrə sübutların dairəsini geniş şəkildə müəyyən edir və buraya digər sənədlərlə yanaşı, xüsusi texniki vasitələrin göstəriciləri də daxildir. Şikayətçinin iddiasının əksinə olaraq, qanunverici sübutun məhz videoformatda olmasını imperativ bir tələb kimi müəyyən etməmişdir. Səlahiyyətli orqanın texniki vasitəsi ilə çəkilmiş və hadisənin mövcudluğunu təsdiq edən fotoşəkil, həmin maddənin məqsədləri üçün mötəbər sübut hesab edilir. Bakı şəhər X8 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildə **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün sükan arxasında olarkən sağ əlində mobil telefon saxladığı və mobil telefona baxması, dolayı yol ilə istifadə etməsi aydın şəkildə görünür. Şikayətçinin fotonun hadisə gününə aid olmaması və ya başqa məkanda çəkilməsi ilə bağlı fərziyyələri heç bir əks-sübutla möhkəmləndirilməmişdir. İnzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar rəsmi sənəd olmaqla, onlarda əks olunan məlumatların, o cümlədən xətanın törədilmə tarixi, vaxtı və yerinin doğruluğu prezumpsiyası qüvvədədir. Bu prezumpsiyanı təkzib etmək yükü (onus probandi) iddia irəli sürən tərəfin, yəni şikayətçinin üzərinə düşür. Şikayətçi isə fotonun başqa vaxtda və ya başqa məkanda çəkildiyinə dair yalnız fərziyyələr irəli sürmüş, bu iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Protokolu tərtib etmiş orqan isə əksinə, hadisənin mövcudluğunu təsdiq edən mötəbər sübutu məhkəmə təqdim etmişdir. İXM-nin 342.6-cı maddəsinin dispozisiyası “nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi” əməlini sanksiyalaşdırır. Bu xətanın obyektiv cəhəti hərəkətdə olan nəqliyyat vasitəsinin sükanı arxasında sürücünün əlində telefon saxlamaqla istifadə etməsi faktıdır. Qanunverici bu zaman telefonun smartfon olub-olmamasını, onunla danışılıb-danışılmamasını və ya hər hansı digər funksiyasından istifadə edilib-edilməməsini fərqləndirmir. Qanunun məqsədi, sürücünün diqqətini yol hərəkətindən yayındıra biləcək hər cür potensial təhlükənin qarşısını almaqdır. Telefonun sadəcə əldə saxlanılması özü-özlüyündə sürücünün diqqətini yayındıran və reaksiya müddətini artıran bir amildir. Məhkəməyə təqdim edilmiş fotoşəkil bu obyektiv əlamətin mövcudluğunu tam təsdiq edir. Subyektiv cəhətdən isə bu xəta qəsdən törədilir. Sürücü telefonu əlində saxlamaqla qanunun bu tələbini pozduğunu dərk edir və bu hərəkəti etməyi arzulayır. Məhkəmə İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutur. Bu prinsipə görə, şəxsin təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Lakin bu prinsip mütləq xarakter daşımır və təkzibedilməz sübutların məcmusu ilə aradan qaldırıla bilər. Hazırkı işdə inzibati orqanın rəsmi protokolu və onu birbaşa təsdiq edən fotoşəkil, barəsində icraat aparılan şəxsin sübuta yetirilməmiş təkzibedici izahatına qarşı üstün sübut qüvvəsinə malikdir. Səlahiyyətli orqan, təqsirliliyi təsdiq edən prima facie (ilk baxışdan kifayət edən) sübutlar təqdim etmişdir. Şikayətçinin dəlilləri isə bu sübutların mötəbərliyini şübhə altına almaq üçün kifayət qədər əsaslı deyildir. Nəqliyyat vasitəsinin hərəkəti zamanı telefondan istifadə, müasir dövrdə yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri kimi qəbul edilən, ictimai təhlükəliliyi yüksək olan bir əməldir. Bu cür qayda pozuntularına qarşı sərt və qaçılmaz məsuliyyət tədbirlərinin tətbiqi, dövlətin öz vətəndaşlarının həyat və sağlamlığını qorumaq kimi pozitiv öhdəliyindən irəli gəlir və ictimai təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarıldığını və həmin orqanın işə yenidən baxaraq əvvəlki mövqeyini təsdiq edən yeni qərar qəbul etdiyini nəzərə alır. Bu, səlahiyyətli orqanın öz mövqeyində israrlı olduğunu və əlində olan sübutların kifayətliyinə əmin olduğunu göstərir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində göstərilən inzibati xətanın törədilməsi faktı iş üzrə toplanmış sübutlarla sübuta yetirilmişdir. Onun şikayətində göstərdiyi dəlillər əsassızdır və məsuliyyətdən yayınmağa yönəlmişdir. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni, əsaslı və ədalətlidir, onun ləğv edilməsi üçün İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar