Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2662/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X4 iştirakı ilə, X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyi Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarına əsasən, onun tərəfindən Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilmişdir. Qeyd edilən halla bağlı o bildirir ki, daha öncə də məhkəməyə şikayət etmişdir və məhkəmənin qərarı əsasında yenidən araşdırma aparılması üçün iş geri göndərilmişdir. Bakı şəhər DYPİ tərəfindən yenidən araşdırma aparılmamış və onun cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi ona qarşı qərəzli mövqe göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir və barəsində qəbul edilən qərar qanunsuz və əsassızdır. Məhz bu səbəbdən qeyd edilən qərar ləğv edilməlidir. Məhkəmə iclasında X7 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, onun daşıdığı yüklə bağlı heç bir rəy olmadan, yəni avtomobildəki yükün çəkisi müəyyən edilmədən onu polis bölməsinə aparmışlar. Bölmədən azad edildikdən sonra avtomobilinin cərimə meydançasına aparıldığını görmüşdür. Cərimə meydançasında isə ona avtomobilin konstruksiyasına dəyişiklik edildiyi bildirilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X6 məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilə baxış keçirilən zaman mütəxəssis dəvət edilməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhər BPİ-nin DYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X8 bildirmişdir ki, o və digər polis əməkdaşları X3 avtomobilin yük hissəsini açmasını tələb etmişlər. Onlar avtomobildə partlayıcı və ya sair təhlükəli maddələr olmasından ehtiyat etmişlər. Lakin vətəndaş baxışdan imtina etmişdir. Bu zaman isə X7 avtomobildəki yükün norma ilə müəyyən edilmiş çəkidən artıq olduğunu etiraf etmişdir. Yükün çəkilməsi üçün birlikdə dayanacağa getmək təklif edilən zaman X7 imtina etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilə ilkin vizual baxış zamanı avtomobildə nasazlıq aşkar etmişlər və sürücü isə dövlət tərəzisi ilə yükün çəkilməsini tələb etmişdir. Post-Patrulu vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi üçün çağırmışlar. Bəzən portalla vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Avtomobildə daşınılan yükün çəkisinə dair sənəd onlarda yoxdur. Həmçinin avtomobilə əlavə avadanlığın quraşdırılması ilə bağlı halların müəyyən edilməsi üçün tərəflərindən mütəxəssis dəvət edilməmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 327.1, 342.2.2 və 342.5-ci maddələri ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X7 tərəfindən yük daşıma qaydalarının, həmçinin nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozmasına və nəqliyyat vasitəsinin istismarına görə İXM-nin 327.1, 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 30 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X4 xx.xx.2023-cü il tarixdə İXM-in 327.1, 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X4 22 iyul 2023-cü il tarixdə tərəfindən yük daşıma qaydalarının pozulması və nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozmasına və nəqliyyat vasitəsinin istismar etməsi müəyyən etmək mümkün deyildir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən X5 məxsus avtomobilə baxış keçirilən zaman xüsusi biliyə malik olan şəxs, yəni mütəxəssis dəvət edilməmiş, sadəcə olaraq polis əməkdaşı tərəfindən avtomobilə baxış keçirilərək protokol tərtib edilmişdir. Bununla da avtomobildə nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozulmasının polis əməkdaşları tərəfindən müəyyən edilməsi mümkünsüzdür. Həmçinin onun avtomobilində daşıdığı yükün çəkisi polis əməkdaşları tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş TP ******* nömrəli, 30 avqust 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 30 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.2 və 342.5-ci maddələri ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 30 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X13 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2662/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2662/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver