Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2669/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X1, Zərər çəkmiş şəxs – X2 Müdafiəçi – Bakı şəhəri “Kermur” Vəkil Bürosunun vəkili Vəkil Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-cimaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X4 protokolu müdafiə edərək şəxs barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, hadisə yerinə gəldikdə polis əməkdaşına nə baş verdiyini soruşmuş, onlarda ofis işi ilə bağlı şikayət daxil olduğu üçün gəldiklərini bildirmişlər. Bütün hadisə kameranın qarşısında olmuş, telefonda polis əməkdaşı ilə danışmamışdır. Həmin vaxt sadəcə işçisi ilə telefon əlaqə saxlamış, polis əməkdaşları onu şöbəyə dəvət etdiyi üçün onlarla birlikdə heç bir etiraz və tabesizlik göstərilmədən maşına əyləşərək getmişdir. Polis əməkdaşına telefonda hədə-qorxu gəlməmiş, təhqir etməmiş, bu səbəbdən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 çıxış edərək bildirmişdir ki, vətəndaş Elgün Həsənov RPŞ-ə müraciət edərək, “Avropa Qapıları” kimi qeyd olunan şirkətə qapı hazırlanması üçün sifariş verdiyini, bunun üçün 300 manat ödəniş etməsinə baxmayaraq, sifarişin vaxtında çatdırılmadığını bildirmişdir. Dəfələrlə çağırılmasına baxmayaraq, şirkətin rəhbərləri izahat vermək üçün gəlməmiş, bu səbəbdən həmin şirkətə özü getməli olmuşdur. Şirkətə girdikdə onu birinci Tağıyev Baba adlı şəxs qəbul etmiş, özünü millət vəkili kimi təqdim edib söhbət etdikdən sonra getmişdir. Daha sonra bir nəfər xanım əməkdaş telefonu ona uzatmış, bu zaman telefonda özünü Şəxs kimi təqdim edən şəxs dərhal oranı tərk etmələrini, əks halda gəlib orada onu sürüyəcəklərini bildirərək, hədə-qorxular gəlmişdir. Bu zaman ona iradlarını bildirmiş, polis əməkdaşı olduğunu xatırlatmışdır. Lakin, həmin şəxs qeyd olunanlara əməl etməmişdir. Bu səbəbdən şöbəyə məlumat vermiş və PPX dəvət etmişdir. Bir müddət sonra Şəxs idarəyə gəlmiş və şöbəyə dəvət edilmişdir. Lakin, polis əməkdaşlarının tələblərinə tabe olmayaraq, ilk öncə getməkdən imtina etmişdir. Daha sonra isə şöbəyə aparılmışdır. Hazırda özünə qarşı edilmiş kobud rəftarı təhqir kimi qəbul edir və ictimai qaydanın pozulduğunu düşünür. Bundan əlavə, Şəxs PPX avtomobilinə minmək istəməməsini polisin qanuni tələblərinə tabe olmamaq kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 çıxış edərək bildirmişdir ki, sözügedən hadisə vaxtı həmin yerdə polis əməkdaşları ilə birgə olmuşdur. Bu zaman Şəxs telefonda olarkən polis əməkdaşı ilə kobud rəftar etmişdir. Telefonda danışılan sözləri eşitməsə də, qarşı tərəf əsəbiləşdiyindən kobudluq edildiyini anlamışdır. Daha sonra Şəxs idarəyə gəlmiş və polis əməkdaşları ilə birgə şöbəyə getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə toplanmış materialları, tərəflərin və şahidlərin məhkəmə istintaqı zamanı verdiyi izahatları, təqdim edilmiş videogörüntünü hərtərəfli, tam və obyektiv tədqiq etdikdən sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə uyğun olaraq sübutların məcmusunu qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkiblərinin mövcudluğu sübuta yetirilməmişdir. İXM-in 3-cü maddəsi inzibati məsuliyyətin yaranması üçün şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində) inzibati xəta tərkibinin bütün əlamətlərinin olmasını imperativ qaydada tələb edir. İnzibati xəta tərkibinin hər hansı bir elementinin olmaması isə, İXM-nin 53.1.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün qeyd-şərtsiz əsasdır.
1. İXM-nin 510-cu maddəsi (xırda xuliqanlıq) üzrə təhlil: Xırda xuliqanlıq xətasının obyektiv cəhəti ictimai qaydanı və əhalinin dincliyini pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdə təzahür edir. Bu o deməkdir ki, hüquqazidd əməl ictimai məkanda, üçüncü şəxslərin müşahidəsi altında törədilməli və açıq-aşkar şəkildə mövcud davranış qaydalarını nümayişkaranə şəkildə pozmalıdır. Subyektiv cəhətdən bu xəta qəsdən törədilir və şəxsin niyyəti cəmiyyətə hörmətsizlik göstərməyə yönəlir. İnzibati protokol tərtib edən orqan və şahid qismində dindirilmiş polis əməkdaşı iddia edir ki, Şəxs telefon danışığı zamanı onun ünvanına nalayiq və hədələyici ifadələr işlətmişdir. Lakin məhkəmə qeyd edir ki, telefon vasitəsilə iki şəxs arasında baş tutan danışıq, məzmunundan asılı olmayaraq, ictimai xarakter daşımır və ictimai qaydanın pozulması kimi tövsif edilə bilməz. Belə bir danışıq üçüncü şəxslər tərəfindən eşidilmir, ictimai asayişə və əhalinin dincliyinə təsir göstərmir. Buna görə də, hətta bu iddianın sübuta yetirildiyi təqdirdə belə, Şəxs əməlində xırda xuliqanlığın obyektiv cəhətinin əsas elementi – ictimai qaydanın pozulması – mövcud deyildir. Bundan əlavə, təqsirləndirilən şəxs bu iddianı qəti şəkildə rədd edir və inzibati orqan tərəfindən telefon danışığının məzmununu təsdiq edən heç bir mötəbər sübut (səs yazısı, rabitə müəssisəsindən alınmış məlumat və s.) məhkəməyə təqdim edilməmişdir.
2. İXM-nin 535.1-ci maddəsi (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) üzrə təhlil: Bu inzibati xətanın tərkibi, şəxsin polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən irəli sürdüyü qanuni tələblərə qəsdən və aktiv şəkildə tabe olmamasında ifadə olunur. Tabe olmama özünü fiziki müqavimət göstərməkdə, əmrləri icra etməkdən açıq şəkildə imtina etməkdə və digər bu kimi hərəkətlərdə göstərməlidir. Şahid polis əməkdaşı iddia edir ki, Şəxs polis şöbəsinə getmək tələbinə ilkin olaraq tabe olmamışdır. Lakin, barəsində icraat aparılan şəxs bu iddianı rədd edir və bildirir ki, heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birgə şöbəyə getmişdir. Bu ziddiyyətli ifadələri obyektiv qiymətləndirmək üçün məhkəmə qarşı tərəfindən təqdim etdiyi videogörüntünü tədqiq etmişdir. Həmin videogörüntüdən aydın şəkildə görünür ki, Şəxs polis əməkdaşları ilə mübahisə etmədən, heç bir fiziki və ya şifahi müqavimət göstərmədən Post Patrul Xidməti avtomobilinə əyləşir. Videogörüntüdə polis əməkdaşının qanuni tələblərinə tabesizliyi təsdiq edən heç bir epizod mövcud deyildir. İXM-in 8.2-ci və 8.3-cü maddələrində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və onun təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Hazırkı işdə, inzibati orqanın təqdim etdiyi şifahi iddialar, barəsində icraat aparılan şəxsin izahatı və obyektiv sübut olan videogörüntü ilə təkzib olunur. Belə olan halda, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Nəticə etibarilə, məhkəmə hesab edir ki, təqdim edilmiş materiallarda Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibini yaradan hər hansı bir mötəbər və kifayət qədər sübut mövcud deyil. Protokolda qeyd olunan iddialar subyektiv mülahizələrə əsaslanır və obyektiv sübutlarla təsdiqlənmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, polisin qanuni tələblərinə tabe olmamaqla bağlı və qeyd edilən maddələrin dispozisiyasında göstərilən hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında işə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 43, 53, 105, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kamal Babayev