Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2666/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 28 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1257/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. İcra sənədi Nərimanov Rayon İcra Şöbəsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, icra sənədi şöbənin icraatına xx.xx.2024cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına müvafiq bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına hər-hansı əmlak və ya gəlirlər aşkar edilməmişdir. Borcludan xx.xx.2024-cü il tarixdə izahat alınmış, borclu borcunu gəlirinin olmaması səbəbindən ödəyə bilmədiyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq sonuncunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya bu gün təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, bildiriş ona çatdırılmamışdır. Barəsində olan icra sənədindən xəbərdar deyil. Barəsində olan icra sənədindən və bildirişdən yalnız icra şöbəsində olarkən xx.xx.2024-cü il tarixdə izahat verərkən məlumat verilib. Həmin tarixdən əvvəl ona bu barədə hər hansı bir məlumat verilməyib, rəsmi qaydada bildiriş çatdırılmayıb. Ona görə də o həmin icra sənədini icra etməkdən yayınmamışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş məhkəmə qərarları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1257/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədardır. Borclu üçün həmin icra sənədinin icrasına dair könüllü icra müddəti müəyyən edilmişdir. Həmin müddətin başlanğıcı borclunun bu barədə rəsmi məlumatlandırıldığı gündən hesablanır. Adından da göründüyü kimi, könüllü icra müddəti ərzində borclu icra sənədlərini icra etməkdə könüllüdür. Ona görə də həmin könüllü icra müddətinin sonuna qədər gözlənilib, borclunun bu müddət ərzində icra sənədlərini könüllü icra etmək hüququ təmin edilməlidir. İcra məmuru tərəfindən təqdim edilmiş protokol və əlavə edilmiş sənədlərdən, icra işinin materiallarından könüllü icra müddəti barədə göndərilmiş bildirişlərin borcluya vaxtında rəsmi qaydada çatdırılması, borclunun həmin bildirişləri alması, lakin bildirişdə göstərilmiş könüllü icra müddəti bitsə də, icra sənədlərinin icra edilməməsi müəyyən edilmir. Həmin bildirişin vaxtında çatdırılmasına dair sübut mövcud deyildir. Məhkəmə iclasında araşdırılmış sənədlərdən borclunun könüllü icra barədə məlumatlandırılmasının yalnız xx.xx.2024-cü il tarixdə borclunun izahatı alınarkən baş tutması müəyyən edildi, ona görə də könüllü icra müddəti bitməmişdir. İcra işi də məhkəmə iclasında öyrənilmiş, həmin tarixdən əvvəl borclunun məlumatlandırılması iş materialları ilə təsdiq edilmir. Çünki həmin tarixdən əvvəlki hər hansı bir vaxtda bildirişlərin çatdırılması və icra sənədləri barədə məlumatlandırma barədə sübut mövcud deyildir. Belə olduğu təqdirdə könüllü icra müddəti barədə məlumatlandırıldığı vaxtdan həmin könüllü icra müddəti üçün müəyyən edilmiş vaxt keçmədən, şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinə bilməz, həmçinin məlumatı olmayan sənədin icrasında şəxs təqsirli sayıla bilməz, bu cür vəziyyətdə şəxsin əməlindən inzibati xəta tərkibi mövcud olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2666/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2666/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver