Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2659/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, X1, X6, X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, 25 .07.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs borclu qismində tərəf olduğu icra sənədlərini (Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-111/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3953/2022-009 nömrəli, xx.xx.2022-ci it tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1775/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri) icra etməmiş və icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X12 protokolu müdafiə edərək, bügünədək heç bir məbləğdə pul vəsaiti ödənilmədiyini bildirmiş, ümumilikdə iki yüz min manata yaxın borc yığıldığını qeyd edərək borclu Şəxs barəsində qanunvericiliklə müəyyən edilmiş tədbir görülməsini məhkəmədən xahiş etdi. Qeyd etdi ki, hazırda icra sənədləri bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, üzərində ödənilməmiş məhkumluğu olması ilə bağlı olaraq iş tapa bilməmişdir. Bu səbəbdən borcunu ödəyə bilməmişdir. Artıq məhkumluğu ödənmişdir və ayın birindən iş üçün müraciət edəcəkdir. Bugün ödəniş etdiyini bildirsə də, həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bir iki ay möhlət verilməsini xahiş edərək, birinci gün yenə 500 manat ödəyəcəyini qeyd etdi. Məhkəmənin sualına cavab olaraq, hazırkı dövrə qədər Məşğulluq Xidmətinə müraciət etmədiyini, iş tapmaq üçün özünün cəhd etdiyini qeyd etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, Şəxs onun avtomobilini ələ keçirib, satıb pulu ona verməyib və bu müddət ərzində borcunu qaytarmadığını söyləyərək pulun tam şəkildə ödənilməsini tələb etmişdir. Əks halda cəzalandırılmasını tələb etmişdir Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X13 bildirmişdir ki, Şəxs dediyi sözlər yalandır, 4 ildir heç bir ödəniş etmədiyini, sonuncu məhkəmə iclasında da borcun qaytaracağını bildirsə də, indiyədək heç bir ödəniş etmədiyini bildirmiş və borcun tam qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X14 bildirmişdir ki, Şəxs maşın alqı satqısı üçün 39000 AZN və 45000 ABŞ dolları pul borc verdiyini borcun indiyədək qaytarmadığını bildirmişdir. Borcu tam qaytarılmasını tələb etmişdir və onun cəzalandırılmasını tələb edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-111/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, mülki iddia tam təmin edilmiş və mülki cavabdeh (təqsirləndirilən şəxs) Şəxs maddi ziyana görə 26225 manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1775/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 27200 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 218,50 manat iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 19490 (on doqquz min dörd yüz doxsan) manat tutularaq X10 ödənilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3953/2022 nömrəli, xx.xx.2022-ci il tarixli sənədindən görünür ki, cavabdeh Şəxs 36000 ABŞ dolları, 4500 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla 34000 manat və 5100 manat) tutularaq iddiaçı X11 verilməsi qət edilmişdir Məhkəmədə tədqiq edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarlardan və həmin tarixli bildirişlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3953/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 435/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1775/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-111/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Bir neçə sənədin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-435/2021 nömrəli, xx.xx.2021ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 (005)-111/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3953/2022- 009 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1775/2022-008 nömrəli, xx.xx.2022-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2035/2020 nömrəli, xx.xx.2020-ci il və Bakı şəhər 3 saylı Notariat Kontorunun 8İ4127 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinə əsasən Nərimanov rayon icra şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 184860/2022 № ilə birləşdirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1570/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərar alınmışdır. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, icra sənədlərinin surətlərini, tərəflərin və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi izahatları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. İşin materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Bakı şəhərinin müxtəlif rayon məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş bir neçə icra sənədi (o cümlədən cinayət işi üzrə mülki iddianın təmin edilməsinə dair hökmlə bağlı icra sənədləri) üzrə borclu olan Şəxs üzərinə qoyulmuş külli miqdarda borc öhdəliyini uzun müddət ərzində icra etməkdən yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə qərarlarının icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuru tərəfindən borcluya icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər təqdim edilsə də, icra sənədlərində göstərilən tələblər bu günədək icra olunmamışdır. Borclunun bu davamlı hərəkətsizliyi, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini təşkil edir. Barəsində icraat aparılan şəxs Şəxs, borclarını ödəyə bilməməsini üzərində olan məhkumluq səbəbindən iş tapa bilməməsi ilə əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə bu dəlili üzrlü səbəb kimi qəbul etmir. Belə ki, şəxsin işlə təmin olunması üçün Dövlət Məşğulluq Xidməti mövcuddur. Şəxs özünün də etiraf etdiyi kimi, iş axtarışı ilə bağlı rəsmi qaydada Məşğulluq Xidmətinə müraciət etməmiş, öz üzərinə düşən bu aktiv hərəkəti yerinə yetirməmişdir. Bu isə onun borcların ödənilməsinə laqeyd yanaşmasını və məhkəmə qərarlarının icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığını göstərir. Onun məhkəmə iclası zamanı cüzi məbləğdə ödəniş etdiyini bildirməsi, lakin bunu təsdiq edən sənədi təqdim edə bilməməsi, eləcə də gələcəkdə ödəniş edəcəyinə dair verdiyi vədlər, illərdir davam edən və ümumi məbləği yüz minlərlə manat olan borc fonunda onun islah olunmadığını və məhkəmə qərarlarına hörmətsizliyini nümayiş etdirir. Məhkəmə, İXM-nin 32-ci maddəsinin tələblərinə uyğun olaraq, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hər hansı bir hal müəyyən etməmişdir. Onun qismən peşmançılıq ifadə etməsi, lakin bunu konkret əməllərlə (borcun əhəmiyyətli hissəsinin ödənilməsi, işə düzəlmək üçün real addımların atılması) təsdiqləməməsi səmimi peşmançılıq kimi qiymətləndirilə bilməz. Məhkəmə, İXM-nin 33-cü maddəsinin tələblərinə uyğun olaraq, Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal kimi onun eyni xarakterli əməli təkrar törətməsini müəyyən edir. İş materiallarından göründüyü kimi, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra bir il ərzində eyni hərəkətsizliyi davam etdirməsi (icra sənədlərini icra etməməsi) İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran haldır. Həmçinin, bir neçə icra sənədi üzrə və bir neçə zərərçəkmiş şəxsə qarşı öhdəliyin uzun müddət ərzində icra edilməməsi əməlin davamlı və inadkar xarakter daşıdığını göstərir ki, bu da tənbeh təyin edilərkən nəzərə alınmalıdır. İXM-nin 21-ci maddəsi inzibati tənbehin məqsədinin həm də şəxsin islah olunması və yeni xətaların qarşısının alınması olduğunu təsbit edir. Şəxs barəsində əvvəllər tətbiq edilmiş cərimə növündə inzibati tənbeh onun islah olunmasına və məhkəmə qərarlarının icrasına başlamasına kifayət qədər təsir göstərməmişdir. Zərərçəkmiş şəxslərin məhkəmədəki çıxışları və tələbləri də göstərir ki, borclunun hərəkətsizliyi onların qanuni mənafelərini ciddi şəkildə pozmaqda davam edir. Məhkəmə həmçinin nəzərə alır ki, Şəxs üzərinə qoyulmuş borcların əhəmiyyətli bir hissəsi dələduzluq və digər cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. Bu, onun hərəkətsizliyinin sadəcə bir mülki öhdəliyin icra edilməməsi olmadığını, cinayət nəticəsində bərpa olunmalı olan ədalətin təmin edilməsinə birbaşa mane olduğunu göstərir. Bütün bu halların məcmusunu – törədilmiş xətanın davamlı və inadkar xarakterini, məsuliyyəti ağırlaşdıran halın mövcudluğunu, əvvəl tətbiq edilmiş tənbehin təsirsizliyini, zərərçəkmiş şəxslərin hüquqlarının kobud şəkildə pozulmasını və borclunun islah olunmağa meylli olmamasını – nəzərə alaraq, məhkəmə hesab edir ki, İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehinin təkrar tətbiqi qeyri-effektiv və qeyri-mütənasib olardı. Belə şəraitdə, İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş tənbeh məqsədlərinə nail olmaq üçün yeganə adekvat tədbir, onun cəmiyyətdən müvəqqəti təcrid edilməsini nəzərdə tutan inzibati həbs növündə tənbehin tətbiq edilməsidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 25 iyul 2025-ci il tarixdən, saat 18:55-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2659/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2659/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver