Məhkəmə qərarları › İş №3(005)-2627/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2627/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2627/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin MN ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin əməkdaşı Ağa Əliyev tərəfindən X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə istinadən xx.xx.2023-cü il tarixli ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilərək, 100 manat məbləğində şərti cərimə edilmişdir. Aşağıda göstərdiklərinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin əməkdaşı Ağa Əliyev tərəfindən tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqına qərar tamamilə qanunsuzdur və həmin inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilərək, inzibati xətalar haqqında icraata xitam verilməlidir. O, "xxxx" MMC-nin bina sakinləri tərəfindən seçilmiş olan komendantıdır. Həmin şəxs Azərbaycan Respublikası İXM-nin qeydində nəzərdə tutulmuş mənada vəzifəli şəxs deyildir. Çünki hər hansı təşkilati- sərəncamverici və ya inzibati-təsərrüfat səlahiyyətlərini həyata keçirmir və tabeliyində də işçiləri yoxdur, yəni bu baxımdan da vəzifəli şəxs kimi qiymətləndirilə bilməz. Bundan başqa nəzərinizə çatdırmaq istəyirik ki, onun barəsində inzibati tənbehin tətbiq edilməsi barədə Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinə şikayət şəxsi zəmində olan məsələ ilə bağlı edilmişdir. Belə ki, X6 ‘'Nərimanov-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yeni komendantı olaraq çalışır. Həmin binanın sakini olan X3 tərəfindən icarəyə verilmiş "xxxx" MMC tərəfindən uzun müddətdir ki, kommunal xərclərə dair borclar ödənilmir. Belə ki, Nərimanov-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti bina sakinləri tərəfindən xidmətlərin göstərilməsi məqsədilə yaradılmış və xidmətlərin göstərilməsinə dair müqavilə bina sakinləri tərəfindən qol çəkilmişdir. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən ümumi qəbul edilmiş qərarla MMC ilə müvafiq müqavilə əsasında hər ay kommunal xidmətlər üçün müəyyən edilmiş məbləğ ödənilməlidir. Lakin uzun müddətdir ki, "Al Market” MMC tərəfindən kommunal xərclərə dair borclar ödənilmir. X5 bu barədə xəbərdarlıq edilsə də, Mirzəyev Tural tərəfindən kommunal borcların ödənməyəci qətiyyətli şəkildə bildirilmişdir. Bildirmək istəyirik ki, ödənməmiş kommunal xərclərlə bağlı mübahisə hal- hazırda Binəqədi Rayon Məhkəməsində icraatdadır. Məlumat üçün bildirmək istəyirik ki, Mirzəyev Tural tərəfindən bina sakinlərinin asayişi pozulur, onlara qarşı hörmətsiz davranışlar sərgilənir. Mirzəyev Tural tərəfindən X6 da cərimə olunacağına dair hədələnmişdir. Nəticədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətinin əməkdaşı Ağa Əliyev tərəfindən X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə istinadən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qanunsuz Qərar qəbul edilərək, 100 manat məbləğində şərti cərimə tətbiq edilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, X6 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunvericiliklə müəyyən edilmiş məqsədinə uyğun gəlmir, məhz X2 cərimə inzibati tənbehinin tətbiqi məqsədi daşıyır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. İş materiallarının qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X6 barəsində xx.xx.2023-cü il tarixdə onun tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması əsası ilə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 "xxxx" MMC-nin komendantı seçilmişdir. Səlahiyyətli orqan tərəfindən isə inzibati xəta aşkar edilən zaman X1 müəyyənləşdirməmiş və onun həmin MMC-də vəzifəli şəxs olub-olmaması aydınlaşdırılmamış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən vəzifəli şəxs olaraq 100 manat şərti cərimələmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2023-cü il tarixdə İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X2 21 avqust 2023-cü il tarixdə vəzifəli şəxs olaraq yanğın təhlükəsizliyi qaydalarını pozmasını müəyyən etmək mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, MN ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən qəbul edilmiş MN ******* nömrəli qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar