Məhkəmə qərarları › İş №3(005)-2657/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2657/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2657/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş 02 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospekti 61/68 ünvanında yerləşən kioskdan ümumi dəyəri 250 manat olan 10 ədəd elektron siqaret oğurlamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 məhkəmə iclasında protokola uyğun çıxış edərək bildirmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-nə müraciət edərək xx.xx.2022ci il tarixdə, gecə saat 02:00 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 19 ünvanında yerləşən işlədiyi kioskdan bir nəfər naməlum şəxsin müştəri qismində kioska yaxınlaşaraq onun fikrinin yayınmasından istifadə edib kioskun qarşısına qoyulmuş 140 manat dəyərində 10 ədəd elektron siqareti oğurlamasını bildirmişdir. X7 xx.xx.2022-ci il tarixdə ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-nə müraciət edərək təxminən 20 gün öncə gecə saat 21:30 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 61/68 ünvanında yerləşən kioskdan bir nəfər naməlum şəxsin müştəri qismində kioska yaxınlaşaraq onun fikrinin yayınmasından istifadə edib kioskun qarşısına qoyulmuş 250 manat dəyərində 10 ədəd elektron siqareti oğurlamasını bildirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 25 iyul 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirmişdir ki, əvvəllər mebel ustası kimi fəaliyyət göstərmişdir. Son zamanlar işləmədiyindən maddi vəziyyəti pisləşmiş və pula ehtiyacı olmuşdur. Buna görə də çarəsizlikdən oğurluq edib maddi vəziyyətini bir qədər yaxşılaşdırmaq qərarına gəlmiş və oğurluq etmək üçün uyğun olan yeri axtarmağa başlamışdır. Buna görə də təxminən 20-25 gün bundan öncə saat 21:00 radələrində Bakı şəhəri, Ziya Bünyadov küçəsində gəzişərək oğurluq etmək üçün münasib olan yerin və şəraitin olduğu yeri axtarmışdır. Həmin gün saat 21:30 radələrində ünvan 4 ünvanda yerləşən kioska yaxınlaşmışdır. Həmin kioskda bir nəfər cavan oğlan satıcı işləmişdir. O kioskun pəncərəsinin qarşısındakı elektron siqaretləri oğurlamaq üçün satıcının fikrini yayındırmaq qərarına gəlmiş və ona bir neçə müxtəlif çeşidli məhsullardan ona verməsini istəmişdir. Satıcı onun sifariş etdiyi məhsulları vermək üçün kioskun içərisində məhsullara baxarkən o, kioskun pəncərəsindən çöldə olan 10 ədəd elektron siqaretləri oğurlayaraq belində olan idman çantasının içərisinə qoymuşdur. Oğurladığı elektron siqaretləri çantaya qoyduqdan sonra satıcıya dostu ilə birlikdə qayıdacağını deyib oradan uzaqlaşmışdır. Satıcı onun elektron siqaretləri oğurladığını görməmişdir. Həmin yerdən uzaqlaşdıqdan sonra oğurladığı elektron siqaretləri satmaq üçün ünvan 5 ünvanında yerləşən kioska yaxınlaşmışdır. Adını sonradan bildiyi Xəlil adlı satıcıya yaxınlaşıb elektron siqaret satmaq istədiyini bildirmişdir. Həmin satıcıya siqaretlərin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Xəlil adlı satıcı isə elektron siqaretlərə baxdıqdan sonra bir ədəd elektron siqareti 9 manata olmaqla ümumilikdə 10 ədəd siqareti 90 manata Xəlilə satmışdır. Həmin 90 manat pulu isə bir neçə gün müddətində şəxsi ehtiyaclarına xərcləmiş və yenidən pulu qurtarmışdır. Buna görə də o yenidən oğurluq etmək qərarına gəlmiş və xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Ziya Bünyadov küçəsində gəzişərək oğurluq etmək üçün münasib olan yerin və şəraitin olduğu yeri axtarmışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 6 ünvanda yerləşən kioska yaxınlaşmışdır. Həmin “kiosk”da bir nəfər cavan oğlan satıcı işləmişdir. O kioskun pəncərəsinin qarşısındakı elektron siqaretləri oğurlamaq üçün satıcının fikrini yayındırmaq qərarına gəlmiş, üzərində bir neçə müxtəlif çeşidli məhsulların olduğu siyahını satıcıya verib həmin siyahıdakı məhsulları ona verməsini istəmişdir. Satıcı onun sifariş etdiyi məhsulları vermək üçün kioskun içərisində məhsullara baxarkən o kioskun pəncərəsindən çöldə olan 10 ədəd elektron siqaretləri oğurlayaraq belində olan idman çantasının içərisinə qoymuşdur. Oğurladığı elektron siqaretləri çantaya qoyduqdan sonra satıcıya dostu ilə birlikdə qayıdacağını deyib oradan uzaqlaşmışdır. Satıcı onun elektron siqaretləri oğurladığını görməmişdir. Həmin yerdən uzaqlaşdıqdan sonra oğurladığı elektron siqaretləri satmaq üçün ünvan 5 ünvanında yerləşən kioska yaxınlaşmış, Xəlil adlı satıcıya yenidən yaxınlaşıb elektron siqaret satmaq istədiyini bildirmişdir. Xəlilə siqaretlərin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Xəlil isə elektron siqaretlərə baxdıqdan sonra məlum olmuşdur ki, həmin elektron siqaretlərdən biri qırıqdır. Həmçinin məlum olmuşdur ki, həmin elektron siqaretlərin tüstüsü digərlərinə nisbətən azdır. Buna görə də Xəlil bir ədəd elektron siqareti 6 manat 50 qəpiyə olmaqla, ümumilikdə 09 ədəd siqareti 58 manat 50 qəpiyə ala biləcəyini bildirmişdir. O, buna etiraz etmədiyindən oğurladığı 09 ədəd elektron siqareti 58 manat 50 qəpiyə Xəlilə satmışdır. Qırıq olan elektron siqareti isə yaxınlıqdakı zibil qutusuna tullamışdır. Son olaraq əməlindən səmimi peşmanlıq çəkdiyini qeyd edib barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, X6 və X4 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Şəxs X5 dəymiş ziyanı ödəməməsi və onunla barışmaması səbəbindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün həmin maddə ilə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 28.3-1. maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə cinayət işinin rədd edilməsi haqqında qərarı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərər çəkmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşmanlıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar