Məhkəmə qərarları › İş №3(005)-2626/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2626/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2626/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 529.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əliyeva X1 Rayonu Ağa Nemətulla küçəsi, 43 ünvanında icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, AR Səhiyyə Nazirliyinin MN ******* saylı qərarı üzrə tələbi təmin etməkdən yayınmışdır. Nəticədə Şəxs tərəfindən İXM-nin 529.1-1-ci maddəsində məzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Əliyeva X1 Rayonu Ağa Nemətulla küçəsi, 43 ünvanında icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, AR Səhiyyə Nazirliyinin MN ******* saylı qərarı üzrə tələbi təmin etməkdən yayınmışdır. Nəticədə Şəxs tərəfindən İXM-nin 529.1-1-ci maddəsində məzərdə tutulmuş inzibati xəta törədilmişdir. 21 fevral 2024-cü tarixli “inzibati tənbeh vermə” haqqında qərardan görünür ki, Şəxs ilə AR İN DVX əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixndə ünvan 2 ünvanında yerləşən Aişə adlı gözəllik salonunda Şəxs tərəfindən lisenziya almadan özəl tibbi fəaliyyət (kosmetoloji) göstərilməsi faktı aşkar olunmuşdur. Nəticədə “Şəxs tərəfindən İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı madəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə təqdim edilmiş materialları, o cümlədən Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 22 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, aşağıdakı nəticələrə gəlir. İnzibati icraatın predmeti, Şəxs barəsində irəli sürülmüş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə sanksiyalaşdırılan inzibati xəta tərkibinin mövcudluğunun və şəxsin məsuliyyətə cəlb edilməsinin prosessual-hüquqi əsaslarının yoxlanılmasından ibarətdir. Məhkəmə müəyyən edir ki, inzibati xəta haqqında protokolun əsasını Şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın icra edilməməsi faktı təşkil edir. Həqiqətən də, qanuni qüvvəyə minmiş inzibati aktın icrası, İXM-nin 139.1-ci maddəsinin imperativ tələbinə əsasən, bütün hüquq subyektləri üçün mütləq və məcburi xarakter daşıyır. Bu öhdəliyin üzrsüz səbəbdən yerinə yetirilməməsi, idarəçilik qaydaları əleyhinə yönəlmiş müstəqil bir hüquq pozuntusu tərkibi yaradır. Bununla belə, məhkəmə, inzibati məsuliyyətin əsaslarını və hədlərini tənzimləyən fundamental prinsipləri rəhbər tutaraq, istənilən şəxsin məsuliyyətə cəlb edilməsinin yalnız maddi hüquq normalarının deyil, həm də prosessual hüquq normalarının, xüsusilə də məsuliyyətə cəlb etmə müddətlərinə dair tələblərin ciddi şəkildə gözlənilməsi şərtilə mümkün olduğunu bəyan edir. Hüquqi dövlət prinsipinin mühüm təzahürlərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, qanunvericilik proqnozlaşdırıla bilən olsun və subyektləri qeyri-müəyyən müddət ərzində təqib təhlükəsi altında saxlamasın. Bu prinsip, məsuliyyətə cəlb etmə müddətlərinin müəyyən edilməsi və onlara ciddi riayət olunması institutunda özünün bariz ifadəsini tapır. Məhkəmə, İXM-nin 38.1-ci maddəsinə istinad edir. Həmin maddənin birinci cümləsinə görə, inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bu müddətin ötürülməsi, İXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati icraata xitam verilməsi üçün qeyd-şərtsiz və imperativ bir əsasdır. Belə olan halda, məhkəmənin qarşısında duran əsas hüquqi məsələ, İXM-nin 529.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın “törədildiyi gün”ün dəqiq müəyyən edilməsidir. İXM-nin 529.1-ci maddəsinin dispozisiyası, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsini inzibati xətanın obyektiv cəhəti kimi müəyyən edir. Bu, o deməkdir ki, hərəkətsizliklə ifadə olunan bu xəta, qərarın icrası üçün verilmiş 3 aylıq müddətin bitdiyi andan etibarən tamamlanmış hesab olunur və məhz həmin an inzibati xətanın törədildiyi gün sayılır. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə minmə tarixini (10 günlük şikayət vermə müddəti nəzərə alınmaqla) təxminən 2024-cü ilin mart ayının əvvəli kimi qəbul etsək, İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan 3 aylıq icra müddəti 2024-cü ilin iyun ayının əvvəllərində başa çatmışdır. Beləliklə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın tamamlandığı tarix 2024-cü ilin iyun ayıdır. Məhz bu tarixdən – 2024-cü ilin iyun ayından – İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan dörd aylıq inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı başlamışdır. Bu hesablama ilə, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarix 2024-cü ilin oktyabr ayına təsadüf edir. Lakin, iş materiallarından göründüyü kimi, inzibati xəta haqqında protokol 22 iyul 2025-ci il tarixində, yəni qanunla müəyyən edilmiş dörd aylıq müddət bitdikdən təxminən doqquz ay sonra tərtib edilmişdir. Bu fakt, inzibati orqanın öz səlahiyyətlərini İXM-nin 38.1ci maddəsində təsbit edilmiş prosessual müddət çərçivəsindən kənarda həyata keçirdiyini təkzibedilməz şəkildə sübut edir. Məhkəmə vurğulayır ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri, dövlət orqanlarının fəaliyyətini intizamlaşdıran, vətəndaşların hüquqlarını qeyri-müəyyən təhdidlərdən qoruyan mühüm hüquqi təminatdır. Bu müddətlərin ötürülməsi ilə inzibati təqib hüququ dövlət tərəfindən itirilir və bu, maddi sübutların mövcudluğundan və ya şəxsin təqsirlilik dərəcəsindən asılı olmayaraq, icraata xitam verilməsi üçün imperativ əsas yaradır. Səlahiyyətli orqanın öz qərarının icrasına nəzarətdə uzunmüddətli fasiləyə yol verməsi və müddətləri ötürdükdən sonra icraata başlaması qanunçuluq prinsipinə ziddir. Yekun olaraq, Şəxs hərəkətsizliyində İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri formal olaraq mövcud olsa da, inzibati xəta haqqında protokolun tərtib edilməsi anına qədər İXM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 53.1.6, 105.1, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar