Məhkəmə qərarları › İş №3(005)-2643/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2643/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2643/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru X6 oğlunun Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, vətəndaş Şəxs barəsində Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə döyməsi faktına dair xx.xx.2022-ci il tarixdə təhqiqat tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2643/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2338/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakiminin 3(005)-2643/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərarının Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməsi və işin yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Global Electronics” adlı kompyuter avadanlıqlarının satışı və təmiri olan obyekti icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun obyektinə gələrək 40 manat ödəniş edərək ondan 01 ədəd monitor aldığını və işləmədiyini bildirmişdir. O da həmin şəxsə monitoru təmir edə biləcəyini dedikdə o, pulunu geri istəmişdir. O da həmin şəxsə monitoru uzun müddət qabaq aldığı üçün qaytarmasının mümkün olmadığını dedikdə həmin şəxs onu təhqir etməyə başlamış və onu çölə çağırmışdır. Aralarında olan münaqişə zamanı həmin şəxsi döyməmişdir, ona heç bir xəsarət yetirməmiş və heç bir hədə-qorxu gəlməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən “Dəniz” adlı marketin yanında fəaliyyət göstərən kompyuter avadanlıqlarının satışı və təmiri mağazasından 40 manat ödəniş etməklə monitor almışdır. Lakin bir müddət sonra həmin avadanlıqda nasazlıq yarandığı üçün həmin monitoru xx.xx.2022-ci il tarixdə, saat təxminən 14:40 radələrində aldığı yerə aparmış və monitoru ona satan adını bilmədiyi şəxsə vəziyyəti izah edərək monitorun təmir edilməsini, ya da geri qaytarılmasını tələb etmişdir. Həmin şəxs onunla kobud danışaraq çıxıb getməyini tələb etmişdir. Yanında olan digər şəxs də müdaxilə edərək ona qarşı hədə-qorxu gələrək çıxıb getməyini tələb etdikdə aralarında söz mübahisəsi yaranmış və mübahisə zamanı monitoru ona satan şəxs sol qol nahiyyəsindən digər şəxs isə onun boğaz nahiyyəsindən tutaraq onu zorla mağazadan çıxarmışlar. Həmçinin ona qarşı hədə-qorxu gələrək onu qorxutmağa çalışmışlar. Lakin hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdıqlarını və ona dəymiş ziyanın ödənildiyini bildirərək inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 çıxış edərək, Şəxs hərəkətlərində qərəzlilik olmadığını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışdıqlarını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : 31 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs döymüşdür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, əməli törətmiş vətəndaşlar Şəxs və X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi məqəsdi ilə qərarın surətinin Nərimanov RPİ-nin 17-ci PŞ-nin aidiyyati əməkdaşlarına həvalə olunması üçün təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 avqust 2022-ci il tarixli qərarında istinad olunmuş Məhkəmə-Tibbi Ekspertizasından alınmış xx.xx.2022-ci il tarixli, 771 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədə görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Bu səbəbdən də barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslə barışdığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs zərərçəkmiş şəxslə barışdığından, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar